ÜRƏK HAQQINDA

ÜrəkÜrək orqanizmdə qanı hərəkət etdirən əsas orqandır. Məməlilərdə ürək bir-birinə bitişik sağ, sol yarım hissələrdən, hər bir yarım hissə isə qulaqcıq və mədəcikdən ibarətdir. Qulaqcıqlardan mədəciklərə tərəf açılan klapanlar olur. Ürəyin divarında daxili endokard, orta miokard və xarici epikard qişaları olur.

Rüşeym inkişafının 3 qatlı dövründə entoderma ilə mezodermanın seqmentlərə bölünməmiş visseral vərəqi arasında mezenximositlərdən bədənin selomik boşluğuna qabaran 2 müstəqil borucuq inkişaf edir. Sonra mezenxim borucuqları vahid borucuq kimi birləşir və bunlardan endokard qişası yaranır. Mezodermanın endokarda söykənən visseral vərəqi miokardial lövhə adlanır.

Daxili mezenxim borucuğuna söykənən hissə miokard, xarici hissə isə epikard mayasına çevrilir. Ürək klapanları endokarddan inkişaf edir, sonra bunlara miokardın və epikardın birləşdirici toxuması bitişir.

loading...

Endokard. Bu qişa qulaqcıq, mədəciklərin və onların quruluş elementlərinin (klapanlar, məməvari əzələlər) üstünü örtən fasiləsiz örtükdür. Mənşəyinə və quruluşuna görə endokard qan damarlarının divarına uyğun gəlir. Mədəcik və qulaqcıqlar nahiyəsində endokardın divarı daxili endoteli, orta əzələ elastiki və xarici birləşdirici toxuma qatlarından ibarətdir.

Orta qat elastiki liflərlə zəngin birləşdirici toxumadan və onun üstündə yerləşən saya əzələ hüceyrələrindən, xarici qişa isə boş birləşdirici toxumadan olub, miokardın endomiziyinə keçir. Bu qatda qan damarları və bəzi sahələrində keçirici əzələnin atipik hüceyrələri olur.

Mədəciklə qulaqcıqlar arasındakı klapanlar solda iki taylı, sağda üç taylıdır. Klapanların hər iki səthi endoteli ilə örtülü olub, orta qatı sıx birləşdirici toxuma təşkil edir. Klapanların qulaqcıq səthi hamar, mədəcik səthi isə onun divarındakı məməvari əzələlərin vətərlərinin bəndlənməsi üçün çıxıntılara malikdir.

Bu vətərlərin telləri mədəciklər güclü sıxılanda klapanları qulaqcıqlara tərəf açılmağa və qanı geri qayıtmağa qoymur. Mədəciklərlə aorta və ağciyər arteriyasının mənfəzindəki klapanlar aypara klapanlar adlanır, vətər tellərinə malik deyil, ancaq qanın hərəkəti istiqamətində açılır.

Miokard ürəyin əzələ qişası olub, işçi və keçirici əzələyə ayrılır. İşçi əzələ çox hissəsini təşkil edir. İşçi miositlər birbirilə öz ucları ilə möhkəm birləşib, çoxlu anastomozlar əmələ gətirir. Bu hüceyrələrin bir-birinə təmas etdiyi sahədə hüceyrənin uzun oxuna perpendikulyar ara disklər yerləşir.

Ara disklərdə nazik mikroflamentlər yerləşir.

Mikroflamentlərin olmadığı zonalarda desmosomlar və yarıqvarı kontaktlar olur. Oyanma dalğası yarıqvarı kontaktlardan bir hüceyrədən digər hüceyrəyə mediatorsuz daha tez keçir. Hər bir miositin mərkəzində 1 və ya 2 nüvə, sitoplazmanın kənarlarında isə miofibrillər yerləşir.

Miositlərin üstü kapilyarlarla zəngin zərif birləşdirici toxumadan endomiziylə örtülür. Ürəyin istinad skeleti qulaqcıqlarla mədəciklər arasında və mədəciklərdən çıxan damarların mənfəzində yerləşən fibroz – qığırdaq həlqələrdir.

Ürəyin avtomatik yığılmasını ürəyin keçirici siterminə aid atipik əzələ toxuması yerinə yetirir. Bu sistemə kranial boş venanın məfəzində yerləşən sinus-qulaqcıq düyünü, qulaqcıqlararası arakəsmədə üçtaylı klapanların bəndləndiyi yerdə yerləşən mədəcik-qulaqcıq düyünü, mədəciklərarası arakəsmədə endokard altında yerləşən Nisa lifləri və miokardın birləşdirici toxuma qatlarında yerləşən Purkinə lifləri aiddir.

Bu sistemin elementlərini atipiki əzələ hüceyrələri təşkil edir. Bu sistem ürəyin bütün şöbələrinin müəyyən ardıcıllıqla və tezlikdə yığılmasını və impulsların işçi miositlərə keçməsini təmin edir.

Atipik miositlərin işçi miositlərə nisbətən diametri 2-3 dəfə böyükdür və açıq boyanır. Sinus-qulaqcıq düyünündə ritmi keçiricisi olan xırda hüceyrələr – peysmekerlər olur.

Keçirici əzələnin hüceyrələri işçi əzələnin hüceyrələrinə nisbətən oksigen çatışmamazlığına davamlıdır. Epikard ürəyin xarici qişası olub birləşdici toxumanın elastiki, kollogen liflərindən təşkil olunmuşdur, üstü mezoteli ilə örtülüdür. Bu qişada piy toxuması və iri qan damarları olur.

Epikard perikardın vissersal vərəqi olub, ürəyin iri damarlarının kökündə pariyetal vərəqə keçib, perikardial boşluq əmələ gətirir. Bu boşluqda mezoteli hüceyrələrinin hasil etdiyi seroz maye olur. Quruluşuna görə müxtəlif istiqamətlərdə gedən elastiki, kollogen liflərə malik birləşdirici toxumadan ibarət zərif seroz qişa olub, üstü mezoteli ilə örtülür.

Ürəyin divarı aortadan klapanların yanında ayrılan tac arteriyaları ilə qidalanır. Bu arteriya əzələ elastiki tipli arteriyalardan olub, bir çox xırda şaxələrə ayrılır, bu xırda şaxələr arasında anastomozlar olur. Ürək klapanlarında qan damarları olmur. Hər bir miosit iki kapillyardan qida alır.

Kapillyarlardan, qanı tac venalar toplayır və bu venalar sağ qulaqcığa açılır.

İstirahət zamanı ürəyin ritmik və avtomatik işlənməsini onun keçirici sistemi təmin edir. Fəaliyyət dövründə ürəyin işi daima sinir sisteminin təsiri altında olur. Ürək simpatik və azan sinirlərin şaxələri ilə innervasiya olunur. Həmin sinirlər ürəyin qişalarında sinir kələfləri və intramural sinir düyünləri əmələ gətirir.

Ürəyə gələn postganglionar sinir liflərinin tərkibində ulduzvarı və ön döş simpatik düyününün aksonları olur. Parasimpatik liflərdə hüceyrələrin cismi uzunsovbeynin azan sinir nüvəsində olan aksonlar olur. Bu liflər ürək daxili ganglilərin neyronlarında sinapslar əmələ gətirir və aksonları əzələ hüceyrələrində qurtarır.

Ürəyin afferent innervasiyası azan sinirin düyünlü ganglilərin onurğa beynin ilk 6 döş seqmentinin onurğa beyin düyünlərinin qanqlilərinin neyronlarının dendritləri ilə olur. Dendritlərin uc şaxələri miokardda çoxlu hissi sinir qurtaracaqları əmələ gətirir və bunları iki qrupa ayırmaq olur: mexanoreseptorlar və əzələ reseptorları.

Mexanoreseptorlar arteriolaların ətrafındakı birləşdirici toxuma qatlarında yerləşərək, qan damarlarının mənfəzinin dəyişilməsinə aid siqnalları qəbul edir. Bu reseptorlardan mərkəzə qaçan impulslar ürəyin ritmini reflektor olaraq tezləşdirir. Əzələ reseptorları spiralvarı olub, miositlərin yığılması siqnallarını ötürür. Bundan başqa, intrakardial düyünlərdə yerləşən müxtəlif neyronların iştirakı ilə də yerli refleks qövsləri yaranır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...