XEYLİT NƏDİR

DodaqlarXeylit dodaqların iltihabıdır. Ayrı-ayrı xüsusiyyətlərindən və diaqnostik kriteriyalarından asılı olaraq xeylitlərin müxtəlif təsnifatları var. Klinik gedişinə görə kəskin və xroniki xeylitlər ayırd edilir. Xeylitlər həmçinin 2 qrupa bölünürlər: sərbəst xeylitlər. Buna nozoloji və ya xüsusi xeylitlər də deyilir.

Bu qrupa xeylitin aşağıdakı formaları daxildir: eksfoliativ, qlandulyar, kontakt və ya allergik, aktinik və meteoroloji xeylitlər. Simptomatik xeylitlər. Bu qrupa isə atopik xeylit, ekzematoz xeylit, plazmatik hüceyrəli xeylit, makroxeylit və Manqanotti xeyliti aiddirlər. Stomatoloji praktikada ən çox rast gəlinən və daha böyük klinik əhəmiyyət kəsb edən xeylit formaları aşağıdakılardır.

Eksfoliativ xeylitin etiologiyası dəqiq məlum deyildir. Lakin xəstəliyin baş verməsində psixi-emosional gərginliyin, hipertireodizmin, genetik, immunoloji və s. amillərin rol oynaması müəyyənləşdirilmişdir. Xəstəlik dodaqların yalnız qırmızı haşiyəsində lokalizə olunur, ən çox qadınlarda rast gəlinir, 2 formada inkişaf edə bilir: quru və ekssudativ.

loading...

Xroniki və uzun müddətli gedişə malik quru formada hiperkeratoz və akantoz baş verir, dodağa yapımış vəziyyətdə pulcuqlar əmələ gəlir. Proqnostik cəhətdən nisbətən yüngül hesab edilən ekssudativ formada isə toxumada damar reaksiyaları, kəskin doluqanlılıq, ödem və digər ekssudativ dəyişikliklər üstünlük təşkil edir.

Qlandulyar xeylit adətən 50 yaşdan sonra, ən çox alt dodaqda inkişaf edir. Kiçik ağız suyu vəzilərinin anomaliya-anadangəlmə heterotopiyası, hipertrofiyası və infeksiyalaşması ilə xarakterizə olunur. Qlandulyar xeylit həm sərbəst şəkildə birincili, həm də digər bəzi xəstəliklər zamanı ikincili, yəni simptomatik olaraq inkişaf edə bilir. Dodaqda quruluq və qabıqlama, eroziya və çatlar, ağrı, ödem, vəzli strukturların hiperplaziyası və iltihablaşması baş verir.

Kontakt və ya allergik xeylit orta və ya yaşlı şəxslərdə, xüsusilə də qadınlarda, müxtəlif allergik maddələrin qırmızı haşiyə nahiyəsinə bilavasitə təsiri nəticəsində ləng tipli allergik reaksiya kimi baş verir. Əsas klinik və morfoloji dəyişikliklər qırmızı haşiyədə qızartı, ödem və şişkinləşmə, qaşınma, xırda qovuqcuqlar və onların yerində əmələ gələn eroziya və çatlardan ibarətdir.

Aktinik xeylit günəş şüalarına yüksək həssaslıq fonunda ultrabənövşəyi şüaların təsiri nəticəsində baş verir. Adətən yaz-yay mövsümündə, 20 yaşdan yuxarı, xüsusilə də kişi cinsli şəxslərdə rast gəlinir. Ekssudativ və quru formaları da vardır. Ekssudativ formanın klinik və morfoloji gedişi kontakt xeylitdə olduğu kimidir. Aktinik xeylitin quru forması zamanı dodaqda quruluq, yanğı və ağrı hisləri, qızartı, ağımtıl-boz rəngli xırda hiperkeratoz və akantoz ocaqları meydana çızır.

Meteoroloji xeylit digər təbii- meteoroloji amillərin, məsələn küləyin, soyuğun, rütubətin və s. təsirindən, xüsusilə də soyuq aylarda baş verir. Bu zaman dodağın qırmızı haşiyəsində quruluq, büzüşmə hissi, qızartı, xırda hiperkeratoz ocaqları və stromanın zəif limfo-leykosita infiltrasiyası inkişaf edir.

Atopik xeylit ikincili inkişaf edən xeylitlərdən olub, allergik mənşəli atopik dermatit və ya neyrodermatit zamanı baş verir. Patoloji dəyişikliklər qırmızı haşiyədən başqa, onu əhatə edən dəri hissələri də inkişaf edir. Ekzamatoz xeylit sinir-allergik xarakterli ekzema xəstəliyinin əlamətlərindən biri kimi inkişaf edir. Kəskin və ya xroniki gedişə malik olur.

Makroxeylit üz sinirinin ainfeksion-allergik mənşəli nevriti zamanı meydana çıxır. Üzün digər nahiyələri ilə yanaşı bir və ya iki dodağın da uzun müddətli və davamlı ödemi ilə əlaqədar şişkinləşməsi ilə xarakterizə olunur. Mikroskopik müayinə zamanı bu toxumalarda ödemdən başqa vaskulit, mikrosirkulyator pozğunluqlar, zəif limfo-histiositar və plazmositar infiltrasiya qeyd edilir.

Manqanotti xeyliti travma, ultrabənövşəyi şüalar, herpes tipli bəzi viruslar və s. patogen amillərin təsiri fonunda adətən 50 yaşdan yuxarı kişi cinsli şəxslərdə baş verir. Alt dodağın orta hissəsində xroniki kataral iltihab və hiperemiya fonunda, üzəri qanlı qabıqla örtülmüş bir və ya bir neçə eroziya şəklində inkişaf edir.

Qabıq çətin qopur və qopduqda qanaxmaya meyilli olur. Proses xroniki gedişlidir, bir neçə aydan uzun illərə qədər davam edir. Adekvat müalicə aparılmadıqda maliqnizasiya edir və xərçəngə səbəb olur. Bu səbəbdən Manqanotti xeyliti obliqat xərçəngönü proses hesab edilir. Ona görə də buna başqa adla Manqanottinin prekankroz xeyliti də deyilir.

loading...

Bunuda oxu...