XARDAL VƏ İSTİFADƏSİ

Xardal Xardal kələmçiçəyikimilər fəsiləsinə aid bitki cinsidir. Xardalın tətbiqi dərini qıcıqlandıran və buradakı qan damarlarını genişləndirən efir yağının təsirinə əsaslanır. Yuxarı tənəffüs yollarının katarında, ağciyərlərin iltihabında, bronxitlərdə, hipertoniya xəstəliyində, ürək nahiyəsində ağrılar olduqda xəstəyə xardal yaxması qoyurlar.

Xardal yaxmasını quru və qaranlıq yerdə saxlayırlar, bunun saxlanma müddəti 8 aydan 11 aya qədərdir. Yararlı xardal yaxmasının yararsızdan fərqi ondadır ki, kəskin xardal yağı iyi verir və tökülmür. Fabrikdə hazırlanan xardal yaxması 12×18 sm ölçüdə kağız parçası olub, ona xüsusi üsulla quru xardal yaxılmış olur. Xardal yaxmasını bədənin hər yerinə qoymaq olar. Onu əvvəlcə ilıq suda (35°S-dən yuxarı olmamalıdır) isladır, suyunu çırpır, xardal aşağıda olmaqla bədənə qoyur və 10—15 dəqiqə saxlayırlar. Dəri çox həssas olduqda yandırmağa başlayır, onda kağızın altına suda isladılmış papiros kağızı və üstündən salfetka və ya dəsmal qoymaq olar. Xardal yaxmasını qəzetin üstünə qoymaq olmaz, çünki onda xardalın
bilavasitə dərini qıcıqlandırıcı təsiri itir. Xardal yaxması düzgün qoyulmuşsa dəri qızarır və göynəyir. Xardal yaxmasını çıxarıb dərini ilıq su ilə yuyur, qurulayır, xəstəni geyindirir və üstünü qalın örtürlər.

Dəri xəstəliklərində və qanaxmalarda xardal yaxması qoymaq olmaz. Dəriyə ləkə düşməməsi üçün eyni уеrə dalbadal xardal qoymaq məsləhət görülmür. Xardal yaxmasını bədəndə çox saxladıqda və dəri həssas olduqda yanıq əmələ gələ bilər. Xardal yaxmasını hər kəs hazırlaya bilər. Bunun üçün 1 xörək qaşığı xardala 1 xörək qaşığı buğda unu tökür və yavaş-yavaş qarışdıraraq sıyığabənzər hörra alınana qədər üstünə isti su (45—50°S) tökürlər, efirxardal yağı alınan qədər 30 dəqiqə saxlayırlar. Sonra bu sıyığı iki qatlanmış tənzifə və ya əskiyə nazik yaxır (0,5 sm), üstündən yenə tənzif və ya kağız salıb, xəstənin bədəninə qoyur və üstündən bağlayırlar. Bu xardal yaxmaları fabrikdə hazırlanan yaxmalardan tünd olur, buna görə də vaxtında götürmək lazımdır ki, xəstəni yandırmasın.

loading...

Yuxarı tənəffüs yollarının xəstəliklərində, habelə hipertoniyada ayaqlara xardal vannaları təyin edirlər (suyun temperaturu 50°S olur, bir vedrə suya 50 q. xardal tökülür, vannanın müddəti 20—30 dəqiqədir). Vannadan sonra ayaqları ilıq su ilə yaxalayır, yaxşı qurulayır və sonra xəstəni yatağa uzadırlar.

Xardal sarımaları. 1 xörək qaşığı quru xardalı 0,5 litr suda əridib çalxalayır, iri bir əskini (dəsmal, döşəkağı) bunda isladıb möhkəm sıxır və bunu bədənin müvafiq yerinə sarıyırlar. Üstündən döşəkağı və ya adyal salırlar.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...