SİQARET ÇƏKMƏ

SiqaretSiqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Tütün müxtəlif cür, yəni burunotu kimi, çubuqla çəkilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz.

Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən zərərli vərdiş, heç şübhəsiz, siqaret çəkməkdir.

Siqaretin tüstüsündə olan maddələrin heç birisinin insan orqanizminə faydası yoxdur, əksinə, hamısı zərərlidir. Ən zərərli olanları isə nikotin, qətran, karbon-monoksid (CO) və xərçəng yarada bilən (kanserogen) maddələrdir.

loading...

Təmiz nikotindən tibbi məqsədlər üçün istifadə olunmur və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. 100-120 milliqram nikotin hər hansı bir şəxsin damarına yeridilərsə, onun ölümünə səbəb ola bilər. Məsələnin maraqlı cəhəti həmin miqdarda, yəni 100-120 milliqram miqdarmdakı nikotinin cəmi iki qutu siqaretdə olmasıdır.

Məlumdur ki, gündə iki qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər, – deyə soruşula bilər. Buna cavab olaraq göstərmək lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənirlər. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir.

Daha doğrusu, siqaret yandırılarkən, nikotin havaya yayılır və onun yalnız müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə bir siqaretlə orqanizmə 1,2-2 milliqram nikotin keçə bilir.

Nikotin böyrəküstü vəzilərdən adrenalin və noradrenalin hormonlarının ifraz olunmasına səbəb olur. Bu isə bir müddətdən sonra mədə xorasının yaranmasına gətirib çıxarır. Bundan başqa, siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və qan təzyiqi yüksəlir.

Davamlı olaraq siqaret çəkən adamlar bir müddət siqaret çəkmədikdə, əl və ayaqlarına az qan gedər və həmin orqanlarda temperatur aşağı düşər. Belə vaxtlarda yalnız siqaret çəkildikdən 15-20 dəqiqə sonra əl və ayaqlardakı temperatur normal səviyyəsinə çatar.

Nikotinin mərkəzi sinir sisteminə təsiri nəticəsində qusma, başgicəllənməsi kimi hallar törənə bilir.

Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər aşkar olur. Siqaretin orqanizmdə törətdiyi zərərlər:

Siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil və yemək borusu xərçənginə səbəb olur.

Öskürdür və bəlğəm əmələ gətirir, xronik bronxitə və emfizemə səbəb olur. Qırtlaq və ağciyər xərçəngi siqaret çəkənlər arasında daha çox müşahidə edilir.

Damar divarlarının elastikliyinin azalmasına səbəb olur. Ətrafların damarlarında qanın paylanması azalır, endo-artritə və qanqrenaya səbəb olur. Bu isə əl və ayaqların amputasiyasma (kəsilməsinə), şikəstliyə gətirib çıxarır. Beyini qidalandıran damarlarda da elastikliyin azalmasına səbəb olur. İflic törənə bilər.

Ürək xəstəliklərinin, xüsusən ürək əzələsi infarktının əmələ gəlməsinə zəmin yaradır. Miokard infarktı bu gün ölkəmizdə və bütün dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə, həm infarkt, həm də infarktdan ölüm təsadüfləri 10 dəfə daha çox müşahidə edilir.

Hafizə zəifləyir, çünki damarlar kirəcləşir. Əhvali-ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir. Dəridə qırışlar yaranır. Hamilə qadınların hələ doğulmamış uşaqları ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğulması, hətta ölüdoğulma ehtimalı artır. Siqaret çəkənlərin yanında oturanlar da siqaretdən zərər çəkir, evdə siqaret çəkən ata öz uşaqlarını da zəhərləyir.

Siqaret çəkməyə vərdiş etməyənlər heç bir zaman bu işə başlamasınlar, çəkənlər isə tərgitməyin yollarını axtarsınlar.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...