UŞAQ QORXULARI

QorrxuƏlbəttə ki, qorxuların böyük əksəriyyəti uşaqlığımızla bağlıdır, lakin unutmaq lazım deyil ki, böyük yaşda olan insanların da həyatlarında qorxular var. Bəziləri uşaqlıqda “həll edilməmiş”, bəziləri isə sonradan yaranmış qorxulardan əziyyət çəkirlər. Yaxınlarının ölümü, işini itirmək, ailədə xəyanət, qocalıqda tək qalmaq və s. halları misal kimi göstərmək olar.

Sadalananların böyük əksəriyyəti “normal narahatlıq hissi” kimi görünsə də, bəzən onlar həyatımızı rahat yaşamağımıza mane olurlar. Bu qədər ciddi qorxuların mənbəyində uşaqlıq qorxularımızın durduğunu nəzərə alsaq, mövzumuz məhz uşaq qorxularına həsr olunur.

Uşaq qorxularına diqqət ayırmaq lazımdırmı?

loading...

Böyüklər çox nadir hallarda uşaqların keçirdiyi qorxuları ciddiyə alırlar. Reallığı daha şüurlu şəkildə qəbul edən bizə, uşaqların hansısa “xortdandan”, qaranlıqdan, digər şeylərdən qorxması və bu qorxuların səbəbini başa düşmək çətin gəlir. Adətən valideynlər bu hallara o vaxt diqqət yetirirlər ki, artıq qorxular faciəvi şəkil alıb, uşaqların həyatına ciddi, aşkar təsir göstərir: uşaq yuxuya gedə bilməyib valideynlərini gecə yarısı yuxudan oyadanda, bərk qorxub kəkələməyə başlayanda, bağçaya, məktəbə getməyə qəti etiraz edəndə, liftə tək daxil ola bilməyəndə və buna oxşar digər hallar ortaya çıxanda.

Psixoloqların araşdırmalarına görə valideynlərin bir çoxu uşaqlarının keçirdiyi qorxulardan xəbərsizdir. Sizə sual verim: uşağınızla axırıncı dəfə qorxular haqqında nə vaxt müzakirə aparmısınız? (Cavabı şərhdə yaza bilərsiniz)

Müşahidələr göstərir ki, eyni yaş qrupuna aid olan uşaqlar demək olar ki, oxşar qorxuları keçirirlər.

Müxtəlif yaş qruplarında uşaqlara xas olan hansı təbii qorxular var?

Yeni doğulan körpələr refleks şəklində ani səslərdən, düşən əşyalardan, yaxınlaşan böyük əşyalardan qorxurlar.

7 aydan etibarən ananın uzun müddət yoxluğundan qorxmağa başlayırlar. Bu qorxu açıq şəkildə 2.5-3 yaşa qədər özünü göstərir.

8 aydan etibarən tanış olmayan insanlara qarşı qorxu yaranır. Adətən 2 yaşa qədər keçib gedir.

İki yaşa qədər uşaqlarda ani səslərdən, hündürlükdən, heyvanlardan, hərəkət edən nəqliyyatdan, tək qalmaqdan, ağrıdan, iynədən, qaranlıqdan qorxu yaranır.

İki yaşdan sonra – iynədən, tibb işçilərindən, tənhalıqdan (tək qalmaqdan, ana tərəfindən tərk edilməkdən) qorxular yaranır. Qorxulu yuxular görməyə başladığı üçün yuxuya getmək qorxusu yaranır.

Üç yaşında cəzalar qarşısında qorxu yaranır. Uşağınıza cəzalar verərkən onlara travma yaşatmamaq üçün bu haqqda yazdığım məqaləni oxuya bilərsiniz (“Uşaqları necə cəzalandırmaq olar?”).

Nə qədər qəribə görünsə də, bu qorxu nağılların mənfi qəhrəmanlarında özünü göstərir. Uşağın yuxu və fantaziyalarında hirsli valideynlər bu mənfi nağıl qəhrəmanlarına çevrilirlər. Həmçinin tənhalıq, qaranlıq, bağlı məkan, su, nəqliyyat, heyvan, qəribə məxluqlar, ruhlar və divlərdən qorxular yaranır.

5 yaşdan 9 yaşa qədər – əlil olmağa, əlsiz, ayaqsız qalmağa qarşı güclü qorxu yaranır.

6 yaşında özünün və valideynlərin ölümü, yanğın, müharibə, bədbəxt hadisə ilə bağlı qorxular yaranır.

7-8 yaşlarında əvvəlki qorxular “zəifləyir”, lakin yeniləri ortaya çıxır, məsələn, ”ünsiyyət qorxuları”: gecikmək qorxusu, pis qiymət almaq, uğursuz olmaq, gülüş hədəfinə çevrilmək, həmyaşıdları tərəfindən qəbul olunmamaq və s. məqamlarla bağlı olan qorxular.

9-12 yaşlarında – sosial qorxulardan əlavə (uğursuz olmaq və s.) seksual cəhətdən cazibədarlıqla bağlı qorxular yaranır: xarici görünüşlə bağlı (eybəcərlik və s).

14-17 yaşında yeniyetmələrdə onlara ziyan gətirə biləcək siyasət, iqtisadiyyat, ətraf mühitlə bağlı qorxular yaranır (təbii fəlakət, böhran, işsizlik, ailə həyatı qura bilməmək və s. mələlərlə bağlı).

Uşaq qorxularının “inkişafını” onların izlədiyi bədii və cizgi filmlər misalından izləmək olar. Məktəbəqədər yaş dövründə onları daha çox div və qorxulu əjdahalar olan filmlər qorxudur. Lakin zamanla bu qorxuların yerini daha real hadisələr alır: yol qəzası, fiziki zorakılıq və s.

Uşaq qorxularının həddindən artıq olmasının mənfi nəticələri:

Uşaq qorxularının mənfi nəticələrinə misal olaraq tikləri(əzələlərin qeyri-ixtiyari olaraq atması), enurezi (sidiyi saxlaya bilməmək), kəkələməni, tez əsəbiləşməni və s. misal göstərmək olar. Bu aşkar nəticələri görən valideynlər öz uşaqlarının qorxularına daha ciddi yanaşırlar. Bu cür açıq-aşkar nəticələri olmayan qorxunu keçirən uşaqların valideynləri isə elə düşünə bilərlər ki, bu, “əsassız” və “səbəbsiz”(onların fikrinə görə) qorxulardır.

Lakin uşaqlar qorxularına qarşı normal müdafiə qurmasalar, bu, gələcək həyatda da onlarda qalacaq, onları böyüyəndə də tərk etməyəcək. Çox vaxt böyüklərin problemlərinin əsasında vaxtında “həll edilməmiş” uşaqlıq qorxuları durur. Buna görə də qorxular uşağın xarakterinə təsir etməyə başlamamış, valideynlər övladlarına bu qorxuları dəf etməkdə kömək etməli və dəstək göstərməlidirlər.

Normalda 8-9 yaşından başlayaraq qorxuların sayı azalır. Bu zaman sosial vəzifə ilə bağlı kompleks qorxular – gecikmək qorxusu, işləri vaxtında çatdırmamaq, pis qiymət almaq, nəyisə düz etməmək qorxusu – həyəcanlı, bədgümanlı xasiyyət tipinin formalaşmasına səbəb ola bilər. Belə uşaq özünə inanmır, utancaq, sıxılan, sərbəstlikdən məhrum, çətinliklə ünsiyyətə girir, hər zaman gərginlik keçirir, qərar verməkdə uzun zaman tərəddüd edib, çətinlik çəkir.

Uşaq qorxularının güclənməsinə və sayının çoxalmasına nə səbəb olur?

Qorxuların yaranma və güclənmə səbəbləri:

Yaranma səbəbinə görə qorxuları şərti olaraq 3 qrupa bölmək olar.

Situativ qorxular. Bu, konkret hadisə ilə bağlı, uşağın qorxuducu, təhdidedici, hədələyici kimi qəbul etdiyi hadisədən yaranmış qorxulardır. Həyatı təhlükə törədən hadisə zamanı qorxunun təbii refleks reaksiyası əmələ gəlir, bu isə idarə edilməsi mümkün olmayan bir prosesdir.

Qorxunun bu fizioloji reaksiyası güclü olduğu üçün, uşağa travma yaşadan hadisədən dərhal sonra valideynlər zamanında lazımi qədər fiziki və emosional dəstək göstərməlidir. Əks halda, belə qorxunun təəsüratlarının nəticələri uşaqda çox uzun müddət qala bilər. Belə hallarda valideynlərin də iştirakı ilə mütəxəssisin (psixoloqun) köməyinə ehtiyac ola bilər.

Şəxsi keyfiyyətə əsəslanan qorxular (həssas uşağın fantaziyalarının işləməsinə əsaslanan). Çox vaxt xəyali qorxular və kabuslar uşağın qorxulu filmlərə baxmasından yaranır.

İnandırılan”. Təəsüflər olsun ki, bir çox valideynlərin özləri uşaqlarında qorxularının artmasına səbəb olur, onları polislə, həkimlə, canavarla və digər canlılarla qorxudaraq, onların daha “sözə baxan” və “ağıllı” olmasına çalışırlar. İnandırılan qorxulara valideynlərin keçirdiyi qorxular da daxildir, uşaq görür ki, anası(atası) nədənsə qorxur və özü bu qorxuya “yoluxur”.

Uşaq qorxularının çoxalmasının əsas səbəblərini valideynlərin davranışında axtarmaq lazımdır. Qorxuların sayını artıran səbəblər: həddindən artıq himayə, qorxunu nəzərə almamaq, saymamazlıq, uşağın hisslərini qəbul etməmək, uşağa lağ edib ələ salmaq və s.

Uşaqlar daha çox bu ailələrdə qorxu keçirirlər: natamam ailələrdə, uşağın qardaş və bacısı olmayanda, valideynləri daha yaşlı olanda, valideynlər tez-tez mübahisə edən, sağlam olmayan ailələrdə və s.

Qorxuların aradan qaldırılmasında uşağa necə kömək etmək olar?

Uşaq qorxularının aradan qaldırılması üçün ən vacib amil – təhlükəsizlik hissi, qoruma altında olması, valideynlərin dəstəyi və bütün bunların hamısının davamlı olmasıdır. Heç bir halda uşağı qorxulara görə danlamaq və ya cəzalandırmaq olmaz. İlk növbədə valideynlərə diqqəti öz aralarında olan münasibətə, özünə, öz gizli qorxularına yönəltmək lazımdır.

Uşaq qorxularının aradan qaldırılmasının ən yaxşı yolu oyundur. Siz uşağınızla oyunu özünüz təşkil edə bilərsiniz. Bunun üçün sadəcə onunla “yerinizi” dəyişmək, Sizə onun rolunda olmaq , ona isə Sizin mövqedə olmaq üçün şərait yaratmaq kifayət edər. Misal üçün uşaqlar tərəfindən sevilən “həkim” oyunu onlarda olan iynə və ağrılı üsullar qarşısında yaranan qorxunu aradan qaldırmaqda köməklik edir.

Uşaqlar Sizinlə birlikdə onları qorxudan hər hansı bir hadisəni oyuncaqlar vasitəsilə böyük zövqlə oynayacaqlar. Misal üçün özünüz qorxaq dovşan, peyvənddən qorxan öküz və digər nağıl qəhrəmanlarına uşağınızın keçirdiyi qorxunu “əlavə” edib, bu səhnəni oynaya bilərsiniz.

Bu təxminən belə olur: “Aaa, dovşana bax, dovşan deyəsən nədənsə qorxur, hə? Fidan, gəl görək dovşan nədən qorxur. Dovşan, ay dovşan, sən deyəsən iynədən qorxursan, hə? Bizim Fidan isə qorxmur, hə, Fidan? Fidan deyir ki, dovşan qorxmasın, ağrı bir saniyəyə keçir. Sonra ağrı olmayacaq”. Bunlar Sizin fantaziyanıza, yaradıcılığınıza bağlı məsələlərdir. Çox zəngin fantaziyamı bu dəfə yazıya almadım, gələcəkdə bununla bağlı, uşaqlarla ünsiyyət haqqında videolar çəkəcəm.

Ola bilər ki, uşaq eyni vəziyyəti, səhnəni bir neçə dəfə oynamaq istəsin. Bu ona özünün qorxuya üstün gələ bilməsi, bu qabiliyyəti inkişaf etdirməsi üçün lazımdır. Sizin səbriniz, dəstəyiniz və anlayışınız ona bu çətin məsələdə əvəzsiz, son dərəcədə dəyərli kömək olacaq.

Valideynlərə tövsiyələr:

Yad bir yerdə hər şeydən qorxan iki yaşında körpə təsəvvür edin. O, anasının yanından boylanır və yenidən gizlənir. Cəsarət toplayaraq, uşaq anasından bir az ayrılıb qabağa gedə bilər, ancaq sonra dəstək almaq üçün yenə də geri qayıdacaq.

Beləliklə, ana nəvazişi və dəstəyindən qidalanaraq, irəli gedib geri qayıdaraq, bir müddət sonra körpə bunları mənimsəyəcək, öyrənəcək və artıq anasız da özünü daha inamlı hiss edəcək. Uşağa kiçik addımlarla, itələmədən, lakin maksimum dərəcədə dəstək göstərərək ona qorxuları dəf edib, daha inamlı olmaqda köməklik edin.

Daha böyük yaşda olan uşaqlara öz qorxusunun şəklini çəkməyi təklif etmək, o qorxu haqda danışmaq, qorxu nə qədər əsaslıdır sualı ətrafında müzakirələr etmək olar.

Uşaqla birlikdə ona kömək edəcək çıxış yollarını axtarın – bəlkə Siz ona vəziyyəti başqa nöqteyi nəzərdən, gülərək baxmağı öyrədəcəksiniz. Əgər qorxu ilə bacara bilməsəniz, mütləq psixoloqa müraciət edin. Uşaq psixoloqu və ya psixoterapevt uşağınıza, həmçinin Sizə qorxunu fərqli tərəfdən görüb, dəf etməkdə yardımçı olacaq.

Dr. Nizami Orucov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...