YOLUXUCU XƏSTƏLİKLƏR

YOLUXUCU XƏSTƏLİKLƏRYoluxucu xəstəliklər bu günə qədər səhiyyənin aparıcı problemi olaraq insanların sağlamlığını, yaşama müddətini və ölümün səbəblərini müəyyən edir. Digər xəstəliklərlə müqayisədə yoluxucu xəstəliklər planetin əhalisi arasında dünyada ikinci-üçüncü yerdə durur. Məlumdur ki, istənilən xəstəliyin nozoloji müstəqilliyi etioloji agentlə müəyyən olunur.

Ölümün əsas səbəblərindən olan on xəstəlikdən yeddisi infeksion mənşəlidir. ÜST-ün göstəricilərinə əsasən, insanların 33%-i yoluxucu xəstəliklərdən məhv olurlar. Son illər uşaq ölümü azalmaqdadır və bu ilk növbədə yoluxucu xəstəliklərin profilaktikasının və terapiyasının effektivliyinin artması hesabına baş verir.

Hazırda yoluxucu xəstəlikləri şərti olaraq 2 əsas xəstəliklər qrupuna bölmək olar. Birinci – dərmanlara qarşı törədicilərin müqavimətinin artması ilə əlaqədar olaraq aktivləşən və yeni əraziləri fəth edən köhnə “qayıdan” infeksiyalar və ikinci – əvvəllər məlum olmayan, həqiqətən yeni yaranan infeksiyalardır. Onların otuzdan çoxu XX əsrin son 25 ilində meydana çıxmışdır.

loading...

Köhnə infeksiyalardan malyariya, vərəm, sarı qızdırma və vəba diqqəti xüsusilə cəlb edir. Dünyada hər il 500 mln insan malyariyaya yoluxur ki, bunlardan 450 mln-u Afrikada yaşayır. Hər il 2 mln-a yaxın şəxs bu xəstəlikdən ölür.

Yer kürəsi əhalisinin artması əvvəllər meşələrlə örtülmüş ərazilərin mənimsənilməsi ilə müşayiət olunurdu ki, bu da əhalinin köhnə (malyariya, sarı qızdırma) və yeni növ xəstəlikləri keçirən həşəratlarla təmasda olmaq təhlükəsini yaradırdı. Yeni məskunlaşan ərazilərdə əhalinin sayının artması və sanitar xidmətin qeyri-qənaətbəxş vəziyyətdə olması vəba, qrip, salmonelyoz və eşerixioz kimi xəstəliklərin artmasına şərait yaradır. Bundan başqa, bioterrorizm unudulmuş problem olan çiçək, taun, qara yara kimi çox təhlükəli infeksiyaları gündəlik məsələyə çevirmişdir.

Taun planetin əhalisini keçmişdə vahiməyə saldığı kimi, bu gün də narahatlıq doğurur. Yeni aşkar olunan yoluxucu xəstəliklərin sayı da getdikcə artmaqdadır. Bəşəriyyət üçün ən təhlükəli hesab olunan İİV infeksiyası üzrə vəziyyət xüsusilə həyəcan doğurur.

Bu infeksiya ilə əlaqədar bir sıra Afrika ölkələrində ağır siyasi və iqtisadi problemlər yaranmışdır.

Əlbəttə, yoluxucu xəstəliklərlə mübarizədə nəzərəçarpacaq müvəffəqiyyətlər çoxdur. Məsələn, qızılcaya qarşı peyvəndin alınmasından əvvəl dünyada hər il 135 mln xəstələnmiş uşaqdan 7-8 mln-u, hal-hazırda isə ildə 42 mln-dan yalnız 1 mln-u məhv olur.

Planlı şəkildə aparılan profilaktik tədbirlərin sayəsində poliomielit, drakunkulyoz (rişta) xəstəliklərinin tam ləğv olunması və artıq ciddi problem yaratmayan cüzam ilə mübarizə məsələləri reallaşmışdır.

Keçmişdə geniş yayılan taun, vəba, təbii çiçək, səpgili və qarın yatalağı, difteriya, malyariya, qrip və digər xəstəliklərin pandemiya və epidemiyası keçən minillikdə yüz milyonlarla insanın ölümünə səbəb olmuşdur. XX əsrin əvvəlində yüksək xəstələnmə səviyyəsində ölüm halları taunda – 65-100%, vəbada – 45%, səpgili və qarın yatalağında – 25-40% təşkil etmişdir.

Lakin xəstəliklərin diaqnostikası və müalicəsində əldə olunan müvəffəqiyyətlərə baxmayaraq, infeksion xəstəliklər insanın mühüm patologiyası olaraq qalmaqdadır: həkimə müraciət edən hər ikinci pasiyent yoluxucu xəstəliklərə yoluxmuş şəxslərdir, sahə pediatrlarının pasiyentlərinin 70%-i yoluxucu xəstəliklərdən əziyyət çəkən uşaqlardır.

Yoluxucu xəstəliklərin mənfi təsiri xüsusən müharibə dövründə, təbii fəlakət və iqtisadi böhranlar zamanı daha qabarıq təzahür edir. Belə ki, 1980–1988-ci illərdə Əfqanıstanda olan sovet ordusunun əsgərlərinin infeksion xəstəliklərdən itkiləri sanitar itkilərin tam yarısını təşkil etmişdir. XX əsrdə 80-ci illərin sonu 90-cı illərin əvvəlində Rusiyada məlum hadisələrlə bağlı sosial-iqtisadi sarsıntılardan sonra daha bir epidemioloji problem – difteriyanın yenidən alovlanması baş verdi ki, bu da Avropada qeydə alınan difteriyanın 80%-ni təşkil etmişdir.

Son illər həm yeni aşkar edilən, həm köhnə yaxşı öyrənilmiş infeksion patologiyaların misli görünməyən fəallaşması müşahidə edilir. Belə ki, infeksion xəstəliklərin siyahısı əvvəllər məlum oldownloaded mayan xəstəliklər (Lass, Ebol, Marburg virus qızdırmaları, enterotoksik və enterohemorragik eşerixozlar, yersinyoz, İİV-infeksiya, kampilobakterioz, bir sıra virus bağırsaq xəstəlikləri, C, D, E, F və G virus hepatitləri, legionelyoz, borrelioz, insanların prionla törənən və heyvanların sinir sisteminin xəstəlikləri, xantavirus ağciyər sindromu və s.), eyni zamanda qeyri-infeksion etiologiyalı xəstəliklərin (xroniki hepatit, xora xəstəliyi, Berket limfoması, Kapoşi sarkoması, T-hüceyrəli leykoz və digər şişlər) hesabına daima artmaqdadır.

Həmçinin son illər immunçatışmazlığına məruz qalan və xəstəxanadaxili şəraitdə yoluxan pasiyentlərdə şərti-patogen törədicilərin rolu artır: bunlardan herpetik və sitomeqalovirus infeksiyaları, pnevmosistozu, mikoplazmozu, xlamidiozu, toksoplazmozu, kandidozu misal göstərmək olar.

Hazırda infeksion xəstəliklərin səviyyəsinin sürətlə artması müşahidə olunur, onun inkişaf templəri artıq minilliklərlə deyil, onilliklərlə ölçülür. Bu isə V.İ.Pokrovski və başqaları (1993) tərəfindən “Epidemik prosesin müasir inkişaf anlayışını” irəli sürməyə əsas vermişdir. Onilliklər ərzində bir çox infeksiyaların kliniki və epidemioloji aşkarlanması bu xəstəliklər üzrə əvvəllər mövcud olan təsəvvürləri xeyli dəyişmişdir. Belə ki, müxtəlif etiologiyalı xroniki xəstəliklərin yayılması sürətlə baş verir. İnfeksion mənşəli və ilk növbədə prion ensefalopatiya xüsusi aktuallıq kəsb edir.

Yeni minilliyə bəşəriyyət İİV infeksiyasının davam edən pandemiyası, vərəm, malyariya və cinsi yolla yayılan xəstəliklərin artması şəraitində daxil olmuşdur. Həmçinin kəskin respirator virus infeksiyaları əsas problem olaraq qalır, belə ki, infeksion xəstəliklərin 90%-i bunların payına düşür, ikinci yerdə isə hər il planetin milyarddan çox sakininin düçar olduğu kəskin bağırsaq infeksiyaları durur. Beləliklə, infeksion xəstəliklər əvvəlki kimi insan patologiyasında əsas yerlərdən birini tutur.

Epidemologiya, Şərq-Qərb, 2012

loading...

Bunuda oxu...