QURAN TƏKAMÜL HAQQINDA

QURAN TƏKAMÜL HAQQINDA“… Onlara: Həqir, zəlil meymunlar olun – deyə əmr etdik».

İnsan meymundan, yoxsa meymun insandan əmələ gəlmişdir?

Bu suala müasir elm bir mənalı cavab verə bilirmi? Darvin göstərir ki, meymun və insan ümumi bir mənşədən (əcdaddan) yaranan və bir-birinə qohum olan iki şaxədir. Lakin bu ümumi əcdadın görünüşü barədə o, heç bir söz deyə bilməzdi və bunu indi də demək çox çətindir. Aparılan poleontoloji tədqiqatlara görə, bu ilk əcdad nə indiki meymunlara, nə də indiki insanlara oxşar olmamışlar. Bunlara bəzi alimlər insanabənzər meymunlar, bəziləri isə meymunabənzər insanlar adı vermişlər.

loading...

Darvin insanların əmələ gəldikləri əcdadın daha çox meymuna oxşar olduğunu hesab etmiş və beləliklə, insanın meymundan törənməsi fikri formalaşmışdır. Darvinin bu fikri əldə etdiyi bir çox faktlara əsaslansa da, çox subyektivdir. Buna görə də onun bu fikri ilə öz dövrünün bir çox alimləri nəinki razılaşmayıblar, hətta onun səhv də olduğunu hesab etmişlər.

Keçmiş SSRİ ölkələrində dərc olunmuş dərsliklərdə Darvin nəzəriyyəsi yeganə nəzəriyyə kimi tədris olunmuşdur və bu indi də ölkəmizdə davam edir. Bu nəzəriyyə doğrudanmı yeganə nəzəriyyədir? Darvin nəzəriyyəsini təkzib edən elmi fikirlər mövcuddurmu?

Bu suallara cavab vermək üçün gəlin, Darvin nəzəriyyəsinə nəzər salaq. Hər şeydən əvvəl, oxuculara bildirmək istərdim ki, insanın meymundan əmələ gəlməsi haqda Darvin (1809-1882) nəzəriyyəsi yeganə nəzəriyyə deyildir. Digər ingilis alimi Fredrik D. S. (1916) Darvin nəzəriyyəsinin tam inandırıcı olmadığını qeyd edir və insanın qədim uzundaban pəncəli meymundan əmələ gəlmə nəzəriyyəsini irəli sürmüşdür. Bunlar digər meymunlardan fərqli olaraq insanlar kimi dik (iki ayaq üstə) gəzirlər. Fredrikin sübut üçün gətirdiyi dəlillər Darvinin dəlillərindən heç də az inandırıcı deyil. Bu nəzəriyyənin də Darvin nəzəriyyəsi kimi həm tərəfdarları, həm də əleyhdarları vardır.

Darvin (və eləcə də Fredrikin) nəzəriyyəsinin dünyanın bir çox tanınmış alimləri qəbul etməmişlər və insanın meymundan əmələ gəlməsi fikrini inkar edən fikirlər söyləmiş, sübutlar gətirmişlər. Darvinin həmyerlisi (ingilis) bioloq-təkamülçü alim Alfred Uolles (1823-1913) hesab etmişdir ki, insan psixikasının inkişafı meymunların ali sinir fəaliyyəti əsasında yarana bilməz.

Alman alimi F. Kox (1926) Darvin nəzəriyyəsinin mükəmməl nəzəriyyə olmadığını əsaslandırır və burada insanın daxili aləminin nəzərə alınmadığını söyləyir. Digər alman alimləri Vestenqofer və Kleynşmidt müqayisəli anatomik dəlillər əsasında, məsələn, böyrəyin quruluşuna görə insanın meymunlardan və ya onların əcdadlarından əmələ gələ bilməsinin qeyri-mümkünlüyünü sübut etmişlər.

Elmin sürətlə inkişaf etdiyi əksər ölkələrdə insanın meymundan əmələ gəlməsi nəzəriyyəsi qəbul edilməmişdir. Hətta Amerika Birləşmiş Ştatlarında bu nəzəriyyənin təbliği və tədrisi Dövlət qanunu ilə qadağan olunmuşdur. Məhşur Amerika paleontoloq – alimi H. Osborn (1857-1935) hesab etmişdir ki, insanın əmələ gəlməsi heç vaxt insanabənzər meymunlarla bağlı olmamışdır.

Darvin nəzəriyyəsinin əsas tərəfdarları Kommunist partiyasının hökm sürdüyü keçmiş SSRİ-də və Sosialist ölkələrində olmuşdur. Kommunistlər xalqın şüurunu ateizmin (allahsızlığın) köməyi ilə qondarma Kommunist partiyası əqidəsinə tabe etmək ideyasını irəli sürmüşlər. Bu ideyanı həyata keçirmək üçün onlara allahsızlığa gətirib çıxaran bir nəzəriyyə lazım idi. Buna görə də Kommunist partiyasının təzyiqi altında bu ölkələrin alimləri Darvinizmi qəbul etmək məcburiyyətində qalmışdılar. Əlbəttə, bu ölkələrdə könüllü surətdə Darvinizmi qəbul edən alimlərin də olmasını biz inkar etmirik. Lakin bu faktı demək kifayətdir ki, keçmiş SSRİ yeganə ölkə idi ki, orada Darvinizmi bütün alimlər hamılıqla qəbul etmişdilər. Halbuki, Darvinin öz vətənində bir çox tanınmış alimlər onun nəzəriyyəsini yanlış hesab edib qəbul etməmişlər.

Keçmiş sosialist ölkələrində Kommunist partiyasının təzyiqi ilə bu nəzəriyyəyə orta və ali məktəb dərsliklərində geniş yer verildi və müsəlmanlar müqəddəs Qurandan uzaq salındı.

Yəni Quranın Azərbaycan dilinə tərcüməsi qeyri-rəsmi tərzdə qadağan olundu. SSRİ dağılandan sonra Azərbaycanın görkəmli ərəbşünas alimləri tərəfindən Quran Azərbaycan dilinə tərcümə olunub çap edildi və geniş oxucu kütləsinə çatdırıldı.

İndi Azərbaycanda demək olar ki, əksər adamlar Qurani-Kərimi oxuyur və onun ayələrini dərk etməyə səy göstərirlər.

Bununla bağlı olaraq mətbuat səhifələrində çoxlu yazılara rast gəlmək olur. Belə yazılardan biri Hacı Əyyub Heydərovun “Qurani-Kərim və Darvin nəzəriyyəsi” adlı yazısı ilə alimlərə müraciətidir. Bu yazı, yuxarıda olduğu kimi sizin diqqətinizə verilib.

Qurani-Kərimdə Darvin nəzəriyyəsi ilə bağlı olaraq nə kimi məlumatlar var? Bu barədə məlumat almaq üçün Quranın ayələrinə müraciət edək.

Əl-Bəqərə (2-ci – İnək) surəsi:

  • 65-ci ayə – «Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü əmrdən kənar çıxdılar. Biz də onlara: zəlil və həqir meymunlar olun dedik».

Əl-Əraf (7-ci) surəsi:

  • 163-cü ayə – “Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al, o zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün) balıqlar dəstədəstə onlar tərəfə axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları üçün, günah işlətdikləri üçün biz onları belə imtahana çəkirik”.

  • 166-cı ayə – Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: “həqir, zəlil (murdar) meymunlar olun.” – deyə əmr etdik.

Beləliklə, Əl-Bəqərə surəsinin 65-ci və Əl-Əraf surnəsinin 166-cı ayələrində meymunların insanlardan törənməsi fikri verilmişdir. Bu fikrin elmi əsasa malik olması (həqiqət olması) bəzi adamlarda, bəlkə də çoxlarında şübhə doğurur. Bəziləri elə hesab edə bilər ki, bu fikir bəlkə də məcazi mənada verilib.

Görəsən müasir elmdə 1400 il bundan qabaq söylənilmiş “meymunun insandan əmələ gəlməsi” fikrinin doğruluğunu sübut edəcək dəlillər vardırmı?

Hər şeydən əvvəl onu qeyd edək ki, Darvin öz nəzəriyyəsini təkamül əsasında qoymuşdur, (təkamül prosesini təsdiq edən bir çox fikirlər Quranda da mövcuddur. Bu barədə yuxarıda məlumat verilir). Yəni inkişafın sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru getdiyini qəbul etmişdir. Təkamülün bu yolla getməsinə elmdə aromorfoz deyilir. Müasir elmdə aromorfoz təkamülün getdiyi yeganə istiqamət deyil. Elmdə artıq çoxdan sübut olunub ki, təkamül həmişə canlıların sadədən mürəkkəbə, yəni mürəkkəbləşməsi yolu ilə getmir. Bəzən canlıların tərəqqisi, yəni onların inkişafı (uyğunlaşma zonası tutması) mürəkkəbdən sadə quruluşun meydana çıxması ilə gedir.

Nəticədə mürəkkəb qüruluşlu canlıdan sadə quruluşlusu yaranır. Təkamülün bu yoluna müasir elmdə degenerasiya və ya reqres deyilir.

Təkamül prosesi geriqayıtmazdır. Əgər balıqlardan sudaquruda yaşayanlar, sonra sürünənlər və sürünənlərdən məməlilər yaranıbsa, təkamülün hansı istiqamətdə getməsindən asılı olmayaraq, məməlilər balıqlara çevrilə bilməzlər.

Lakin, bununla bərabər elmə məlumdur ki, suda yaşamağa keçmələri ilə bağlı olaraq məməlilərdə balıqlara oxşar əlamətlər meydana gəlib. Məsələn, balina və delfində ətraflar (əl və ayaqlar) yan üzgəclərə, quyruq isə quyruq üzgəcinə çevrilib.

Biz bilirik ki, insan ilə meymun orqanizmi arasında morfoloji cəhətdən oxşarlıq var. Əlbəttə, insanın meymuna çevrilməsi dedikdə, burada insanın bəzi əlamətlərinin şəkil dəyişməsindən söhbət gedir. Planetimizin tarixində təkamül prosesində canlıların bəzi əlamətlərinin çevrilib primitivləşməsi (və ya geriyə qayıtması) faktları məlumdur. Bunlara yuxarıda göstərdiyimiz balina və delfini misal gətirmək olar. İnsanın meymuna çevrilməsi də filogenezdə əlamətlərin geri qayıtması kimi qəbul edilə bilər. Bu heç də təkamülün geri qayıtması demək deyil.

Bu sübut olunmuş elmi fakt (dekenerasiya) onu göstərir ki, insanlar müəyyən ekoloji uyğunlaşma zonasına düşərək tam təcrid olunduqda, bir çox əlamətlərini dəyişərək meymunlara dekenerasiya edə bilərlər. Meymunun insandan əmələ gəlməsini sübut edən digər elmi faktlar da vardır. Məsələn, alman alimi İ. Kolman (1906) sübut etmişdir ki, doğulmamış və ya təzə doğulmuş meymun balasının kəllə quruluşu müasir insanın kəlləsinə daha çox oxşayır, nəinki meymunun kəlləsinə.

Yəni meymunun ontogenezi insana daha yaxındır. Bioloqlara yaxşı məlum olan “Biogenetik qanun”da belə deyilir: “Ontogenez (orqanizmin fərdi inkişafı) filogenezin (orqanizmin tarixi inkişafının) qısa təkrarıdır”. Yəni fərdi inkişaf zamanı orqanizm öz əcdadlarının əlamətlərini qısa da olsa təkrar edir. Kolman göstərir ki, meymun öz fərdi inkişafında ilk əcdadının (yəni insanın) əlamətini təkrar edir.

Yuxarıda göstərilən bu elmi faktlar meymunun insandan törənə bilməsi imkanını sübut etməyə xidmət edir. Əlbəttə burada indiki meymunlardan və indiki insanlardan söhbət getmir.

Onların çox qədim əcdadlarından söhbət gedir. Yəni ilk meymunların insaların ilkin əcdadlarından törənməsindən söhbət gedir.

“… O, sizi bu minvalla çoxaldır…”

Canlıların əmələ gəlməsi və çoxalmasının necə baş verməsi qədim dövrlərdən bəri insanları maraqlandıran məsələlərdən biri olmuşdur. Hələ bizim eradan əvvəl qədim yunan filosofları, o cümlədən Aristotel həyatın (canlıların) öz-özünə əmələ gəlməsini söyləmişlər. Onlar elə hesab edirdilər ki, qurdlar, ilbizlər, həşəratlar çürümüş ətdən, peyindən və bitkidən əmələ gəlirlər. Aristotelə görə bitkilər cansız materiyadan (torpaqdan) törəyirlər, sonra bitkilərdən də müxtəlif heyvanlar əmələ gəlir.

16-cı əsrdə İsveçrə alimi F.Parasels hesab edirdi ki, balıqlar və siçovullar çürüntülü sudan, siçanlar isə kirli paltardan törəyirlər. Hətta o, kiçik canlı insanın (homunkulusun) əmələ gəlmə sxemini də tərtib etmişdi. Bu sxemə görə köhnə sidiyi müəyyən qədər boranı içində saxlasaq, sonra at mədəsinə yerləşdirsək, burada qanla qidalana bilən və bütün orqanlara malik homunkulus (insan) inkişaf edəcək.

Canlıların öz-özünə törəməsi fikri 17-ci əsrə qədər alimlər tərəfindən qəbul edilmiş bir nəzəriyyə kimi mövcud olmuşdur. İngilis alimi V. Harvey 1651-ci ildə “Heyvanların törənməsi barədə tədqiqatlar” kitabında bu nəzəriyyənin əksinə olaraq göstərir ki, bütün canlılar yumurtadan (yumurta hüceyrəsindən) törənirlər.

İtaliya alimi F. Redi 1665-ci ildə öz təcrübələri ilə həşəratların və digər heyvanların öz-özünə cansız materiyadan törənə bilməməsini sübut etdi. O, iki ət parçası götürmüş, birinin üzərini tənziflə örtmüş, digərini isə açıq saxlamışdır.

Milçəklər üstü açıq olan ət parçası üzərinə qonaraq oraya öz yumurtalarını qoymuşlar. Bir müddətdən sonra bu ətin içindən qurdlar (milçəyin sürfələri) çıxmışdır. Lakin üstü örtülü olan ətdən isə heç nə əmələ gəlməmişdir.

F.Redinin bu tədqiqatları əsasında canlıların öz-özünə törənməsi nəzəriyyəsini süquta yetmiş hesab etmək olardı.

Lakin Hollandiya təbiətşünası A. Levenhuk 1676-cı ildə mikroorqanizmləri kəşf etdikdən sonra, bir çox alimlər elə hesab edirdilər ki, bütün mikroorqanizmlər, digər canlılardan fərqli olaraq, öz-özünə törəyirlər. Məsələn, 1745-ci ildə Nidhem apardığı təcrübələri ilə göstərdi ki, saman həlimindən, ət suyundan öz-özünə müxtəlif mikroorqanizmlər (bakteriyalar, infuzorlar və b.) əmələ gəlir. Doğrudan da o, saman həlimini, ət suyunu qaynatmaqla orada bütün canlıları öldürməsinə baxmayaraq, bir müddətdən sonra orada yenidən mikroorqanizmlər əmələ gəlmişdir.

Nidhemin bu təcrübələrini tanınmış Fransız alimi Lamark da dəstəkləmişdir. İyirmi ilə yaxın onun bu təcrübələrini heç kim inkar edə bilməmişdir.

Nidhemin təcrübələrinə inanmayan İtaliya təbiətşünası Spalansani onun təcrübələrini özü təkrar etmək qərarına gəlir.

O, ət suyunu qaynatdıqdan sonra, hələ soyumamış (ora havadan mikroblar düşməsin deyə) kolbanın ağzını alov üzərində əritməklə qapayır. Belə ət suyu uzun müddət xarab olmadan şəffaf qalır və orada heç bir mikrob yaranmır.

Lakin, Nidhem onun bu təcrübələrinə etirazını bildirir və deyir ki, ət suyundan mikrobun əmələ gəlməsi üçün hava lazımdır. Doğrudan da kolbanın ağzını açandan bir neçə saat sonra ət suyu bulanır, yəni orada çoxlu mikroorqanizmlər əmələ gəlir. Spalansani başa düşür ki, ət suyuna mikroblar havadan düşür və orada çoxalıb artır. O, inanır ki, canlı yalnız canlıdan törənməklə əmələ gəlir, lakin bunu sübut etməyə çətinlik çəkir.

Fransız alimi L. Paster, hər şeydən əvvəl, sübut etdi ki, havada həmişə çoxlu miqdarda mikroorqanizmlər mövcuddur.

O, xüsusi təcrübələrlə göstərdi ki, ət suyundan və ya bitki həlimindən mikroorqanizm əmələ gəlmir. Onlar yalnız havadan ət suyuna düşdükdən sonra çoxalıb artırlar. Öz təcrübələrində o, boğazı çox uzun və nazik “S”-vari əyilmiş şüşə qab (kolba) hazırlayır.

Müqəddəs Qurani-Kərimin 8 surəsinin ayələrində deyilir: – Ər-Rəd (13-cü) surəsinin 3-cü ayəsi – “Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən cütcüt (erkək-dişi) yetişdirən, gecəni gündüzlə örtüb bürüyən odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün neçə-neçə dəlillər vardır!”;

  • Taha (20-ci) surəsinin 3-cü ayəsi – “O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış,göydən yağmur yağdırmışdır. Biz, o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik”;

  • Yasin (36-cı) surəsinin 36-cı ayəsi – “Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi) olmaqla cütlər yaradan Allah pak və müqəddəsdir”;

  • Əş-Şura (42-ci) surəsinin 11-ci ayəsi – “Göyləri və yeri yaradan, sizin üçün özünüzdən zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla) ciftlər yaratmışdır. O, sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, eşidəndir, görəndir”;

  • Əz-Zuxrur (43-cü ayə) surəsinin 12-ci ayəsi – “Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı”;

  • Ən-Nəcm (53-cü) surəsinin 45-ci ayəsi-“(İnsanlardan və heyvanlardan) hər bir cifti erkək və dişi yaradan Odur”;

  • Əl-Qiyamə (75-ci) surəsinin 39-ci ayəsi – “Sonra ondan bir kişi, bir qadın olmaqla iki cifti yaratdı ”;

  • Əl-İnsan (76-cı) surəsinin 2-ci ayəsi – “Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən,görən yaratdıq.”;

Bu ayələrdən görünür ki, bütün canlılar Allah tərəfindən erkək və dişi olmaqla yaradılıb. Onların çoxalması bu cütlərdən (ciftlərdən) oxşar canlılar törənməklə gedir.

  • Əl-Muminun (23-cü) surəsinin 27-ci ayəsində – Biz (Nuha) belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan bir erkək, bir dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir. Zülm edənlər barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olacaqlar”.

Nuhun gəmisinə də hər bir canlıdan bir cüt (erkək və dişi) götürülməsi ifadəsi də bir daha onu göstərir ki, canlılar birbirindən törənirlər.

Beləliklə, canlıların öz-özünə cansız materiyadan deyil, bir-birindən törənmə yolu ilə çoxalması fikri müasir elm tərəfindən 19-cu əsrdə tam sübuta yetiriləmsinə baxmayaraq, bu fikir 1400 il bundan əvvəl müqəddəs Qurani-Kərimin ayələrindən açıq-aşkar verilmişdir.

Xudaverdi Qəmbərov

loading...

Bunuda oxu...