TİBB BACISININ ŞƏXSİ GİGİYENASI VƏ VƏZİFƏLƏRİ

TİBB BACISIFeldşerin vəzifə dairəsi, xüsusilə həkim olmadıqda, xeyli genişdir. Tibb bacısının vəzifəsi isə ancaq həkimin təyinatlarını yerinə yetirmək, xəstəyə qulluq və müşahidə, həkiməqədər ilk yardım göstərmək və kiçik tibb personalına rəhbərlik etməkdən ibarətdir.

Feldşer və tibb bacısı öz vəzifələrini yerinə yetirmək üçün müəyyən biliyə və praktik bacarığa malik olmalıdırlar; onlar bunu nəzəri və praktik təlim prosesində əldə edirlər.

Tibb işçisinin şəxsi gigiyenası. Tibb işçisi biliklərdən başqa, müəyyən şəxsi keyfiyyətlərə də malik olmalıdır. Bu keyfiyyətləri iki qrupa bölmək olar: zahiri keyfiyyətlər – əsasən tibb işçisinin ümumi sanitariya-gigiyenik mədəniyyətindən ibarətdir və daxili keyfiyyətlər – tibb işçisinin davranışında və mənəvi simasında öz əksini tapan keyfiyyətlərdir.

loading...

Hər hansı rütbə və dərəcədən olan tibb işçisi öz sağlamlığını qoruyaraq, şəxsi gigiyena qaydalarını gözləməlidir. Bu həm onun özü, həm də xidmət etdiyi xəstələr üçün lazımdır. Hər bir tibb işçisi yüksək sanitariya mədəniyyətinin canlı nümunəsi olmalıdır. Heç bir təbliğat şəxsi nümunə kimi nəticə verə bilmir. Əgər tibb işçisinin özü öz sağlamlığım qorumursa, o bunu xəstələrə necə öyrədə bilər?

Həmişə səhərlər eyni vaxtda yuxudan durmaq və eyni vaxtda yatmaq, səhər, günorta və axşam yeməyini eyni vaxtda yemək lazımdır.

İş və istirahət saatları düzgün bölüşdürülməlidir ki, zehni və fiziki iş növbələnsin. Yalnız düşünülmüş həyat tərzi gümrah əhval-ruhiyyə yaradır ki, bu da həmişə xəstələrin arasında olan tibb işçisi üçün çox vacibdir, çünki xəstələrin sağalmağa inamı artıran təsəlliyə ehtiyacı vardır.

Şəxsi gigiyenada qidalanma rejimi əsas cəhətdir. Qidanın eyni saatlarda qəbulunun, ərzaqların yaxşı seçilməsinin, keyfiyyət və kəmiyyət cəhətdən qidalanma rejimini gözləməyin sağlamlıq üçün çox böyük əhəmiyyəti vardır.

Tibb işçisinin zərərli adətləri olmamalıdır və varsa, onları tərgitməyə çalışmalıdır. Tibb peşəsi ilə bir araya sığmayan zərərli adətlərə papiros çəkmək, alkoholdan, narkotik maddələrdən sui-istifadə etmək və s. aiddir.

Sağlamlığı qorumaq və xəstəliklərin qarşısını almaq üçün bədən tərbiyəsi ilə məşğul olmaq və orqanizmi möhkəmlətmək lazımdır. Sonradan su proseduraları etməklə səhər gimnastikası adət şəkli almalıdır.

Tibb işçisi öz bədəninin təmizliyinə xüsusi fikir verməlidir.

Həftədə 2-3 dəfə, həddən artıq tərlədikdə isə daha tez-tez isti su ilə yuyunmaq, üzü və boyunu sutkada iki dəfə yumaq, həmçinin sutkada 1-2 dəfə aralıq nahiyəsini yumaq lazımdır. Ayaqlan, xüsusilə tərlədikdə, hər gün yumalı. Səhərlər (bədən tərbiyəsi hərəkətlərindən sonra) qurşağa qədər yuyunmaq lazımdır. Aralıq nahiyəsini və ayaqları ilıq su ilə yumaq məsləhət görülür.

Əllərə xüsusi qulluq edilməlidir. Tibb işçisi əllərini yalnız yeməkdən əvvəl və ayaqyoluna getdikdən sonra deyil, hər bir tibbi manipulyasiyadan əvvəl və sonra da yuyur. Tibb işçiləri, xüsusilə cərrahlıqla əlaqəsi olanlar (cərrahi şöbənin tibb bacıları, mamalar və i.a.) öz əllərini çirklənmədən səylə qorumalıdırlar. İşləri görərkən (döşəmə yumaq, mənzildə sanitariya şəbəkəsini yığışdırmaq, tərəvəz təmizləmək və i.a.) əlcək geyməli, dırnaqları qısa tutub hamarlamalıdır. Dırnaq yatağının kənarındakı dərini kəsmək məsləhət görülmür, çünki bu çox vaxt rişələrin, sonra da irinliklərin əmələ gəlməsinə səbəb olur. Dırnaqları lakla rəngləmək məsləhət görülmür. Əlləri şotka ilə yumaq lazımdır. Bu onun üçün lazımdır ki, dırnaqyanı və dırnaqaltı nahiyələr təmizlənsin.

Əllərin tez-tez yuyulması dərinin qurumasına səbəb olur, buna görə onlara hər gün axşamlar və işdən sonra hər hansı bir yağ, yaxud qliserinlə naşatır spirtinin qarışığını sürtərək hopdurmaq lazımdır.

Saçlara da qulluq etmək vacibdir. Saçları 1 – 4 gündən bir qaynanmış su və uşaq sabunu ilə yumaq məsləhət görülür. Yağlı saçlar isə ilıq su ilə yuyulur. Əgər qabıqvermə varsa, həkimə müraciət etmək lazımdır. Saçlar həmişə səliqə ilə daranmış olmalıdır, saçları cürbəcür formalara salmaq lazım deyil, çünki bunlar iş vaxtı qalpaq, yaxud ləçək altından çıxa bilər.

Tibb işçisi üçün ağız boşluğuna qulluğun böyük əhəmiyyəti vardır, çünki saymaz münasibət və lazımi dərəcədə olmayan qulluq dişlərin xarab olmasına və ağızdan pis iy gəlməsinə səbəb olur. Dişləri gündə iki dəfə yumaq və hər dəfə qida qəbul etdikdən sonra ağızı yaxalamaq lazımdır.

Özünü vaxtaşırı olaraq, diş həkiminə göstərməlidir ki, lazım gəldikdə müalicə aparsın. Gigiyena tələblərini saymayan, öz ağız boşluğuna saymaz münasibət göstərən, onu öz xəstəliyinin mənbəyinə çevirən adamı mədəni adam hesab etmək olmaz. Ağızdan gələn pis iy başqa səbəblərdən də ola bilər; adamlarla ünsiyyəti çətinləşdirən bu qüsurdan yaxa qurtarmaq üçün onu törədən səbəbi aydınlaşdırmaq lazımdır. Bundan əlavə, işə getməzdən əvvəl kəskin iyli şeylər – sarımsaq, soğan və s. yemək olmaz.

Hər bir mədəni adam, xüsusilə tibb işçisi geyim gigiyenasını gözləməlidir. Geyim ilin fəslinə və iqlim şəraitinə uyğun, ölçüsü isə elə olmalıdır ki, bədənin ayrı-ayrı hissələrinin və orqanlarının qan dövranını çətinləşdirməsin.

İş paltarı üçün parça seçdikdə, görüləcək işin xarakterini nəzərə almaq lazımdır. İnfeksion xəstəxanaların, doğum evlərinin əksəriyyətində, bir sıra cərrahlıq şöbələ¬rində işçilər üçün fərdi şkaflar vardır; bunlar həm xüsusi iş paltarı, həm də işyolu paltar və ayaqqabıları üçündür. Belə hallarda işdənkənar vaxtlarda geymək üçün istənilən parçadan, iş üçün isə asan yuyulan sadə iplik parçadan tikilmiş paltar almaq olar. Bu, mümkün deyilsə, işyolu paltar üçün elə parça seçmək lazımdır ki, tez-tez yuyulduqda xarab olmasın, işyolu paltar yun paltara nisbətən gec- gec yuyulduğuna, yaxud kimyəvi üsulla təmizləndiyinə görə onu qatlanan yaxalıqlı, manjetli, asan yuyulan parçadan olan koftanın üstündən geymək lazımdır. Ümumiyyətlə, iş üçün yubka və kofta daha əlverişlidir.

Üst paltarı və yun geyimləri tez-tez şotka ilə təmizləmək, tozunu çırpmaq, yaxud tozsoranla təmizləmək, çirkli yerləri benzinlə təmizləyib ütüləmək lazımdır.

Alt paltarlar həftədə bir dəfədən az olmayaraq dəyişdirilməlidir; bu tələblər qadın tualetində büsthalterə və çılpaq bədənə geyilən rezin kəmərə də aiddir; yatanda əyinə gecə köynəyi geyməli və heç vaxt bütün gün əyində olan dəyişəklə yatağa uzanmamalı.

Corabları yayda hər gün, qışda isə həftədə 2-3 dəfə yumaq lazımdır.

Ayaqqabı rahat olub, ayağı sıxmamalı, dabanı çox da hündür olmamalıdır. Tibb işçiləri qışda tufli, yaxııd çəkmə geyməli.

Məsaməli və kauçuk altlıqlı ayaqqabılar geymək məsləhət görülmür, çünki belə ayaqqabılarla küçənin palçığı müalicə müəssisəsinə və xəstənin mənzilinə gətirilir.

Tibb işçisinin iş paltarı xələtdən, baş geyimindən və ayaqqabıdan ibarətdir. Cərrahlıq şöbələrində, evlərində, İnfeksion və bir sıra başqa şöbələrdə üst paltarı da iş paltarına aid edilir.

Həkimlərin başa qoyduğu geyim forması papaqdan, tibb bacısı üçün ləçək, yaxud papaqdan, sanitarlar üçün ləçəkdən ibarətdir. Baş geyimi ağ kətandan, yaxud iplikdən ibarət olub, asan yuyulmalıdır. Hər bir baş geyimi saçları tam örtməlidir. Baş geyimi üçün tənzif işlətmək məsləhət görülmür, çünki o ancaq tibbi məqsədlər üçün işlədilməlidir.

Xələti tez-tez yuyulmağa, qaynadılmağa, dezinfeksiyaedici maddələrlə işləməyə davamlı ağ iplik, yaxud kətan parçadan tikirlər. Xələt paltarı tamamilə örtməlidir. Bütün ‘ tibb işçiləri üçün əsasən arxadan bağlanan xələt geymək qəbul edilmişdir, bəzi şöbələrdə iki tərəfdən düymələnən xələt də geymək olar. Xələt və baş geyimi sadəcə təmiz yox, qar kimi ağappaq olmalıdır.

Stasionarda işləyən tibb işçisi başmaq geyməlidir. Bu, bir tərəfdən,  işçinin özü üçün rahatdır, digər tərəfdən, bunlarda gəzdikdə səs az əmələ gəldiyinə görə xəstələri narahat etmir. Başmaqların dəri və ya rezin altlığı olmalıdır; altı keçə, yaxud xəzli başmaq qəti yaramaz, çünki bunlar çirk yığır və onları təmizləmək çətin olur.

Tibb işçisinin xarici görünüşünün əhəmiyyəti haqqında qədim Yunanıstanın böyük həkimi, tibbin atası sayılan . Hippokrat (bizim e.ə. 460-377) demişdir: «Əgər təbiətinə uyğun olaraq həkimin rəngi yaxşıdırsa və bədəncə dolğun- dursa, bu onun hörmətini artırır, çünki camaat arasında belə hesab edirlər ki, yaxşı görkəmi olmayanlar başqalarına da düzgün qayğı göstərə bilməzlər. Sonra, həkim özünü təmiz saxlamalıdır, yaxşı geyinməli və ətirli yağlar sürtməlidir. Çünki bunların hamısı xəstələrin xoşuna gəlir».

Müasir tibb etikası tibb işçisindən yalnız şəxsi gigiyena qaydalarını deyil, ədəb qaydalarını da gözləməyi tələb edir. Geyim yalnız təmiz, işin icrası üçün rahat olmalıdır. Paltar həddindən artıq parlaq, yaxud qəribə biçimi ilə xəstələri əsəbiləşdirməməlidir. Ətiri az vurmalı, həm də xoşagələn, zərif ətirlərdən istifadə etməli. Tibb işçisinin işinin xüsusiyyəti elədir ki, o, kosmetikadan və müxtəlif bəzək şeylərindən az istifadə etməlidir.

Tibb bacısının mənəvi siması. Tibb bacısının mənəvi simasının əsasını humanizm (insanpərvərlik) təşkil edir.

Tibb bacısı xəstələrlə münasibətində son dərəcə səbirli olmalıdır. Bir çox hallarda xəstələrin hərəkətləri xəstəlik nəticəsində mərkəzi sinir sistemində baş vermiş dəyişikliklərlə izah olunur. Bir tərəfdən, bunu başa düşmək, digər tərəfdən isə xəstəyə mehriban yanaşmaq tibb bacısının səbirli olmasını daha artıq tələb edir. Həyəcanlı halda olan xəstəyə səbirli və mehriban münasibət ona sakitləşdirici təsir göstərir.

Xəstəyə münasibətdə tibb bacısı nəzakətli olmalıdır. O, xəstəyə elə yanaşmalıdır ki, onun halını pozmasın, xoşagəlməz təsir bağışlamasın, onda sağalacağına şübhə yaratmasın. Bunun üçün xəstə ilə ünsiyyət zamanı yalnız onun barəsində düşünərək, fikrini və arzusunu, qorxu və kədərini başa düşməyə çalışmaq lazımdır. Xəstə ilə təmasda olmaq, ona uyğunlaşaraq, xasiyyətini öyrənib başa düşərək məhz yaxın adamı kimi münasibət göstərilməlidir.

Tibb bacısı sirr saxlamağı bacarmalıdır və tutduğu vəzifəsinə görə ona göstərilən xüsusi etimaddan sui-istifadə etməməlidir. Həkimlərin və orta tibb işçilərinin müzakirə etdiyi və xəstələrə aid olmayan hər bir məsələ xəstələrdən gizli saxlanılmalıdır. Bu da vacibdir ki, xəstənin özü barəsində dediyi hər bir məlumatı o biri xəstələr bilməsin.

Tibb bacısı yüksək dərəcədə inkişaf etmiş məsuliyyət hissinə malik olmalıdır. Özünün üzərinə düşən vəzifəni yaxşı yerinə yetirmə səyi onun bütün hərəkətlərinin əsası olmalıdır.

Xəstələrlə həssas, nəzakətli və diqqətli olmaqla bərabər, tibb bacısı öz ləyaqətini saxlamalı və xəstələrin onunla açıq-saçıq olmalarına yol verməməlidir. Tibb bacı¬sının düzgün davranışı, yüksək mənəvi keyfiyyətləri və peşə ustalığı ona xəstələr və yoldaşları arasında nüfuz qazandırır, hamının hörmət və məhəbbətinə imkan yaradır.

Tibb bacısı intizamlı olmalıdır. O, müalicə müəssisəsində qoyulmuş qaydalara möhkəm əməl etməli və bu qaydaların onun tabeliyində olan kiçik tibb işçilərinin, sanitarların gözləməsini tələb etməlidir. Sanitarların tibbi təhsili olmadığından, tibb bacıları iş prosesində onları öyrədir, gördükləri hər bir işi yoxlayırlar. Tibb bacısı özünün şəxsi nümunəsi, nəzakəti və vaxtında etdiyi tənbehləri ilə sanitarların işinə istiqamət verir, onlara tapşırılmış işə vicdanla yanaşmağı öyrədir.

Böyük tibb bacısı şöbədəki tibb bacılarının işinə rəhbərlik edir, işin keyfiyyətini yoxlayır, onları öyrədir və tərbiyə edir. Çətin anlarda o özü birinci olaraq tibb bacısının köməyinə gəlir. Böyük tibb bacısının bir sıra vəzifələri vardır: sənədlərin tərtibi, bütün şöbə üçün dərmanların yazılıb alınması və i.a. Tibb bacıları hər bir məsələ üçün, şübhəli bir iş olduqda və çətinlik çəkdikdə, böyük tibb bacısına müraciət edir, ondan kömək və göstəriş alırlar.

loading...

Bunuda oxu...