ZÜLALLAR, YAĞLAR VƏ KARBOHİDRATLAR

ZülalZülallar orqanizmin bütün toxumalarının əsas hissəsini təşkil edir, onlar amin turşularından ibarətdir. Amin turşuları əvəzolunan və əvəzolunmayan olur; birinciləri başqa amin turşuları ilə əvəz etmək mümkün olur, yaxud bunlar orqanizmdə başqa amin turşularından sintez olunur; ikincilər (əvəz olunmayanlar) olmadıqda orqanizmdə zülal mübadiləsi pozulur. Əsas zülal mənbəyi heyvan mənşəli qida məhsullandır, məsələn ət, balıq, kəsmik, yumurta.

Bitki məhsullarındada zülallar var, lakin az miqdarda. Qoz-fındıqda nisbətən çoxdur. Orqanizmin zülallara sutkalıq tələbatı 100-120 q. qədərdir. Fiziki iş zamanı zülallara tələbat 160 q. qədər artır. Qida payında zülallar həddindən çox olduqda zülal mübadiləsi pozula bilər. Zülallı qida çatışmadıqda orqanizmdə dərin degenerasiya  dəyişiklikləri baş verir. Zülalın qida dəyəri həm də onun mənimsənilməsindən, yəni mədə-bağırsaq yolunda həzm
olunmasından asılıdır. İnsan ac qalıb arıqladıqda, kəskin infeksion xəstəliklərdən sonra sağalma dövründə, xroniki infeksiyalarda (vərəm, irinli infeksiyalarda) qanazlığında və s. orqanizmin zülala ehtiyyacı çoxalır.

Yağlar mürəkkəb üzvi birləşmələrdir və mühüm enerji mənbəyidir. Bunların bir hissəsi hüceyrənin enerji məsrəfinə gedir, bir hissəsi isə yağ depolarında (dərialtı piy toxuması, piylik və s.) ehtiyat şəklində toplanır və tələbat olduqca işlənir. Orqanizmə yağlarda həll olan A, D, E və К vitaminləri yağlarla daxil olur. İnsan heyvani və bitki yağlarından istifadə edir. Heyvani yağlara ət piyi (mal piyi, quyruq yağı və s.), süddən alınan yağ, balıq yağı aiddir. Bitki yağı günəbaxanda, soyada, qarğıdalı və kətanda, habelə qozda lap çoxdur. Böyük adamın yağlara orta tələbatı 80-100 q, bunun 20-25 q bitki yağıdır. Həddindən artıq yağ qəbulu onun mübadiləsinin
pozulmasına, piylənməyə səbəb olacaqdır. Uzun müddət qidada yağı azaltmaq bədəni zəiflədə bilər.

loading...

Karbohidratlar orqanizmin enerji məsrəfini ödəyən əsas mənbədir. Şəkərdə, unda və ondan bişirilmiş məmulatda, tərəvəzdə, meyvələrdə, nişastada, kartofda, dənli bitkilərdə olur. Tərəvəz, meyvə və qara çörəkdə olan bitki sellülözü həzm olunmur, lakin bağırsaqların peristaltikasını, öd ifrazını artırır, artıq xolesterinin orqanizmdən çıxmasına kömək edir. Karbohidratlar maddələr mübadiləsinin normal getməsi üçün lazımdır: onlar zülalların və yağların həzm olunmasına kömək edir. Orqanizmin karbohidratlara sutkalıq tələbatı 400-500 q. Karbohidrat mübadiləsinin tənzim edilməsində mərkəzi sinir sistemi və daxili sekresiya vəzlərinin hormonları (insulin, adrenalin) iştirak edir. Qida ilə həddindən çox daxil olub enerji məqsədlərinə sərf olunmayan karbohidratlar yağlara çevrilib, yağ depolarında toplanır və piylənməyə səbəb olur.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...