TƏNƏFFÜS YOLLARI İNFEKSİYALARI

TƏNƏFFÜSTənəffüs yolları infeksiyaları – tənəffüs orqanlarının selikli qişasının zədələnməsi və hava-damcı yoluxma mexanizmi ilə xarakterizə olunurlar.

Bu infeksiyalara həmçinin aerogen, aspirasion, aerozol, damcı infeksiyası adları da verilmişdir. Lakin onların heç biri müvəffəqiyyətli deyildir. Belə ki, “aerogen” termini ona görə yararsızdır ki, hava bu qrup infeksiyaları generasiya etmir, yalnız törədicilərin ötürülməsi üçün mühitdir.

“Aspirasion” termini də düzgün deyildir, çünki aspiarsiya, yəni nəfəsalma yoluxma mexanizminin 3-cü fazası sayılır. Bundan başqa, digər infeksiyalarda da törədicilərin, həmçinin kimyəvi və fiziki agentlərin aspirasiyası da mümkündür ki, çox vaxt onların infeksion amilə heç aidiyyəti olmur.

loading...

“Aerozol” termini isə ona görə işlədilə bilməz ki, tək tənəffüs infeksiyaları deyil, digər qrup infeksiyaların da törədiciləri bu üsulla yayıla bilər. Məsələn, 1942–1943-cü illərdə baş verən tulyaremiyanın epidemiyası törədicilərlə çirklənmiş bərkfazalı aerozolun udulması ilə şərtlənmişdir.

“Damcı” termini də sinonimdir, lakin damcı təkcə havada əmələ gəlmir, ona görə də “hava-damcı” termini daha məqsədəuyğundur. Beləliklə, hava-damcı yoluxma mexanizmi – tənəffüs sistemində lokalizasiya edən törədicilərin əsas mexanizmidir.

Bu qrup xəstəliklər aerozol antroponozlar da adlanır, çünki yalnız insanlarda müşahidə edilir. Bu qrupa aid olan bütün xəstəliklərdə infeksiya mənbəyi insan (xəstə və törədicigəzdirən) hesab olunur.

Buna görə də bu qrupa daxil olan xəstəliklərə aerozol antroponozlar da deyilir. İnsanın yoluxucu xəstəliklərinin 20%-dən çoxu bu qrupa aiddir. Tənəffüs yolları xəstəlikləri sırasına qrip, qızılca, göyöskürək, difteriya, skarlatina və s. daxildir.

Aerozol antroponozlarda epidemik prosesin inkişaf qanunauyğunluqları parazitar sistemdə sahib və parazit populyasiyalarının infeksion – immunoloji qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.

Bir sıra nozoloji formalarda göstərilmişdir ki, törədicinin sirkul yasiyasının təsiri nəticəsində kollektivin dəyişən immunoloji strukturu törədicinin virulentliyinə təsir göstərir. Həssas adamların olduğu zaman xəstələnmə artır, törədicinin virulentliyi yüksəlir.

İmmun şəxslərin artması yoluxanlarda xəstələnmə riskini azaldır, orqanizimdə virulentliyi zəifləmiş törədicilər toplanır və törədicinin epidemiyaarası dövrdə saxlanılmasına imkan yaranır.

Əlavə həssas kontingentlərin meydana gəlməsi onları törədicilərin sirkulyasiyasına qoşur. Bu zaman törədicilərin virulentliyi artır və xəstələnmə səviyyəsi yüksəlir.

Aerozol antroponozlar tənəffüs yollarının selikli qişasının zədələnməsi və hava-damcı mexanizmi ilə səciyyələnir. Yoluxma mexanizmi 3 mərhələdən ibarətdir. 1-ci mərhələ – törədicilərin yoluxmuş orqanizmdən ifraz olunması nəfəsvermə, danışma, öskürmə, asqırma zamanı həyata keçirilir.

Törədicilər yoluxmuş orqanizmdən selik və ağız suyunun damcıları ilə havaya düşür və orada mikrob aerozolu əmələ gəlir. 2-ci mərhələ – aerozolun damcı, hava-nüvəcik və toz fazaları ilə realizə olunur.

3-cü mərhələdə törədicilərin insan orqanizminə daxil olması nəfəs aldıqda baş verir.

Tənəffüs yollarının yuxarı şöbələrində yerləşmiş törədicilər nəfəsvermə, asqırma, danışıq zamanı ifraz olunur. Öskürmə zamanı isə tənəffüs yolunun aşağı hissələrində yerləşmiş törədicilər ifraz edilir.

Öskürmə, asqırma, danışıq zamanı havada əmələ gələn hissəciklərin ölçüsündən asılı olaraq, mikrob aerozolu 2 fazaya bölünür:

1) xırda damcılı (hissəciklərin ölçüləri 100 mkm -ə qədər);

2) iri damcılı (hissəciklərin ölçüsü 100 mkm-dən böyükdür).

Damcılar infeksiya mənbəyi ətrafında 1-2 m (nadir hallarda daha çox) məsafədə yayılır. Damcılar ifraz olunduqdan sonra yaxın 20 dəqiqə ərzində quruyur, bəzən isə havanın temperaturundan və rütubətdən asılı olaraq 2 saat ərzində havada saxlanır (qızılca, göyöskürək). Quruma nəticəsində xəstəliklərin törədiciləri aerozolun damcı fazasından damcı-nüvəcik fazasına keçir.

Bu zaman törədicilərin kütləvi şəkildə məhv olması baş verir.

Xarici mühit amillərinin təsirinə qarşı az davamlı törədicilər tezliklə məhv olur, daha davamlılar isə hissəvi saxlanırlar. Böyük ölçülü damcılar yerə çökür və quruyur, nəticədə toza çevrilirlər.

Ölçüsü 100 mkm-ə qədər olan “nüvəciklər” havada saatlarla asılmış vəziyyətdə qalır və hava axını ilə otaqda dövr edir, onun hüdudlarından kənarda ventilyasiya yollarından dəhlizə keçə bilir. Onlar yavaş-yavaş aşağı çökürlər. Məsələn, qızılı stafilokokklar 72 saat, difteriya çöpləri bir neçə saatdan 2 sutkaya qədər, qrip virusu 4 saat ərzində havada həyat qabiliyyətini saxlayırlar.

Otaqlar yığışdırıldıqda, insanların hərəkəti və digər amillərin təsiri altında hava axınının hərəkəti nəticəsində aerozolun ikincili toz fazası yaranır. Ölçüsü 100 mkm-ə qədər olan toz hissəcikləri havada uzun müddət asılı vəziyyətdə qalır.

İnfeksion aerozolun toz fazasının formalaşmasında daha vacib mənbə bəlğəm (vərəm zamanı), həmçinin törədicilərin orqanizmdə əlavə lokalizasiyası zamanı patoloji möhtəviyyat: məsələn, dəri zədələnmələrində qartmaqlar hesab olunur. Sonuncu halda infeksiyalaşmış tozun formalaşmasında alt paltarlarının əhəmiyyəti xüsusilə böyükdür.

Tənəffüs yolları infeksiyaları qrupuna aid olan bütün xəstəliklər insanın yoluxma mexanizminin xüsusiyyətlərindən asılı olaraq 4 qrupa bölünür:

I qrup – bura qızılca, məxmərək, epidemik parotit, su çiçəyi, göyöskürək, qrip aiddir. Bu xəstəliklərin yoluxmasında damcı, hissəvi olaraq infeksion aerozolun nüvəcik fazası həlledici əhəmiyyət kəsb edir, digər yollar rol oynamır.

II qrupa – stafilokokk, streptokokk, meninqokokk, difteriya bakteriyalarını və adenoviruslarla törədilən xəstəlikləri aid etmək olar. Törədiciləri xarici mühitdə nisbətən davamlı olduqlarına görə bu xəstəliklərin törədicilərinin yoluxmasında hava-nüvəcik fazasının əhəmiyyəti yüksəlir. Bu qrup xəstəliklərin yayılmasında təmas-məişət, qida yolları da rol oynaya bilər.

III qrupa vərəm və təbii çiçək aiddir. Bu xəstəliklərin törədiciləri xarici mühitdə olduqca davamlıdırlar. Xəstəliklərin törədiciləri virulentliyini və həyat qabiliyyətini aerozolun toz fazasında belə saxlayırlar.

IV qrupa – skleroma aiddir. Bu xəstəlikdə məişət (əllər vasitəsilə), alimentar yoluxma yolları aerozol yoluxma mexanizmindən daha əhəmiyyətlidir.

Etioloji amili əsas götürürək aerozol antroponozları bir neçə qrupa bölürlər. Onlar yuxarı tənəffüs yollarının müxtəlif hissələrinin zədələnməsi ilə xarakterizə olunurlar.

I qrupu KRVİ (kəskin respirator virus infeksiyaları) təşkil edir. Bu qrup xəstəliklərin törədiciləri müxtəlif cinslərə və ailələrə daxil olan viruslardır. Onların hamısı RNT tərkibli viruslardır (adenoviruslar istisna olunmaqla – tərkibində DNT zənciri vardır). KRVİ-nin əsas törədiciləri miksoviruslardır. Buraya B, A, C qrip virusları və paraqrip virusları, RS (respirator-sinsitial) viruslar daxildir.

Bundan başqa, pikornoviruslar (pico – xırda ölçülü, rna – RNT), enteroviruslar və rinoviruslar, koronoviruslar, reoviruslar, adenoviruslar da iştirak edirlər. Enteroviruslara Koksaki A və B, ESNO (enteric cytopathogenetic human orphans – insanın sitopatogenetik yetim virusları) aiddir. KRX bəzi bakteriyalar və mikoplazmalarla (pnevmoniya) da törədilə bilər.

Onların törətdikləri xəstəliklərdə klinik sindromlar virus mənşəli KRX-də müşahidə edilən sindromlarla oxşardır. Müxtəlif törədicilərlə törədilən xəstəliklərin kliniki diferensiasiyasının çətinliyi ilə əlaqədar olaraq, hazırda KRX ümumiləşdirilmiş diaqnozunun qoyulması istifadə olunur. KRX nəinki infeksion, həmçinin ümumi xəstələnmənin strukturunda ən geniş yayılmış xəstəliklərdir.

II qrup – qızılca, III – epidemik parotit, IV – herpesviruslu infeksiyalar (su çiçəyi, kəmərvari dəmrov), V – məxmərək, VI – bakterial xəstəliklərdən (streptokokk infeksiyası – streptokokoz: skarlatina, angina), VII – difteriya (corinobacterium

diphteriae), VIII – göyöskürək (Bordetella pertusis), IX – meningit (Neisseria meningitidis), X – vərəm (Mycobacterium tuberculosis), XI – cüzam (Mycobacterium leprae) ibarətdir.

Ümumlikdə qəbul olunmuşdur ki, aerozol antroponozlarda epidemik prosesin inkişaf qanunauyğunluqları parazitar sistemdə sahib və parazit populyasiyalarının infeksion – immunoloji qarşılıqlı təsiri ilə müəyyən olunur.

Bir sıra nozoloji formalarda göstərilmişdir ki, törədicilərin sirkulyasiyasının təsiri nəticəsində kollektivin dəyişən immun strukturu öz növbəsində törədicinin virulentliyinə də təsir edir. Kollektivdə həssas şəxslər olduqda xəstələnmə səviyyəsi artır, müvafiq olaraq törədici populyasiyasının virulentliyi də yüksəlir.

İmmun şəxslərin miqdarının artması yoluxmuş şəxslərdə xəstələnmə riskini azaldır. Bu zaman orqanizmdə virulentliyi zəifləmiş törədicilər toplanır və onların epidemiyaarası dövrdə sirkulyasiyasına imkan yaranır.

Əlavə olaraq həssas qrupların əmələ gəlməsi onları törədicilərin sirkulyasiyasına cəlb edir. Bu zaman törədicilərin virulentliyi və xəstələnmənin səviyyəsi də yüksəlir. Hava-damcı mexanizmlə yoluxma asanlıqla həyata keçir. Bununla əlaqədar olaraq, tənəffüs yollarının infeksiyaları (qrip, qızılca, vərəm) dünyanın hər yerində ən geniş yayılmış xəstəliklərdəndir.

Yoluxmanın asanlıqla həyata keçməsi ona gətirib çıxarır ki, insanlar onlara əsasən uşaq yaşlarında yoluxurlar və nəticədə xəstəliklərə qarşı davamlı immunitet əmələ gəlir. Bu isə yaşlılarda həmin infeksiyalarla xəstələnmənin azalmasına səbəb olur.

Tənəffüs yolları infeksiyalarının əksəriyyəti “uşaq infeksiyaları” adlandırılır. Bu qrupa daxil olan xəstəliklərin çoxu immunprofilaktika vasitələri ilə idarə olunur.

Hava-damcı infeksiyalarına qarşı əldə olunan böyük müvəffəqiyyətlər (məsələn, təbii çiçəyin ləğv edilməsi) peyvənd preparatlarının istifadəsi ilə bağlıdır. Buna görə də hava-damcı infeksiyaları problemi immunoloji problem sayılır.

Aerozol antroponozlarda epidemik prosesin inkişafına sosial amillər mühüm təsir göstərir. Onlara əhalinin sıxlığı, miqrasiya, doğuş, mütəşəkkil kollektivlərin formalaşması, peyvənd işinin təşkili aiddir. Həmçinin təbii amillər təsir edir. Məsələn, ilin soyuq aylarında hava-damcı mexanizmi daha çox realizə olunur.

Bu mexanizmin aktivləşməsi insanların sıx ünsiyyətindən, onların uzun müddət qapalı şəraitdə qalmasından asılıdır.

Epidemologiya, Şərq-Qərb, 2012

loading...

Bunlarıda bəyənə bilərsiniz ...