SAĞLAMLIQ VƏ XƏSTƏLİK

Özünə inamNorma, sağlamlıq və xəstəlik haqqında ümumi anlayış.

Xəstəliyin mahiyyətini düşünmək üçün normal, sağlam həyatın nədən ibarət olduğunu müəyyən etmək lazımdır. Çünki xəstəlik bu həddən kənarda baş verir.

Tibbi təcrübədə “normal temperatur”, “normal çəki”, “normal təzyiq” və s. ifadələrindən istifadə edilir. Çoxlu sayda adamlarda təyin edilən həmin göstəricilərin orta rəqəmi norma kimi qəbul edilmişdir.

loading...

“Norma” və “sağlamlıq”, yaxın olsa da, müxtəlif anlayışlardır. İctimai varlıq olan insan üçün sağlamlıq yalnız xəstəliklərin və fiziki qüsurların olmaması deyil, həm də onun tam fiziki, psixi və sosial salamatlılığı, müxtəlif növlü ictimai əmək fəaliyyətində ən keyfiyyətli iştirakını mümkün edən həyatıdır.

Xəstəlik zədələnmiş orqanizmin pozulmuş funksiyalarının kompensasiyası prosesinin iştirakı ilə keçən həyatı deməkdir. Xəstəlik zamanı insanın əmək qabiliyyəti azalır, orqanizm üçün keyfiyyətcə yeni proses başlanır.

Xəstəlik hər şeydən əvvəl, həyati proses olduğu üçün təbiidir ki, xəstəlik zamanı da həyatın bütün əlamətləri vardır. Bir sözlə, xəstəlik orqanizmin dəyişilmiş həyat fəaliyyətidir. Lakin həyatın başa çatması, ölümə keçməsi, ölmə prosesləri həmişə qısa və ya uzunmüddətli xəstəlikdən sonra olur.

Xəstə orqanizmin həyat fəaliyyətini patoloji fiziologiya elmi öyrənir.

Hər bir xəstəliyin özünəməxsus əlamətləri – simptomları olur. Bir çox xəstəliklərin tez-tez rast gələn əlamətlərindən biri ağrıdır. Ağrı xəstəliyin mühüm əlaməti olub, bədənin hər hansı zədələnmiş nahiyəsindən xəstənin beyin qabığına verilən, orqanizmdəki narahatlığın siqnalıdır. Ağrı xoşəgəlməz hissiyyat olsa da, diaqnozu müəyyənləşdirməkdə həkimə kömək edir.

Xəstəliyin ən çox rast gələn digər əlamətlərinə zəiflik, qızdırma, dərinin rənginin dəyişilməsi, səpgi, öskürək, ödem, qanaxma və s. aiddir.

Müəyyən bir xəstəlik üçün əsas olan, daimi və xarakter əlamətlərin məcmusuna – sindrom deyilir.

Hələ eramızın əvvəllərindən başlayaraq, xəstəliklərin təsnifatını yaratmaq cəhdləri olmuşdur. Sonralar xəstəlikləri oxşar əlamətlərinə görə qruplaşdırmaq üçün müxtəlif göstəricilər əsas götürülmüşdür. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının 1975-ci ildə Cenevrə konfransında qəbul etdiyi xəstəliklərin beynəlxalq təsnifatından istifadə edilir. Həmin təsnifatda bütün xəstəliklər 17 sinfə bölünür:

  1. Qanın və qanyaradıcı sistemin xəstəlikləri.

  2. Psixi pozulmalar.

  3. Sinir sisteminin və duyğu orqanlarının xəstəlikləri.

  4. Qan dövranı sisteminin xəstəlikləri.

  5. Tənəffüs orqanlarının xəstəlikləri.

  6. Həzm orqanlarının xəstəlikləri.

  7. Sidik-cinsiyyət sisteminin xəstəlikləri.

  8. Hamiləliyin, doğuşun və zahılıq dövrünün ağırlaş¬maları.

  9. Dərinin və dərialtı təbəqənin xəstəlikləri.

  10. Sümük-əzələ sisteminin və birləşdirici toxuma¬nın xəstəlikləri.

  11. Anadangəlmə anomaliyalar (inkişaf qüsurları).

  12. Erkən uşaqlıq dövrünün xəstəlikləri.

  13. Aydın olmayan simptomlar və patoloji hallar.

  14. Travmalar və zəhərlənmələr.

  15. İnfeksion və parazitar xəstəliklər.

  16. Şişlər.

  17. Endokrin sistemin xəstəlikləri, qidalanmanın pozulması, maddələr mübadiləsinin və immunogen reaktiv- liyin patologiyası.

Xəstəliyin səbəbi elə amilə deyilir ki, o xəstəliyi törətsin və ona spesifik əlamətlər versin.

Patofıziologiyanın xəstəliklərin səbəblərini, və yaranma şəraitini öyrənən hissəsinə etiologiya (yunanca: etia – səbəb) deyilir.

Xəstəliklərin ekzogen və endogen, yəni xarici və daxili səbəbləri ayırd edilir. Amma bu bölgü şərtidir. Çünki daxili amillər özləri də bilavasitə fərdin orqanizminə, onun valideynlərinə və ya nə vaxtsa uzaq əcdadına  təsir göstərmiş ekzogen amillə əlaqədar olaraq formalaşır.

Xəstəliklərin yaranma şəraitini də xarici və daxili amillər təşkil edir ki, bunlar xəstəliyin inkişafını sürətləndirir və ya qarşısını alır. Məsələn, xarici şərait amillərindən emosional gərginlik, soyuqdəymə, xronik yorğunluq, keyfiyyətsiz qidalanma, zərərli vərdişlər, xəstəyə pis qulluq xəstəliklərin törənməsinə və ya şiddətlənməsinə səbəb olursa, sakit və rahat yaşayış, iş şəraiti, düzgün iş günü və qidalanma rejimi, idmanla məşğul olma xəstəliyin qarşısını alır.

Eləcə də xəstəliyə irsi meyllik, diatezlər, körpəlik və qocalıq dövrləri və s. xəstəliklərin əmələ gəlməsinə şərait yaradırsa, sağlam irsiyyət və konstitusiya, immunitet kimi daxili amillər bunun qarşısını alır.

loading...

Bunuda oxu...