QURANDA EMBRİOLOGİYAYA AİD

QURAN TƏKAMÜL HAQQINDAİnsan rüşeymi necə əmələ gəlir?

Holland alimi Anton Levehuk 1677-ci ildə ilk dəfə özünün düzəltdiyi mikroskopda insan spermatozoidinə baxmış və onun görünüşünü təsvir etmişdir. Bu dövrdə alimlər elə hesab edirdilər ki, insan rüşeymi yalnız spermatozoiddən yaranır. Bu fikrin tərəfdarlarına spermatiklər deyilirdi.

Onlar, elə hesab edirdilər ki, spermatozoiddə insanın bütün orqanları hazır şəkildə mövcuddur. Sonrakı inkişafda yalnız bu orqanların böyüməsi gedir. Rüşeymin əmələ gəlməsində ananın rolunu inkar edən spermatiklər hətta spermatozoidin içində insanın miniatür şəklini çəkib təsvir edirdilər.

loading...

18-ci əsrdə mikroskopun köməyi ilə qadınlarda yumurta hüceyrəsinin olması aşkarlandı və müəyyən edildi ki, o, ölçücə spermatozoiddən çox böyükdür. Bu dövrdə insan rüşeyminin yalnız yumurta hüceyrəsindən əmələ gəldiyini iddia edən alimlər də vardı və onlara “ovistlər” (latınca yumurta sözündən götürülüb) deyilirdi.

Daha sonralar 1886-cı ildə rus alimi A.Tixomirov süni partenogenez hadisəsini (yəni yumurta hüceyrəsinin mayalanmadan rüşeymə çevrilə bilməsi) kəşf etdi. Buna əsaslanaraq, ovistlər rüşeymin əmələ gəlməsində atanın rolunu inkar edirdilər. Ovistlər rüşeymin bütün orqanlarının hazır, lakin çox kiçik şəkildə yumurta hüceyrəsində mövcud olduğunu iddia edirdilər. Onlara görə spermatozoidin rolu yalnız yumurta hüceyrəsinə toxunub onu qıcıqlandırmaqdır. Qıcıqlanmadan sonra yumurta hüceyrəsi öz-özünə inkişaf edib rüşeymə çevrilir.

Spermatiklərlə ovistlər arasında uzun müddət elmi mübahisə davam etmişdir. Həm spermatiklərin, həm də ovistlərin fikri preformizm nəzəriyyəsində öz əksini tapdı. Bu nəzəriyyəyə görə ilk əmələ gələn rüşeym içərisində bütün orqanlar hazır şəkildə mövcuddur və rüşeymin sonrakı inkişafı heç bir keyfiyyəət dəyişikliyi baş vermədən, yalnız bu orqanların böyüməsi ilə gedir.

Müqəddəs Qurani-Kərimdə rüşeymin əmələ gəlməsi barədə bəzi düzgün elmi fikirlər mövcuddur.

  • Əl-Hücurat (49-cu) surəsi, 13-cü ayə – “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.

Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”.

  • Əl-Zariyat (51-ci) surəsi, 49-cu ayə – “Biz hər şeydən cütcüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız.

  • Əl-Nəcm (53-cü) surəsi, 45-ci ayə – “(İnsanlardan və heyvanlardan) hər bir cifti erkək və dişi yaradan Odur”.

  • Əl-İnsan və ya Əd-Dəhr (76-cı) surəsi, 2-ci ayə – “Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq”.

  • Ət-Tariq (86-cı) surəsi; 5-ci ayə – «Elə isə insan nədən yaradıldığına bir baxsın»;

  • 6-cı ayə – «O, axıb tökülən bir sudan yaradılmışdır».

  • 7-ci ayə – «(O su, kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxır».

Bu ayələrdən aydındır ki, insan kişi və qadının bədənindən olan nütfələrin (yəni spermatazoid və yumurta hüceyrəsinin) qarışmasından yaranmışdır. 1400 il bundan əvvəl deyilən bu elmi fikir yalnız 19-cu əsrdə alimlər tərəfindən sübut edilmişdir. Belə ki, 1853-cü ildə F.Keber və daha sonralar 1884-cü ildə K.Negeli, O.Gertvik, E.Strasburqer və A.Vaysman göstərdilər ki, spermatozoid və yumurta hüceyrəsi ana bətnində birləşdikdən (mayalanma baş verdikdən) sonra rüşeym inkişaf edir.

Əmələ gələn yeni hüceyrə «ziqot» adlanır və o, ilk rüşeymin başlanğıcıdır. Spermatozoidin rolu təkcə yumurta hüceyrəsini qıcıqlandırmaq yox, həm də atanın irsi məlumatlarını rüşeymə ötürməkdir. Nəticədə, hər iki valideynin irsi məlumatları rüşeymə ötürülür.

«… O, sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır…»

İlahi kitab olan Quranda mayalanmış yumurta hüceyrəsinin, yəni ilk rüşeymin harada yerləşməsi və qorunması barədə də dəqiq məlumat verilir.

  • Əl-Muminun (23-cü) surəsi, 13-cü ayə – «Sonra onu (insanı) nütfə (rüşeym) halında etibarlı bir yerdə (ana bətnində) yerləşdirdik»;

  • Əz-Zümər (39-cu) surəsi, 6-cı ayə – «Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O, sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq – yaradır. Bu, sizin Rəbbiniz olan Allahdır, hökm onundur, ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilmisiniz? (imandan necə dönürsünüz?).

19-20-ci əsrlərdə müasir elm tərəfindən sübut edildi ki, yumurta hüceyrəsi spermatozoidlə mayalandıqdan sonra uşaqlığa düşür və onun selikli qişasına yapışır. Burada inkişaf etməkdə olan rüşeym 3 qatla (divarla) əhatə olunub qorunur: 1) Rüşeym qılafı (rüşeymi bilavasitə əhatə edən pərdə); 2) Uşaqlıq divarı; 3) Ananın qarın divarı.

Beləliklə, insan rüşeyminin əmələ gəlməsi barədə düzgün elmi sübutların alimlər tərəfindən 19-20-ci əsrlərdə əldə olunmasına baxmayaraq, 1400 il bundan əvvəl Qurani-Kərimdə rüşeymin əmələ gəlməsi, onun harada yerləşdirilməsi və qorunması barədə dəqiq elmi məlumatlar verilir.

«O, insanı laxtalanmış qandan yaratdı»

Müasir dövrdə elmə məlumdur ki, mayalanmadan sonra əmələ gələn insan rüşeyminin ana bətnində inkişafı 3 əsas mərhələdən ibarətdir. Birincisi, ilk 7 gün ərzindəki inkişaf.

İkincisi 2-8-ci həftələr ərzində olan inkişaf. Üçüncüsü, 9-cu həftədən başlayaraq ta doğulana qədər olan döl dövrü. İnsan rüşeyminin inkişafı barədə ilk müasir təsəvvürlər 18-ci əsrdə yaranmağa başlamışdır. Peterburq Akademiyasının akademikləri K. Volf (1759-cu ildə) və K. Ber (1828-ci ildə) öz fundamental elmi nəticələri ilə preformizm (ilk rüşeymdə bütün orqanların qabaqcadan hazır şəkildə mövcud olması) nəzəriyyəsinin əksinə olan epigenez nəzəriyyəsinin əsasını qoydular. Epigenez nəzəriyyəsinə görə ilk rüşeymdə orqanlar mövcud olmur. Rüşeymin inkişafı dövründə müxtəlif mərhələlərdə ayrı-ayrı orqanlar yaranır və nəhayət, tam orqanizmə çevrilir.

Uzun müddət insan embrionunun inkişafını öyrənməklə məşğul olan Kanadalı alim Keyt Mor 20-ci əsrin ortalarında göstərmişdir ki, yumurta hüceyrəsi mayalandıqdan sonra əmələ gələn ilk rüşeym (buna elmdə ziqot deyilir) bir hüceyrədən ibarət olur. Bu hüceyrə uşaqlığa düşərək onun divarına (selikli qişasına) yapışır. Yalnız müasir elektron mikroskopun köməyi ilə müəyyən etmək mümkün olmuşdur ki, ziqot uşaqlığın divarına yapışmış və oradan asılı halda qalmış bir damla qana bənzəyir. Burada ilk rüşeymin inkişafı parçalanma yolu ilə gedir və çoxlu hüceyrələrdən ibarət bir şara çevrilir.

Bu mərhələ blastula adlanır və onu ilk dəfə 1853-cü ildə F. Keber müəyyən etmişdir. Daha sonra divarı birqat hüceyrələrdən ibarət bu şar bir tərəfdən içəri çökərək ikiqat hüceyrə yığımına çevrilir. Bu mərhələ qastrula adlanır. Sonrakı dövrlərdə bu iki hüçeyrə qatı arasında üçüncü hüceyrə qatı yaranır və rüşeym 3 qat hüceyrələr yığımından ibarət olur.

Rüşeymin sonrakı inkişafı dövründə sümüklər və əzələlər əmələ gəlir. Bu mərhələdə o, artıq yumuşaq ətə bənzəmir və nisbətən bərk, sümüyə malik bir quruluşa malik olur.

Müqəddəs Qurani-Kərimin Əl-Muminun (23-cü) surəsinin ayələrində rüşeymin inkişafının bu mərhələləri barədə belə deyilir:

  • 12-ci ayə – «Biz, həqiqətən insanı tər-təmiz gildən yaratdıq»;

  • 13-cü ayə – «Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik»;

  • 14-cü ayə – «Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bam-başqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!».

  • Əl-Ələq (96-cı) surəsinin 2-ci ayəsi – «O, insanı laxtalanmış qandan yaratdı».

Keyt Mor göstərmişdir ki, rüşeymin inkişafının 21-ci günündən başlayaraq orqanlar əmələ gəlməyə başlayır. İnkişafın 26-cı günündə rüşeym elə bir mərhələdə olur ki, onun bir çox orqanları əmələ gəlmiş, yəni formalaşmış və bir çox orqanları isə hələ əmələ gəlməmiş (formalaşmamış) olur.

Rüşeymin inkişafının bu mərhələsi barədə Qurani-Kərimdə belə deyilir:

  • Əl-Həcc (22-ci) surəsinin 5-ci ayəsi – «Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, bilin. Biz sizi gildən, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (formalaşmış) və düşməmiş (formalaşmamış) bir parça ətdən yaratdıq ki, sizə (qüdrətimizi) göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz vəfat edir, kiminiz də ömrün elə bir rəzil vaxtına çatdırılır ki, vaxtilə bildiyini bilməz olar (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər».

Bu barədə Qurani-Kərimin Əl-Səcdə (32-ci) surəsinin ayələrində göstərilir:

  • 7-ci ayə – «O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa gildən başladı»;

  • 8-ci ayə – «Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi»;

  • 9-cu ayə – «Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz!»

(Qeyd: Məhəmməd peyğəmbərin (s.a.s.) sünnəsində (hədisində) göstərilir ki, hamiləliyin 42-ci günündə rüşeymin bütün orqanları yaranır və o, tam insan şəklinə düşür).

Beləliklə, 18-20-ci əsrlərdə elm tərəfindən sübut edildi ki, insan rüşeyminin inkişafı mərhələlərlə, bir şəkildən digər şəklə düşə-düşə gedir. İlk dövrdə o, bir damla qana, sonra bir parça ətə bənzəyir. Sonra sümüklər əmələ gəlir və rüşeym sümüklü əti xatırladır. Nəhayət rüşeym, bütün orqanları formalaşmış insan şəklinə düşür. Bu elmi fikirlərin 1400 il bundan əvvəl müqəddəs Qurani-Kərimin ayələrində açıq-aydın verildiyinin şahidi oluruq.

İsa Peyğəmbər dünyaya necə gəlib?

Qurani – Kərimin (19-cu) surəsinin ayələrində belə deyilir:

  • 19-cu ayə – «Cəbrail: Mən sənə yalnız təmiz, məsum bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçiyəm – dedi».

  • 20-ci ayə – «Məryəm dedi: Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli toxunmamışdır. Mən zinakar da deyiləm».

  • 21-ci ayə – Cəbrail dedi: «Elədir, lakin Rəbbin buyurdu ki, bu mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik. Bu əzəldən olunmuş bir hökmdür».

  • 22-ci ayə – Məryəm artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə qaldı və onunla birlikdə uzaq bir yerdə (xəlvətə) çəkildi.

Bu ayələrdən aydındır ki, Məryəm kişi tərəfindən mayalanma olmadan hamiləyə qalır. Hamıya məlumdur ki, bütün heyvanlarda və insanda rüşeymin (balanın) əmələ gəlməsi üçün erkək qamet (spermatozoid) dişi qameti (yumurtanı) mayalamalıdır. Əks halda yumurtadan bala əmələ gəlmir. Bu elmə çoxdan məlum olan faktdır. Bu faktı əldə əsas tutaraq bir çoxları elə hesab edir ki, Quranın 19-cu surəsinin 22-ci ayəsində göstərilən, yəni Məryəmin kişi ilə əlaqəsi olmadan (Cəbrailin üfürməsi ilə) hamiləyə qalması rəvayətdir və mümkün olan iş deyil, həqiqətdən uzaqdır.

Doğrudan da rüşeymin inkişafının başlanğıc anı spermatozoidin yumurta hüceyrəsi ilə birləşməsidir.

Spermatozoid yumurta hüceyrəsinə daxil olduqdan sonra ona aktivləşdirici təsir göstərir, yəni onun inkişafına səbəb olur.

Dicər tərəfdən spermatozoid həm də yumurtaya erkəyin (atanın) xromosomunu daxil edir. Lakin bir çox canlılarda mayalanma olmadan yumurtanın inkişaf edib balaya çevrilməsi təbiətdə mövcuddur. Buna elmdə partenogenez deyilir.

Partenogenez – yunanca «parthenos» və «genea» sözlərindən ibarət olub «qızlıq inkişaf» deməkdir. Bu üsulla çoxalma mənənələrdə, arılarda, molyuskalarda (ilbizlərdə) müşahidə olunur. Bu canlılarda mayalanmamış yumurtadan erkək fərdlər, mayalanmış yumurtadan isə dişi fərdlər əmələ gəlir.

Təbiətdə partenogenez bəzi onurğalı heyvanlarda da gedir. M.Olsen 1954-cü ildə hind toyuqlarında mayalanmamış yumurtadan balaların çıxmasını göstərib. Bu halda balaların hamısı erkək olub. İ.Daryevski və V.Kulikov 1957-ci ildə kərtənkələlərdə təbii partenogenez yolla çoxalma getdiyini sübut etmişlər. Qeyd etmək lazımdır ki, təbii (öz-özünə gedən) partenogenezin mexanizmi elmə hələ də məlum deyil.

19-cu əsrdə və 20-ci əsrin əvvəllərində müasir elm tərəfindən sübut edilmişdir ki, partenogenez hadisəsini süni yolla da yaratmaq mümkündür. Süni partenogenezin mümkünlüyü ilk dəfə 1886-cı ildə rus alimi A.Tixomirov tərəfindən tut ipəkqurdu üzərində sübut olunub. O, ipəkqurdunun mayalanmamış yumurtalarına sulfat turşusu, kəskin temperatur fərqi və ya tüklə (mexaniki) təsir göstərməklə onların inkişafına səbəb olmuşdur. E.Batayen 1910-cu ildə qurbağada, J. Lyub 1913-cü ildə dəniz kirpisində, daha sonralar balıqlarda süni partenogenezin mümkünlüyünü sübut etmişlər.

Məməli heyvanlarda süni partenogenez yolla çoxalmanı ilk  dəfə 1936-cı ildə J.Pinkus göstərmişdir. Təcrübələr siçanlar,  sonra dovşanlar, daha sonra başqa məməlilər üzərində aparılıb və müsbət nəticələr alınıb.

İnsanda mayalanmış yumurtadan rüşeymin inkişaf edə bilməsini isə ilk dəfə 1939-cu ildə Amerika alimi P.Xeqstr 23 yaşlı qız üzərində apardığı təcrübələrlə sübut etmişdir. Onu da qeyd etmək lazımdır ki, mayalanmamış yumurtadan əmələ gələn fərdlər həmişə haploid (tək) xromosom dəstə malik olur. Adətən rüşeymin inkişafı zamanı xromosomların (irsiyyət elementlərin) ikiləşməsi baş verir və diploid (cüt) xromosom dəsti yaranır. Deməli, partenogenez yolla yaranan yetkin fərd, mayalanma yolu ilə yaranan fərddən xromosomların sayına görə fərqlənmir.

Beləliklə, partenogenezin mexanizmi elmə hələlik məlum olmasa da mayalanma olmadan yumurtanın inkişaf edib rüşeymə və balaya çevrilə bilməsi müasir elm tərəfindən sübut olunmuş yeni bir faktdır. Deməli, Məryəmin kişi ilə yaxınlığı (mayalanma) olmadan hamiləyə qalmasının mümkünlüyü artıq heç kəsdə şübhə doğurmamalıdır. 7-ci əsrdə (min dörd yüz il bundan qabaq) Quranda yazılmış bu faktın doğruluğu və elmiliyi 20-ci əsrdə müasir elm tərəfindən bir daha sübut olunmuşdur.

Xudaverdi Qəmbərov

loading...

Bunuda oxu...