TÖRƏDİCİLƏRİN YOLUXMA AMİLLƏRİ

YOLUXUCU XƏSTƏLİKLƏRTörədicilərin yoluxma amilləri – törədicinin bir orqanizmindən digərinə ötürülməsini təmin edən ətraf mühit amilləridir. Törədici yoluxmuş orqanizmdən ifraz edildikdən sonra ətraf mühitə düşür və yenidən həssas orqanizmə daxil olana qədər orada qalır. Ətraf mühit şəraiti yaşayış baxımından törədicilər üçün müxtəlifdir.

Törədicinin xarici mühitdə qalması müddəti də eyni deyildir. Ətraf mühit müxtəlif amilləri (temperatur, rütubət, qida maddələrinin olması və s.) özündə birləşdirir. Onlar patogen törədicilərə təsir edərək ya onun orqanizmə daxil olmasına mane olur, ya da kömək edir.

Törədicinin yoluxmuş orqanizmdən həssas orqanizmə keçməsini və epidemik prosesin daimiliyini təmin edən ətraf mühit amillərinə xəstəlik törədicilərinin yoluxma amilləri deyilir. Onlara aşağıdakılar aiddir: a) hava; b) su; c) torpaq; d) ərzaq məhsulları; e) məişət əşyaları; ə) istehsal alətləri; f) yoluxucu xəstəliklərin canlı keçiriciləri (buğumayaqlılar). Bəzi törədicilər təkamül prosesində təmas yolu ilə (dəri-zöhrəvi xəstəliklər) yoluxmaya uyğunlaşmışdır.

loading...

Törədicinin ötürülməsində iştirak edən amillərin cəmi onun yoluxma yolunu təyin edir.

Hava – yoluxucu xəstəliklərin törədicilərinin yoluxma amilidir Törədicilərin müxtəlif yoluxma amilləri arasında hava mühüm əhəmiyyət daşıyır. Aerozol yoluxma mexanizmində törədicilərin infeksiya mənbəyindən hava vasitəsilə, xaric edilməsi, eləcə də həssas orqanizmə hava vasitəsilə daxil olması bir sıra bioloji və fiziki qanunauyğunluqlarla müəyyən edilir.

Bununla belə, aerozolların əmələ gəlməsini və mövcud olmasını səciyyələndirən məlumatların böyük əhəmiyyəti var, çünki yoluxucu xəstəliklərin yayılmasında asılı halda üzərlərində törədiciləri daşıyan maye və bərk cisimləri olan hava amili mühüm rol oynayır. Hava əksər yoluxucu xəstəliklərin törədiciləri üçün digər mühitlərə nisbətən (su, torpaq, ərzaq məhsulları və s.) az əlverişlidir. Öskürmə, asqırma, tənəffüs və danışıq zamanı əmələ gələn mikrob aerozolu monodispers deyildir, müxtəlif ölçülü cisimciklərdən ibarətdir. Bu aerozolun 15-20%-nikiçik fraksiyalar təşkil edir. Onlar tənəffüs zamanı ağciyərlərin dərin qatlarına daxil olur və bununla törədicilərin oraya keçməsində mühüm rol oynayır.

Hava törədicilərin artması üçün əlverişli şərait olmasa da, ayrı-ayrı mikroblar orada müxtəlif müddətdə sağ qalır: qızılı stafilokok otaq şəraitində 72 saat, difteriya çöpləri 11 saat, qrip virusu 4 saata qədər. Törədicilərin havada yaşama müddəti temperaturdan, rütubətdən, intensiv günəş şüalarının təsirindən və s. asılıdır.

Əsasən hava vasitəsilə yayılan xəstəliklərə qrip, qızılca, ornitoz, epidemik parotit, su çiçəyini misal göstərmək olar. Bununla yanaşı, stafilokok, streptokok, pnevmokok, meninqokokk, göyöskürək, difteriya, vərəm, taun, tulyaremiya, Kü-qızdırması törədicilərinin də hava vasitəsilə yayılması mühüm əhəmiyyət daşıyır. Ağciyər toxumaları bəzi mikrob növlərinə həssas olduğu zaman süni surətdə yaradılmış qara yara, bruselyoz, səpgili yatalaq və s. aerozolları ilə nəfəs aldıqda da bu xəstəliklərin yoluxma mexanizmindən asılı olmayaraq xəstəlik baş verə bilər.

Su – yoluxucu xəstəliklərin törədicilərinin yoluxma amilidir Suyun patogen mikroblarla çirklənməsi müxtəlif yollarla baş verir. Su daha çox açıq su hövzələrinə zərərsizləşdirilməmiş çirkab suların axıdılması nəticəsində çirklənir. İnfeksion xəstəxanaların, baytarlıq müəssisələrinin, eləcə də heyvani məhsulları emal edən müəssisələrin (ət kombinatı, dəri-gön fabrikləri) çirkab suları insan sağlamlığı üçün daha təhlükəlidir. Leysan yağışlar nəticəsində səthi çirklənmiş suların axması sayəsində də su hövzələrinin, su quyularının çirklənməsi baş verir. Açıq su mənbələri çay və göllərdə paltar yuyanda, çimdikdə, çay gəmilərindən çirkab sularının axıdılması zamanı, heyvanları suvararkən çirklənir.

Patogen mikroblarla çirklənmiş su yoluxucu xəstəliklərin törədicilərinin yayılmasında ən qorxulu kütləvi (epidemik) vasitəyə çevrilir.

Suda olan törədicilər ətraf mühit amillərinə (məsələn, günəş şüasına) qarşı həssasdır. Suyun 2 m dərinliyinə düşən günəş şüaları mikrobların əksər hissəsini məhv edir. Bununla belə, su hövzələrinin dibinə yaxın hissədə (lildə) törədicilər uzun müddət sağ qalır.

Suda yaşayan bir çox canlılar özlərindən mikroblara öldürücü təsir göstərən maddələr ifraz edirlər. Onların təsiri nəticəsində su mikroblardan azad olur. Bu proses yayda daha sürətlə gedir.

Qışda isə suyun təmizlənməsi ləngiyir, ona görə də xəstəlik törədən mikroblar (vəba, qarın yatalağı, dizenteriya və s.) soyuq suda uzun müddət saxlanılır.

Su vasitəsilə keçirilən xəstəliklərin siyahısı böyükdür. Onlara vəba, qarın yatalağı, A və B paratifləri, bakterial və amöb dizenteriyası, enterokolitlər, infeksion hepatit, poliomielit, Koksaki və s. viruslu diareyalar, leptospirozlar, bir çox helmintozlar, eləcə də tulyaremiyanın angioz, bubon və bağırsaq növlərini misal göstərmək olar.

Su dəri örtüyü və selikli qişaların bəzi xəstəliklərində (traxoma, qoturluq, göbələk xəstəlikləri, adenoviruslu konyunktivit və s.) törədicilərin yoluxma amili kimi iştirak edir. O, bəzi zoonozların (manqo, dabaq, salmonelyoz, Kü-qızdırması, qara yara və s.) törədicilərinin yayılmasında da iştirak edir. Bir çox yoluxucu xəstəliklərin törədiciləri su vasitəsilə insanlara ya enteral yolla (bağırsaq qrupu xəstəlikləri), ya da parenteral yolla zədələnmiş dəri və selikli qişalardan keçir (leptospirozlar, dəri və xarici örtük xəstəlikləri).

Torpaq – yoluxucu xəstəliklərin törədicilərinin yoluxma amilidir İnsan və heyvan ifrazatları ilə xaric edilmiş patogen törədicilər hava və su ilə yanaşı, torpağı da çirikləndirirlər. Bu, torpağı bir çox yoluxucu xəstəliklərin törədicilərinin güclü yoluxma amilinə çevirir. Patogen anaerob törədicilərin yayılmasında torpağın böyük əhəmiyyəti var. Tetanus, qazlı qanqrena və botulizm törədiciləri insanların və heyvanların nəcisi ilə torpağa düşərək spor əmələ gətirir və illərlə orada sağ qalır. Əgər tetanus və ya qazlı qanqrenanın törədicisi çirklənmiş torpaqla tamlığı pozulmuş dəridən və ya yaradan daxil olarsa, onda yoluxma baş verir.

Törədicilərlə çirklənmiş və tam konservləşdirilməmiş (ət, balıq, tərəvəz), hisə verilmiş ərzaq (kolbasa, donuz əti) məhsullarını qida məqsədilə istifadə etdikdə insan botulizmlə yoluxa bilər.

Torpaq qara yara mikroblarının uzun müddət saxlanması üçün ən əlverişli şəraitdir. Qara yaranın törədiciləri torpağa düşərək (xəstə heyvanların ifrazatı ilə, qara yaradan ölən heyvanların cəsədlərinin basdırılması zamanı) orada spor əmələ gətirir və uzun müddət sağ qalır, əlverişli şəraitdə isə hətta artır.

Torpaq törədicilərlə çirklənmiş torpaqla yayılan bağırsaq qrupu xəstəliklərinin ötürülməsində böyük əhəmiyyət kəsb edir.

Qarın yatalağı, dizenteriya, infeksion hepatit və başqa törədicilər qidalanmada torpaqla çirklənmiş çiy tərəvəzdən və həmin torpaqdan çıxan sudan istifadə etdikdə orqanizmə daxil olur. Törədicilərlə çirklənmiş torpaq böyük miqdarda insanları əhatə edən su epidemiyalarının baş verməsinə səbəb olur.

Torpaq geohelmintlərin (askaridlər, ankilostomidlər və s.) yayılmasında xüsusi əhəmiyyət daşıyır. Bu qurdların yumurtaları nəcislə torpağa düşərək orada müəyyən inkişaf dövrünü keçirir.

İnsanların xəstələnməsi ağız (askaridoz) və dəri vasitəsilə qurdların orqanizmə daxil olmasından sonra baş verir. Nəhayət, üzvi maddələrlə və tullantılarla çirklənmiş torpaq gəmiricilərin və milçəklərin artmasına əlverişli şərait yaradır.

Qida məhsulları – yoluxucu xəstəliklərin törədicilərinin yoluxma amilidir.

Yoluxucu xəstəliklərin törədicilərinin yoluxmasında qida məhsullarının böyük əhəmiyyəti vardır. Su kimi, o da patogen bağırsaq qrupu xəstəliklərinin törədicilərinin (antroponoz, zoonoz) ötürülməsində mühüm rol oynayır. Qida məhsulları müəyyən dərəcədə digər qruplara aid xəstəliklərdə: difteriya, skarlatina, vərəm (öküz tipi), tulyaremiya, dabaq, meninqoensefalit, Kü-qızdırması, qara yara (bağısaq forması) və s. zamanı iştirak edə bilər.

Qida məhsullarının patogen mikroblarla yoluxması birincili və ikincili ola bilər. Birincili yoluxma heyvanlardan alınan məhsullardan istifadə etdikdə baş verir. Qida maddələrinin ikincili yoluxması daha çox qeydə alınır.

Yoluxucu xəstəliklərin törədiciləri qida məhsullarına xəstə və ya basilgəzdirənlərin əlləri, çirklənmiş qab-qacaqla keçə bilər.

Gəmiricilər və ya milçəklər də törədicini qida məhsullarına ötürə bilərlər. İkincili çirklənmə qidanın alınması, daşınması, saxlanması, eləcə də xörək hazırlayan zaman baş verir. Qida məhsullarına düşmüş törədicilər (xüsusilə heyvani məhsullarla) qısa müddət ərzində orada yaşaması və hətta inkişafı üçün əlverişli şərait tapırlar. Epidemioloji əhəmiyyətinə görə qida məhsulları aşağıdakı növlərə bölünür: 1) süd və süd məhsulları; 2) ət və ət məhsulları; 3) balıq və balıq məhsulları; 4) yumurta (ördək, qaz, toyuq); 5) tərəvəz, giləmeyvə və onların konservi; 6) çörək və undan hazırlanmış digər məmulatlar. Yoluxmuş qida məhsulu sporadək və kütləvi xəstələnməyə səbəb ola bilər. Sonuncu qida epidemiyası adlanır. Bu epidemiyanın xüsusiyyəti ondadır ki, epidemik proses qeyri-adi sürətlə inkişaf edərək xəstəlik böyük sayda insanları əhatə edir.

Çox vaxt qida epidemiyaları törədicilərlə çirklənmiş südü qəbul etdikdə baş verir. Südün yüksək epidemioloji əhəmiyyəti onunla izah edilir ki, maye mühit olduğu üçün törədicilər onun bütün həcmində yayılır və qidalı mühit olan süddə şiddətlə inkişaf edirlər (18-20o C-dən başlayaraq). Birincili yoluxmuş süd, xüsusilə də xəstə heyvanlardan (bruselyoz, vərəm, dabaq) alınan süd epidemioloji cəhətdən çox təhlükəlidir. Belə südün çiy şəkildə qəbul edilməsi nəticəsində insanlar bir sıra yoluxucu xəstəliklərin törədiciləri ilə yoluxurlar. İkincili yoluxmuş süd də epidemioloji cəhətdən təhlükəlidir.

Sağlam heyvandan alınıb sonra saxlanma, nəqliyyat, satış və emal vaxtı çirklənən süd insanların qarın yatalağı, A və B paratifləri, dizenteriya kimi yoluxucu xəstəliklərlə yoluxmasına səbəb olur.

Süddən bir qədər az olsa da süd məhsullarının (şor, xama, qatıq, kərə yağı, kremlər, dondurma və s.) törədicilərlə çirklənməsi qida epidemiyasına bənzər epidemioloji vəziyyətin əmələ gəlməsinə gətirib çıxarır.

Ət və ət məhsulları da bir çox zoonoz xəstəliklərin yayılmasında mühüm rol oynayır. Bunlardan salmonelyoz, qida toksiko infeksiyalarının törədicilərinin epidemioloji əhəmiyyəti xüsusilə yüksəkdir. Salmonelyoz xəstəliyinin törədicilərinin – salmonellaların minə yaxın növü var. Salmonellalar müxtəlif heyvanların və quşların orqanizmində inkişaf edir. Heyvanların salmonellalarla yoluxması təkcə sağlığında deyil, kəsiləndən sonra da (cəmdəyin emalı, daşınma zamanı təmiz ətin yoluxmuş ətlə birlikdə aparılması, yemək hazırlayarkən və s.) mümkündür.

Xəstə quşların yumurtaları ilə də salmonelyozla yoluxma baş verə bilər.

Salmonellalarla yoluxmuş ət, ət məhsullarının və yumurtaların termiki emaldan keçmədən istifadə edilməsi kütləvi toksikoinfeksiyalara (qida zəhərlənməsi) səbəb olur.

Yoluxmuş ətin hisə verilmiş məhsulları (kolbasa, donuz əti) botulizm toksikoinfeksiyasına səbəb olur. Tenidozların (donuz və öküz) və trixinelyozların yayılmasında heyvan ətinin xüsusi əhəmiyyəti var. Biohelmintlərin sürfələri (opistorxoz və s.) ilə yoluxmuş balığı çiy yeyərkən və ya termiki emaldan düzgün keçirilmədikdə insan parazitlərlə yoluxur.

Bir sıra xarici ölkələrdə çirkab suları ilə çirklənmiş su hövzələrində yetişdirilmiş dəniz ilbizinin qida məqsədilə istifadə edilməsi nəticəsində qarın yatalağı və viruslu hepatitlə kütləvi xəstələnmə qeydə alınmışdır. Bağırsaq qrupu və digər xəstəliklərin törədiciləri ilə yoluxmuş çörək, çiy tərəvəz və meyvə də patogen törədicilərin yayılmasında iştirak edir. Bu qida məhsulları ilə yoluxmaya tək-tək təsadüf olunur, çünki patogen törədicilər onlarda inkişaf etmir.

Məişət və istehsalat əşyaları xəstəliklərin yoluxma amilidir Xəstə və ya basilgəzdirənlər tərəfindən xarici mühitə ifraz edilmiş patogen mikroblar ətraf mühitdə yerləşən əşyaların üzərinə düşə bilər. Əşyalar törədicilərlə hava (tozla) və həşəratlar vasitəsilə də çirklənə bilər. Patogen mikroblar bu əşyaların üzərində, adətən artmırlar və tədricən məhv olurlar.

Xəstəliyin yayılmasında iştirak edən xəstəlik törədiciləri ilə çirklənmiş əşyaların rolu eyni deyildir. O, çirklənmənin dərəcəsindən, törədicilərin ətraf mühitdə saxlanma müddətindən və nəhayət, sağlam şəxslər tərəfindən əşyaların istifadə edilməsinin tezliyindən (daha çox, az hallarda, nadir hallarda) asılıdır.

Digər əşyalarla müqayisə etdikdə qab-qacağın (qaşıq, stəkan, nimçə və s.) epidemioloji əhəmiyyəti daha böyükdür. Törədici ilə çirklənmiş qab-qacağın istifadəsi nəticəsində vərəm, sifilis, difteriya, skarlatina, epidemik parotit, qrip, bağırsaq və digər qrup xəstəliklərlə yoluxma baş verir. Oyuncaqlar yuxarıda adları çəkilən törədicilərlə çirklənmiş olarsa, uşaqların yoluxmasına gətirib çıxarar.

Üst və alt paltar, üz və burun dəsmalı, baş geyimi və s. kimi geyim əşyalarının da yoluxucu xəstəlik törədicilərinin ötürülməsində böyük əhəmiyyəti vardır. Bu əşyaları sağlam və xəstə şəxslər işlədərsə, qoturluq, göbələk və digər dəri xəstəliklərini, eləcə də traxoma, bağırsaq qrupu xəstəlikləri, səpgili yatalaq və s.yoluxucu xəstəlikləri ilə yoluxa bilərlər. Törədicilərlə çirklənmiş xəz boyunluq vasitəsilə qara yaranın dəri növünün əmələ gəlməsi məlumdur. Nəhayət, geyim paltarından bir neçə şəxsin birgə istifadə etməsi zamanı pedikulyozun yayılması üçün əlverişli şərait yaranır.

Patogen törədicilərin ötürülməsində mebel, divar, döşəmənin yoluxma amili kimi əhəmiyyəti nisbətən zəifdir. Bu, onunla izah edilir ki, onlar çox az çirklənirlər, insanlar onlarla nisbətən az təmasda olurlar. Doğrudur, xəstələrin ifrazatları ilə çirkləndikdə çox böyük olmayan xəstələnmə halları baş verir (məsələn: vərəmdə, tulyaremiya zamanı toz vasitəsilə və s.). Yoluxucu xəstəliklərin (xüsusilə bağırsaq qrupu xəstəliklərinin) törədiciləri ilə həddən çox çirklənmiş ayaqyolu qapısının tutacaqları xəstəliyin sağlam şəxslərə ötürülməsində yoluxma amili kimi iştirak edə bilər.

Epidemologiya, Şərq-Qərb, 2012

loading...

Bunuda oxu...