ZOBUN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ

ZobZobun əmələ gəlmə səbəbləri hər növü üçün ayrıdır. Biz üç növ zobun əmələ gəlmə səbəblərini araşdıracağıq: diffuz endemik zob, diffuz toksik və düyünlü toksik zob.

Endemik diffuz zobun əmələ gəlmə səbəbləri

Endemik diffuz zob – zobun ən çox yayılmış növüdür. Adətən qadınlar kişilərdən 3-4 dəfə çox endemik zoba düçar olurlar. İlk öncə bu qadın orqanizminin cinsi yetişməsi zamanı, hamiləlik və süd verdiyi müddətdə qalxanvari vəzinin hormonlarına daha çox ehtiyac duyduğundan olur.

loading...

Endemik zobun əmələ gəlməsinin əsas səbəbləri:

Müəyyən coğrafi regionların ərazisində (məsələn, Şərqi Avropa və Asiya dövlətlərində) yod çatışmazlığı. Azərbaycanda və digər MDB dövlətlərində qalxanvari vəzidə zob inkişafının əsas səbəbi (90% hallarda) – yod çatışmazlığıdır.

Yod çatışmazlığı qalxanvari vəzinin funksiyasının pozulmasına və onun hormonlarının daha az istehsalına səbəb olur. Hormon istehsalına lazım olduğu üçün qandan daha çox yod götürmək məqsədilə vəzi ölçüdə böyüyür. Vəzinin gözlə görünən dərəcəyədək böyüməsi zob adlanır.

Adətən, insan orqanizminə yod duzlar şəklində su və qidayla daxil olur. Lazım olan miqdarda orqanizmə yod daxil olduqda vəzi təxminən 100mkq tiroksin və təxminən 10 mkq triyodtironin istehsal edir. DST məlumatlarına görə gün ərzində yod qəbulunun növbəti normaları var:

  • 5 yaşadək uşaqlara 80-100 mkq lazımdır.

  • 12 yaşadək uşaqlara 130 mkq qədər lazımdır.

  • 12 yaşdan sonra uşaq və böyüklərə 160 mkq qədər.

  • Hamilə və südverən qadınlara təxminən 200 mkq.

Ətraf mühitin çirklənməsi. Pis ekoloji mühit qalxanvari vəzinin fəaliyyətini pozur. İnsan orqanizminə qalxanvari vəzinin aktivliyini azaldan toksik maddələr daxil olur. Bununla belə, ətraf mühitin mənfi amillərinin təsiri yod defisitini ağırlaşdırır və zobun əmələ gəlmə riskini xüsusən yüksək industrial dövlətlərdə yaşayan insanlarda daha da artırır.

Yod tərkibli məhsulların kifayət qədər qəbul edilməməsi.

Tərkibində çox yod olan məhsullar:

  • Balıq: siyənək, kambala, treska, paltus, dəniz xanı balığı, tunes, qızıl balıq.

  • Meyvələr: apelsin, limon, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma.

  • Süd, yumurta, yağ, dana əti.

  • Tərəvəzlər: sarımsaq, qırmızı turp, çuğundur, kartof, kök, pomidor.

Diffuz toksik zobun (Bazed xəstəliyinin) əmələ gəlmə səbəbləri

Bazed xəstəliyinin əmələ gəlmə səbəbi – qanda qalxanvari vəzinin fəaliyyətini artıran xüsusi anticismlərin olmasıdır. Həmin anticismlər, qalxanvari vəzinin toxumasına immun sistemin autoimmun reaksiyası nəticəsində əmələ gəlir.

Başqa sözlərlə: insanın öz immun sistemi qalxanvari vəziyə təsir edərək, onun funksiyasının artmasına səbəb olan müəyyən maddələr istehsal etməyə başlayır (tireotiksikoz, toksik zob). Diffuz toksik zob zamanı anticismlərin təsirinə qalxanvari vəzinin bütün toxumaları məruz qaldığı üçün, onun ölçülərinin artması müntəzəm olur.

Bazed xəstəliyi olan insanlarda qalxanvari vəzinin toxumalarına autoimmun cavabın yaranmasının dəqiq səbəbi məlum deyil.

Düyünlü zobun inkişaf səbəbləri

Əksər hallarda düyünlü zobun inkişaf səbəbi – qalxanvari vəzinin adenoması və ya xərçəngi olur. Hər iki xəstəlik genetik amillərin, radiasiyanın və toksik maddələrin təsiri altında qalxanvari vəzi hüceyrələrinin bölünmə və differensiasiya proseslərinin pozulması nəticəsində əmələ gəlir.

Zobun əsas simptom və əlamətləri

Zobun simptomlarını mexaniki və biokimyəvi olanlara bölmək olar. Zobun mexaniki simptomları böyümüş qalxanvari vəzinin onu əhatə edən orqan və toxumalara təsiriylə bağlıdır. Biokimyəvi simptomlar (effektlər) qalxanvari vəzi hormonlarının istehsalının pozulmasıyla bağlıdır.

Zobu olan pasiyentlər uzun müddət həkimə müraciət etmirlər, çünki əksər hallarda ilk mərhələlərdə zob demək olar ki, simptomsuz keçir. Ölçüləri artdıqca qalxanvari vəzi (boyunun ön səthində yoğunlaşma kimi) görünməyə başlayır və ətraf orqanlara (traxeya, qida yolu, qan damarları və sinirlərə) təzyiq etməyə başlayır və nəticədə zobun mexaniki simptomları əmələ gəlir.

Diffuz zob fonunda qalxanvari vəzinin böyüməsi müntəzəm və simmetrik görünür. Düyünlü zob fonunda isə qalxanvari vəzi yalnız bir tərəfdən böyüyür (simmetrik olmur). Ətraf orqanların zobla əzilmə simptomları və əlamətlərinə aiddir:

  • Traxeya və qırtlağın əzilmə simptomları. Xəstələr daimi və artan tənəffüs çatışmazlığından, səsin daima xırıltılı olduğundan, uzun müddətli quru öskürəkdən, boğazda “tikə” hissindən, boğulma tutmalarından şikayət edir, xüsusən də, bədənin vəziyyəti dəyişdikdə.

  • Qida yolu əzildikdə zob udma problemlərinə səbəb ola bilər.

  • Boyun damarlarının əzilməsinin simptom və əlamətləri. Xəstələr əyildikdə başda gərginlik hissindən və baş gicəllənmələrindən şikayət edirlər.

Əgər zobun əmələ gəlmə səbəbi yod çatişmazlığıdırsa (endemik zob), o zaman boyun orqanlarının əzilmə simptomlarından başqa hipotireoz (qalxanvari vəzinin funksiyasının azalması) simptomları da əmələ gələcək. Qalxanvari vəzinin hipofunksiyasının (hipotireozun) simptomları:

  • Tənəffüs sisteminin zədələnməsi: qalxanvari vəzinin hipofunksiyası olan insanlar bronxitə, kəskin respirator infeksiyalara, pnevmoniyalara meylli olurlar.

  • Ürək-damar sistemin zədələnməsi: arterial təzyiqin düşməsi (hipotoniya), ürək nahiyyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik.

  • Mədə-bağırsaq pozulmaları: iştahanın azalması, ürək bulanması, köp (meteorizm).

  • Sinir sisteminin zədələnmə əlamətləri: gündüz vaxtı süstlük, gecələr isə yuxusuzluq, yaddaşın azalması, sinirlilik, məktəbdə və işdə aktivliyin azalması, depressiya.

  • Dərinin quruluğu, bədən temperaturunun azalması, saçların tökülməsi.

  • İştahanın olmamasına baxmayaraq, kökəlmə (ödemlərə görə). Hipotireozlu pasiyentin üzü mimikasını itirir, şişkin və lət olur.

  • Uşaqlarda hipotireoz fonunda böyümə və zehni inkişaf gecikməsi olur.

  • Kişilərdə hipotireoz fonunda potensiya və cinsi marağın azalması müşahidə olunur.

  • Qadınlarda hipotireoz zamanı menstruasiya pozulur. Qalxanvari vəzinin funksiyasının azalması əksər hallarda sonsuzluq və ya spontan abortlara səbəb olur.

Əgər zob Bazed xəstəliyi və ya qalxanvari vəzinin adenoması fonunda əmələ gəlibsə, o zaman yuxarıda sadalanmış (bütün növ zoblar üçün xarakter olan) simptomlardan başqa növbəti əlamətlər olur:

  • Bədən hərarətinin 37-38°C qədər uzun müddətli yüksəlməsi.

  • Daima aclıq hissi.

  • Bədən çəkisinin azalması.

  • Quru və isti dəri.

  • Gözlərin önə çıxması.

  • Əllərin cüzi titrəməsi.

  • Əsəbilik, yuxusuzluq.

Dr. Nahid Məhərrəmov

loading...

Bunuda oxu...