UŞAQLARDA KARİYESİN QARŞISINI ALMAQ ÜÇÜN

Piylənməİlk baxışdan çox sadə, amma hamının bilməli olduğu bir mövzu. Qəbula gələn pasientlərimizdən tez-tez belə bir sual eşidirik:

“Doktor, mənim övladım dişlərini vaxtlı-vaxtında fırçalayır. Bəs nə üçün dişlərində kariyes var? “

Hörmətli valideynlər! Əgər övladlarınızın dişlərinin sağlamlığı sizin üçün qiymətlidirsə, aşağıda sadalanan tədbirləri yadda saxlayın və onlara əməl edin!

loading...

Pediatrın nəzarəti

Övladınız dünyaya gəldiyi gündən həkim-pediatrın nəzarətinə götürülməlidir. Çünki, körpənin gələcəkdə çıxacaq dişləri onun və anasının sağlamlığından bilavasitə asılıdır.

Yalnız savadlı həkim-pediatr anaya və uşağa hansı qidaların, vitamin və mikroelementlərin necə və hansı miqdarda qəbul edilməsini düzgün izah edə bilər.

D vitamini

D vitaminini xüsusi qeyd etmək istəyirəm. Çünki, dişlərin tikinti materialı hesab olunan kalsiumun orqanizmdə mənimsənilməsi üçün mütləq kifayət miqdarda D vitamini tələb olunur.

D vitamini həm qəbul edilən qidaların (balıq, malın qara ciyəri, yumurta, kərə yağı və s.) vasitəsi ilə bədənə daxil olur, həm də günəş şüalarının bədənimizə təsiri nəticəsində yaranır.

Uşaq və yeniyetmələrin günəşin altında nə qədər olmaları, tərkibində D vitamini olan ərzaqlardan nə qədər qəbul etmələri, əgər ehtiyac olarsa, D vitamininin preparat şəklində hansı dozada və nə qədər müddətə qəbul edilməsini həkim-pediatr sizə ətraflı izah edəcəkdir.

Dişlərə gigiyenik qulluq

6-8 aylığından etibarən uşaqda ilk süd dişləri çıxmağa başlayır. Məhz bu andan uşağın 2 yaşınadək olan dövrdə, hər qida qəbulundan sonra onlara az da olsa su içirdin və dişlərinin səthini ilıq suda isladılmış təmiz bint və ya tənzif parçası ilə silin.

2 yaşı tamam olmuş uşaqlarda dişlər kiçik diş fırçası ilə diş məcunu (pastası) olmadan təmizlənməlidir.

Uşağı 3 yaşından etibarən öz dişlərini müstəqil olaraq əvvəlcə diş məcunu olmadan, bir müddət sonra isə uşaqlar üçün nəzərdə tutulmuş diş məcunu ilə təmizləməsinə alışdırmaq lazımdır. Bunun üçün yumşaq tüklü diş fırçalarından və tərkibində flüor olmayan diş məcunlarından istifadə ətmək lazımdır.

Çənədə daimi dişlərin hamısı öz yərlərini tutduqdan sonra həm diş fırçası, həm də diş saplarından istifadə etmək tövsiyyə olunur. Çünki daimi dişlər süd dişlərindən fərqli olaraq daha sıx yerləşdiyindən, dişlərin bir-birinə söykənən hissələrini diş sapları daha yaxşı təmizləyir.

Gün ərzində 2 dəfə – səhər yeməyindən sonra və axşam yatmazdan qabaq dişlərin fırçalanması mütləqdir.

Diş fırçasını və məcununu yaş dövrünə uyğun seçmək lazımdır.

Uşaqlar harada olmalarından (evdə, məktəbdə, gəzintidə və s.) asılı olmayarq hər hansı qida qəbulundan sonra ağızlarını su ilə mütləq yaxalamalıdırlar.

Qidalanma

Valideynlər uşaqların qidalanmalarına diqqət yetirməlidirlər. Uşaq və yeniyetmələr qazlı şirin içkilərdən, dişlərlə uzun müddət təmas yarada bilən şirniyyatlardan (iris, barbaris, çeynənilən konfetlər və s.) uzaq durmalıdırlar. Hər hansı bir şirniyyat yedikdən sonra ağız boşluğu su ilə mütləq yaxalanmalıdır.

Uşaq və yeniyetmələr dişlərin səthini yumşaq diş ərpindən təmizləyə bilən kök, kələm, alma kimi tərəvəz və meyvələrə üstünlük verməlidirlər.

Çeynəmə dişlərinin fissurlarının hermetizasiyası

Arxa dişlərin çeynəmə səthində dişlərin fissur adlanan təbii çuxur və yarıqları mövcuddur.

Geniş fissurlar diş fırçası ilə qida qalıqlarından asanlıqla təmizlənir.

Lakin elə fissurlar da vardır ki, onlar ensiz və dərindirlər. Diş fırçası belə fissurlardakı qida qalıqları və diş ərpini təmizləyə bilmir və nəticədə həmin fissurlarda kariyes inkişaf edir.

Dar və dərin fissurlarda kariyesin əmələ gəlməməsi üçün həmin fissurlar hermetiklər – adlanan, şüa ilə bərkiyən xüsusi axıcı plomb materialları ilə doldurulur. Bu prosedura diş yonulmadan aparılır və tamamilə ağrısızdır.

Hermetiklər özünden flüor ionları ifraz etdiyindən, fissurun dibini və divarlarını kariyesi törədən mikroorqanizmlərə qarşı davamlı edir. Həkim-stomatoloq bircə gəlişə, qısa müddət ərzində bir neçə dişin tələb olunan fissurlarını hermetizasiya edə bilər.

Övladlarınızın çeynəmə dişlərinin fissurlarını vaxtında hermetizasiya etdirməkle siz, sonradan kariyes və onun fəsadları ilə zədələnmiş dişlərin daha çox vaxt və maddi vəsait tələb edən müalicələrindən qurtula bilərsiniz.

Həkim-stomatoloqun müayinəsi

Ən geci 6 ayda bir dəfə övladlarınızı həkim-stomatoloqun müayinəsinə aparın. Dişlərin elə sahələri vardır ki, bu sahələri yalnız həkim-stomatoloq xüsusi alətlərin köməyi ilə görə bilir. Belə sahələrdə vaxtında aşkar edilmiş diş ərpinin təmizlənməsi və ya kariyesin aşkar edilərək müalicə edilməsi müvafiq dişi itirilməkdən xilas edir.

Hər hansı bir diş itirilərsə, uşaq və yeniyetmələrdə yuxarı və aşağı diş cərgələrində dişlərin düzülüşünün və bir-biri ile görüşməsinin tez bir zamanda pozğunluqları baş verir. Bu pozğunluqları isə nisbətən çox vaxt və maddi vəsait tələb edən ortopedik və ortodontik konstruksiyaların köməyi ilə aradan qaldırmaq olur.

Hörmətli valideynlər! Yuxarıda sadalanan 6 bənddə göstərilən tədbirlərin hamısına riayət edilməlidir. Bu tədbirlərin birinə riayət edilməməsi və ya hər hansı birinin düzgün icra olunmaması dişlərdə kariyesin əmələ gəlməsinə səbəb olur.

Övladlarınızın dişlərinin sağlam şəkildə qorunub saxlanması onların bütövlükdə sağlamlığına atılmış bir körpüdür.

Dr. Rəsul Tağıyev

loading...

Bunuda oxu...