TELEPAT VƏ EKSTRASENSLƏR

TELEPAT VƏ EKSTRASENSLƏRBu gün «ekstrasens» ən çox dəbdə olan sözlərdəndir.  Xalqı «müalicə etməyə» girişən geoloq, mühəndis ya santexniklər özləri heç həmin sözün doğru-dürüst mənasını da bilmirlər. Çünki bu, mövcud olmayan şeyi ifadə etmək üçün uydurulmuş bir sözdür.

Parapsixologiyaya yəni məlum beş duyğu orqanından əlavə, elmə məlum olmayan «altıncı hiss» mövcuddur, çox vaxt söhbət müxtəlif adlar verilən «bioloji sahə»dən gedir.

Guya belə hissiyyata malik olan şəxslərə isə «telepat» və ya «ekstrasens» adı vermişlər. Beləliklə, «ekstrasens» və «telepat» sözləri sinonimdir.

loading...

Odur ki, adı altında çıxış dünənki telepatların bu gün ekstrasenslik etməsi təəccüblü deyil. Amma bu «metamorfoza» telepat üçün nə qədər xeyirlidirsə, xalq üçün bir o qədər zərərlidir. Çünki telepat min bir fokusla tamaşaçıları inandırır ki, guya duyğu orqanlarının və heç bir cihazın köməyi olmadan fikirləri tapır. Onlar da şənlənib dağılışırdılar.

Ekstrasens isə insanların sağlamlığına müdaxilə edir, qazancı artır, amma yanına gələnlər ikiqat itirirlər: həm ekstrasensə daha çox pul verməli olur, həm də sağlamlıqlarını tibbdən uzaq dələduzlara etibar edib, təhlükə altına qoyurlar.

Parapsixologiyaya telepatiyadan başqa, spiritizm, yəni ölülərin ruhunun çağırılması, telekinez və ya psixokinez, fikrin gücü ilə əşyaların hərəkətə gətirilməsi, proskopiya və ya prekoqnisiya, gələcəyi görmə, sadə desək, falabaxma, olmadığı dəfələrlə hamısının fırıldaqçılıqdan başqa bir şey deyil.

Telepatlar və ya ekstrasenslər xaricdə göstərdikləri «şücaətlərdən», parapsixoloji akademiyalara fəxri üzv seçilmələrindən, elmin onların «istedadını» izah etməkdə aciz olduğundan nə qədər pafosla danışsalar da, əslində onların fəaliyyətində elm üçün qaranlıq olan heç bir şey yoxdur.

Əksinə, məhz elmə yaxşı məlum olan ideomotor hərəkətlər, hipnoz, əlqin, özünətəlqin kimi fizioloji, psixoloji və s. fenomenlərdən istifadə edərək, bunlardan xəbərsiz olan tamaşaçılara fövqəladə, füsunkar görünən mənzərə yaratmağa müvəffəq olurlar.

Hər hansı bir əşya və ya canlı məxluq haqqında gərgin surətdə düşünən şəxsin əllərində, başında, gözlərində, mimiki əzələlərində həmin obyektə doğru yönəlmiş güclə seziləcək hərəkətlər törənir ki, bunlara da ideomotor hərəkətlər deyilir.

İdeomotor aktı müşahidə etmək üçün hələ əsr yarım bundan əvvəl fransız kimyaçısı M. E. Şevryol sadə bir təcrübə təklif etmişdir. Asan təlqin olunan şəxs ucuna xırda daş bağlanmış sapı sakitcə əlində tutaraq, gözlərini yumub fikirləşsə (və ya ona təlqin edilsə) ki, daşı fırladır, bir azdan gözlərini açıb görəcək ki, daş, doğrudan da, fırlanır.

Telepat onun əlindən tutub, bir kəs və ya bir şey haqqında fikirləşən şəxsin ideomotor hərəkətlərini izləyərək, haqqında düşündüyü obyekti tapır.

Vəssalam. Heç bir fikri tapmaq qabiliyyəti yoxdur. Çoxları belə etiraz edir ki, ideomator hərəkətləri sezmək də bir qabiliyyətdir və bunu hər kəs bacarmır. Düzdür. Amma söhbət keyfiyyət fərqindən – altıncı hissdən yox, kəmiyyət fərqindən – mövcud duyğu orqanlarının daha həssas olmasından gedir.

Həm də bu qabiliyyət adətən düşünüldüyü qədər də nadir deyil. Sadəcə olaraq, çox adam həmin qabiliyyəti özündə hiss etmir və ya əhəmiyyət vermir. Məsələn, psixiatrlardan Xalid Həsənov və Boris Ostrovski telepatların seanslarında gördüklərimizin hamısını nümayiş etdirirlər.

X. Həsənovun deməsinə görə, xalası oğlu, mərhum bəstəkarımız C. Cahangirov da bunu bacarırmış.

Telepatın fikirləri duymayıb, məhz ideomotor hərəkətləri izləyərək, haqqında düşünülən şeyi tapdığını sübut etmək çox asandır. Əvvələn, telepat ortada olmayan bir şey haqqında düşünən şəxsin fikrini tapa bilmir.

Çünki yeri bəlli olan konkret obyekt haqqında fikirləşmədikdə, ideomotor hərəkətlər törənmir. İkincisi, hətta göz qabağında olan bir şey haqqında fikirləşən şəxs başını mümkün qədər arxaya əysə, telepat yenə də heç nə tapmaz.

Çünki bu halda əzələlərin yığılmasında dəyişiklik törəndiyindən, ideomotor hərəkətlər təhrif olunur. Üçüncüsü, ilk baxışda təəccüblü görünsə də, telepatın yox, fikirləşən adamın gözlərini bağladıqda, telepat onun fikrini tapa bilmir. Çünki gözü bağlı adam obyektin olduğu istiqaməti itirir və telepata «kömək edə» bilmir.

Dünyanın məşhur telepatlarmdan Volf Messinqin vaxtilə mətbuat səhifələrində etiraf etdiyi kimi, əksinə, telepatın gözləri bağlandıqda, işi daha da asanlaşır: fikrini yayındıra biləcək bütün qıcıqlardan təcrid olunub, fikrini daha yaxşı cəmləşdirir.

Yerli telepatımız Tofiq Dadaşovun da seanslarında həmin üsullarla onun heç bir fikri tapmadığı sübut edilib. O indi adını dəyişib, ekstrasens qoyub və Cuna Davitaşvili kimi «müalicə edir». Bir vaxt A. Kaşpirovski, V. Çumak və başqaları məşhur ekstrasenslər idilər. Vanqa, Məlahət Nəzərova tipli ekstrasenslər müalicə etməkdən daha çox, keçmiş hadisələri tapıb söyləmək və gələcək haqqında proqnozlar verməklə, özləri dedikləri kimi, görücülük və biliciliklə, sadə desək, falçılıqla məşğuldurlar.

Əvvələn, bir daha xatırladaq ki, ekstrasens sözü telepat sözünün sinonimidir, yəni ekstrasens ilk növbədə fikri tapa bilməlidir. Bunu bacarmırsa, deməli, ekstrasens deyil, ikincisi, ən məşhur ekstrasensləri ən müasir aparatlarla təchiz edilmiş elmi-tədqiqat institutlarında on illərlə beyin fəaliyyətini, beyində bioloji elektrik hadisəni öyrənən təcrübəli mütəxəssislər dəfələrlə yoxlamışlar. Heç bir «bioloji sahə», «altıncı kanal» yoxdur.

Bir vaxt Cuna səs-küy salmışdı ki, SSRİ EA-nm Radiotexnika və Elektronika İnstitutunda ekstrasens kimi onun qabiliyyətlərini yoxlayıb tədqiq etmişlər. Amma yoxlayanlar özləri – akademik  Y. V. Qulyayev və fizika-riyaziyyat elmləri doktoru E. E. Qodik mətbuatda bildirmişdilər ki, Cunada heç bir fövqəladə qabiliyyət aşkar edilməyib və ümumiyyətlə, heç bir «bioloji sahə» mövcud deyil. Onlar bunu qəti söyləyirlər, çünki müasir texnikanın köməyilə insanın ətrafında törənən bütün sahələri müşahidə etmək imkanına malikdirlər.

Cunanın fəaliyyətini bundan əvvəl də Gürcüstanda təşkil edilmiş komissiya respublika onkoloji mərkəzində yoxlamış və gözə çarpan bir nəticə alınmamışdır.

Bəzən deyənlər olur ki, axı, ekstrasenslərdən dövlət səviyyəsində məxfi işlərdə istifadə edilir. Tutduğu yüksək vəzifəyə layiq olmayan bəzi cahillərin böyük biabırçılıqla qurtaran belə cəhdləri olub. SSRİ Ali Sovetinin Elm və texnologiyalar üzrə komitəsinin «Yalan elmi tədqiqatların dövlət mənbələrindən maliyyələşdirilməsinin nöqsanlı üsulları haqqmda» 4 iyul 1991-ci il tarixli qərarında deyilir ki, ölkənin bir neçə nazirliyi lazımi elmi ekspertiza olmadan «spinar» («torsion») və ya «mikrolepton» sahələr üzrə «yalan və elmə zidd tədqiqatlara» yarım milyard xərcləmişlər.

Bəs ekstrasenslər hansı üsullarla camaatda inam yaradıb, onları ələ alırlar? Parapsixologiya, telepat, ekstrasens kimi sözlər nisbətən yenidirsə də, mahiyyətcə bu növ uydurmalar qədimdən olub. Ekstrasenslərin  Svedenborq, Sen-Jermen, Kazanova, Kaliostro kimi sələfləri haqqında tarixdən yaxşı məlumdur ki, dələduzlar həmişə heç bir müntəzəm təhsili və savadı olmasa da, gözüaçıq, hazırcavab, hər şeydən xəbərdar, ən vacibi isə, həyasızlıq dərəcəsində cəsarətli şəxslər olmuşlar.

Qədimdən bu növ adamların bəlağətli və fəsahətli danışığı, hər cür yalan və uydurmanı, boş və mənasız fikirləri özünə inamla ciddi elmi konsepsiya şəklində təqdim etmək bacarığı avamları ələ almaqda onlara kömək edir. Ekstrasensin əsas silahı psixoloji təsirdən, təlqindən ibarətdir ki, bu da həm ayıq halda, həm də hipnoz altında edilə bilər. İnam böyük rol oynayır və əsas işi özünətəlqin görür.

Ürəyimiz ağrıyanda, əlimizi döşümüzə qoyuruq, anası ya nənəsi əlini uşağın ağrıyan yerinə sürtüb, onu ovundurur, ağrı bir az yüngülləşir.

Ekstrasenslər də mahiyyətcə eyni işi görürlər. Xəstəyə ürək-dirək verib, hökmən sağalacağına inandırır, masaj edərək (Cunanın əsl sənəti elə masaj eləməkdir), refleksoterapiyada, iynəbatırma metodunda, Şərq təbabətində məlum olan bədənin müəyyən müalicəvi nöqtələrini barmaqları ilə sıxırlar. Əlbəttə, bütün bunlar müvəqqəti olaraq, xəstənin vəziyyətini bir qədər yüngülləşdirir, ağrını sakitləşdirir; qan təzyiqi və qanda şəkərin səviyyəsi də enə bilər.

Amma ekstrasens belə real metodlarla bir şeyə nail olursa da, bunu mifik «bioloji sahə» ilə izah edir. Həm də ciddi xəstəlikləri olanlar arxayınlaşıb, daha həkimə müraciət etmirlər. Ekstrasensin müalicə edə bilmədiyini başa düşdükdə isə xəstəlik o qədər inkişaf etmiş olur ki, çox vaxt həkim də bir iş görə bilmir.

Ekstrasenslər başqa kələklərə də əl atırlar. Cərrah professor N. Rzayev ekstrasenslərin öd daşlarını «əritməsinin» sirrini belə izah edir: «… xəstələrə verilən «dərmanlar» bağırsaq möhtəviyyatında yumru, ödlə rənglənmiş, daşaoxşar bərk hissələr əmələ gətirir». Ekstrasensin «möcüzə»sindən sonra xəstələrin bir qismi əslində olmayan «xəstəlik»dən sağalır, bir qismi isə ağır halda həkimin yanına gətirilir.

Məşhur Rasputin də bu növ fokuslar göstərməkdə mahir imiş. Onun vəliəhd Alekseyi hemofiliyadan «müalicə etməsi» barədə nəql edirlər ki, Çin təbabəti reseptləri üzrə şiddətli qanaxma törədən dərman hazırlayır və vaxtaşırı Rasputinin göstərişi ilə vəliəhdin xörəyinə qatırmışlar.

Məşhur ekstrasens, astroloq, görücü, bilici və falçılar çox vaxt müəyyən dairələrə xidmət edirlər. Rusiya hərbi əks-kəşfiyyatının arxivindəki sənədlər sübut edir ki, vaxtilə Almaniyanın Rusiyadakı nüfuzunu artırmaq və ölkənin siyasətinə müdaxilə etmək məqsədilə Rasputini qəsdən mistik meylli II Nikolaya və çariçaya yaxınlaşdırıbmışlar.

Dünyada məşhur olmuş savadsız kor qadın Vanqaya Bolqarıstanın xüsusi xidmət orqanları kömək edirdilər. Onun yanına bütün dünyadan dəstədəstə turistlər, məşhur adamlar axışıb gəlirdilər. Gələcəyi qabaqcadan görüb xəbər verənin olması ölkənin nüfuzunu artırırdı. Vanqa yanına gələnlər barədə inandırıcı fikirlər söyləyib, onları heyrətləndirdiyi məlumatları da müxtəlif orqanlar, mehmanxana işçiləri, taksi sürücüləri və s. alırdı.

Yusifimin Məlahət Nəzərova haqqında yazdığı «Fenomen» kitabından məlum olur ki, Məlahətdə ən müxtəlif vəzifə və peşə sahibləri ilə sıx əlaqə saxlayır, hətta xaricdən telefon zəngləri qəbul edir.

Əlbəttə, bunların hamısı M. Nəzərovanm xəbərgətirənləri deyil. Amma «görücü və bilici ekstrasens»in qabiliyyəti də məhz elə müxtəlif adamlarla söhbətlərindən keçmişə və gələcəyə dair lazım ola biləcək informasiyanı toplayıb, lazımi adamlara çatdıraraq, onları heyrətləndirməkdən ibarətdir. Belə geniş informasiya mənbəyindən məharətlə istifadə edərək, M. Nəzərova öz siyasi-ictimai- iqtisadi-meteoroloji proqnozlarını qurur.

Bəzən dediklərinə təsadüfən doğru çıxan ümumi sözlər də artırır. Telepat və ekstrasenslərin, görücü, bilici və falabaxanların fəaliyyətində daha bir paradoksal cəhət vardır. Parapsixoloji uydurmalara dair elmi dəlilləri və izahatları qəbul etməyənlər onları «allah vergisi» hesab edirlər. Halbuki bütün dinlər və xüsusən islam dini belə uydurmalarla həmişə qəti mübarizə aparmışdır.

Telepat iddia edir ki, beyindəki fikirləri tapır, ürəkləri oxuyur.

Son zamanlar tibbdən başı çıxmayan müxtəlif peşə sahibləri mühəndis, idmançı, əmək müəllimi, fəhlə adını ekstrasens qoyub, «xəstələri müalicə edirlər».

Özünə görücii, bilici və s. adlar qoyanlar hamısı mahiyyətcə falçılıqla məşğuldurlar. Tövratda isə yazılıb: «Falçını sağ qoyma».

Tibbi biliklərin əsasları, Bakı 2004

loading...

Bunlarıda bəyənə bilərsiniz ...