QIZILCA HAQQINDA

QızılcaQızılca virus etiologiyalı kəskin yoluxucu xəstəlikdir, hava-damcı yolu ilə yayılır və ümumi intoksikasiya, tənəffüs yollarının iltihabı, iri papulyoz səpgi və tənəffüs yollarının fəsadlaşmaları ilə səciyyələnir. Kütləvi xəstələnmə və epidemik alovlanmalar şəklində qeyd edilir.

Qısa tarixi məlumat. Qızılca ayrıca nozoloji forma kimi XVIII əsrin ikinci yarısında müəyyən edilməsinə baxmayaraq, xəstəlik insanlara qədim zamanlardan məlumdur. XVIII əsrə kimi qızılcanı səpgi ilə özünü göstərən başqa xəstəliklərdən fərqləndirmirdilər. İngilis həkimi Saydenham XVIII əsrdə qızılcanın kliniki əlamətlərini ətraflı şərh edərək onu skarlatinadan fərqləndirmişdir. 1911-ci ildə Anderson və Qoldberq xəstədən götürülmüş materialla meymunları yoluxduraraq bu xəstəliyin virus mənşəli olduğunu müəyyən etmişlər. 1920-ci ildə alman alimi Deqkviç qızılcanın seroprofilaktikasını işləyib hazırlayır.

1954-cü ildə Enders və Pibls qızılca viruslarının hüceyrə kulturasında artmasının mümkün olduğunu göstərdilər. Bundan sonra qızılcaya qarşı diri vaksin hazırlandı.

loading...

Yayılması. Qızılca qədim zamanlardan məlumdur. XVII əsrdə ingilis həkimi Saydenhem xəstəliyin ətraflı klinikasını vermişdir.

XVIII əsirdə qızılca sərbəst nozoloji forma kimi tanınmışdır. 1920-ci ildə Deqkviç qızılcanın seroprofilaktika üsulunu işləyib hazırlamışdır.

Qızılca bütün dünyada geniş yayılmış virus xəstəliyidir. Vaksina istifadə edilməmişdən əvvəlki dövrdə, demək olar ki, bütün əhali qızılcaya tutulurdu. Xəstəlik dünyada ildə 50-60 mln insanın xəstələnməsinə səbəb olurdu. Müasir dövrdə geniş immunizasiya aparılması nəticəsində inkişaf etmiş ölkələrdə, xüsusilə şəhərlərdə xəstələnmə dəfələrlə azalmış və hətta ləğv edilmişdir.

İnkişaf etmiş Avropa və Şimali Amerika ölkələrində qızılcadan ölüm hər 100000 əhaliyə 0,2-0,4 nəfərdir.

Qızılca – yer kürəsində geniş yayılmış xəstəliklərdən biridir.

Hər yerdə rast gəlinir. Xəstələnmənin dövri yüksəlişlərini (hər 2-4 ildən bir) qızılcaya həssas şəxslərin kifayət miqdarda toplanması ilə izah edilir. Qızılca ilə xəstələnmə bütün il boyu müşahidə olunur, lakin xəstələnmənin maksimal yüksəlişi payız-qış və yaz fəslinə təsadüf edir. Qızılca – son dərəcə kontagiozdur, bu da ona qarşı kütləvi həssaslıqla bağlıdır. Kontagiozluq əmsalı 95-96% təşkil edir.

Qızılca istənilən yaşda müşahidə edilir, lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir, 6 aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər, 3 aya qədər uşaqlar, bir qayda olaraq, xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir. 3 ayından sonra passiv immunitetin gərginliyi kəskin azalır, 9 aydan sonra isə o, uşaqların hamısında itir. Əgər ana qızılca ilə xəstələnməmişsə, onda uşaq anadan olduğu ilk günlərdə qızılca ilə yoluxa bilər.

Əgər ana hamiləlik dövründə qızılca ilə xəstələnmişsə, onda anadangəlmə qızılca halları müşahidə oluna bilər.

Xəstəliyin klinikası. Orqanizmə viruslar burun-boğaz və yuxarı tənəffüs yollarının selikli qişasından daxil olur, orada inkişaf edərək inkubasiya dövrünün (7-17 gün) ikinci yarısında qana daxil olur. Virusemiya prodromal dövrdə və səpgilərin birinci günündə ən intensiv olur. Xəstənin ümumi müqavimət qüvvəsi çox zəiflədiyindən ikincili infeksiya və fəsadlar da baş verə bilər.

Qızılcanın inkubasiya dövrü orta hesabla 10-11 gün (7-14 gün) çəkir, qamma-qlobulin yeridildikdə isə 21 gün təşkil edir.

Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edilir: kataral və ya başlanğıc (prodromal), səpgilər və və piqmentasiya.

Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39°Cyə  qədər artması, yuxarı tənəffüs yollarının və konyunktivanın zədələnməsi ilə səciyyələnir. Kataral əlamətlər durmadan inkişaf edir. Burundan bol, əvvəlcə selikli, sonra selikli-irinli ifrazat, güclü və ya xırıltılı səs, uşağı narahat edən quru və anlaşılmaz öskürək qeyd olunur. Bəzən xəstəliyin başlanğıcında inağ (krup) sindromu inkişaf edir.

Xəstəlik 3-4 gün davam edən prodromal (kataral) dövrlə başlanır.

Bu dövrdə xəstədə hərarətin yüksəlməsi, ümumi vəziyyətin ağırlaşması, asqırma, gözlərin qızarması, öskürək və s. kimi əlamətlər qeyd edilir. Bundan sonra zəif və ya seyrək səpgilər əmələ gəlir.

İşıqdan qorxma, konyunktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi, selikli qişa damarlarının inyeksiyası müşahidə edilir, sonra irinli ifrazat əmələ gəlir. Uşağın ümumi vəziyyəti xeyli pisləşir. Əzginlik, ağlağanlıq, narahatlıq, iştahanın və yuxunun pozulması qeyd olunur. Çox vaxt qusma, duru nəcis, qarında ağrılar meydana çıxır. Daha ağır hallarda xəstəliyin ilk günlərindən ümumi intoksikasiya simptomları kəskin nəzərə çarpır, qıcolmalar və huşun tutulması ola bilər.

Xəstəliyin başlanğıcında ağızda yanaqların iç səthində selikli qişada xüsusi ləkələrin (Belski-Filatov-Koplik ləkələri) əmələ gəlməsi səciyyəvidir. Həmin ləkələr xəstələrin 95%-də səpgi əmələ gəlməmişdən əvvəl 1-4-cü günlərdə meydana çıxır. Ləkələri, adətən ağız boşluğunda hər iki yanağın iç səthinin selikli qişasında görmək olur. Onların mərkəzi ağımtıl göy rəngdə, ətrafı qızarmış olur.

Qızılcanın kataral dövrü 3-4 gün davam edir, bəzən isə 5-7 günə qədər uzanır. Bu dövr üçün ağızın selikli qişasında olan özünəməxsus dəyişiklər patoqnomikdir. Bu dəyişikliklər ağız boşluğunda yanaqların və ya dodaqların selikli qişasında və diş ətində dişlər səviyyəsində buğda dənəsi ölçüsündə qırmızı haşiyə ilə əhatə olunmuş bozumtul-ağ papulanın əmələ gəlməsi ilə səciyyələnir.

Bir sıra hallarda kataral dövrdə dəridə xırda-dənəli skarlatinayabənzər səpgi əmələ gəlir ki, bəzən o, ləkəli, urtikar olur.

Prodromal səpgi, adətən, sıx deyildir və zəif nəzərə çarpır.

Səpgi dövrü xəstəliyin 4-5-ci günündən başlanır və ləkəlipapulyoz səpgi ilə səciyyələnir. İlk səpgi elementləri qulaqarxası, burun darlarında xırda rozeolyoz ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir, qeyri-düzgün forma alırlar. Bir sutka ərzində səpgi tezliklə üzdə, boyunda yayılır, ayrı-ayrı elementlər şəklində döşdə və kürəyin yuxarı hissəsində əmələ gəlir. 2-ci sutkada səpgi tamamilə onu örtür.

Xəstələrin dərisində səpgilər onun alnından başlayıb qulaqlarının ardına doğru yayılır, sonra üzdə, boyunda, bədəndə və ətraflarda baş verir. Səpgilər makula (papula-makula) elementlərindən ibarət olub, barmaqla basdıqda itirlər. 1-2-ci günlər onlar sürətlə inkişaf edir. Sonradan xəstənin hərarəti düşməyə, səpgilər isə tədricən yox olmağa başlayır. Qızılca xəstəliyində çox zaman ağırlaşmalar baş verir (orta qulağın iltihabı, pnevmoniya və s.). Əgər xəstə, xəstəliyə qədər qamma-qlobulin alıbsa, xəstəliyin bütün əlamətləri sönük keçir, onun gedişi yüngül olur.

Atipik qızılcada xəstəliyin əsas simptomları silinmişdir, bəziləri isə ümumiyyətlə üzə çıxmır. Həmçinin qızılcanın ayrı-ayrı dövrlərinin müddəti dəyişə bilər (səpgi dövrünün qısalması, kataral dövrün olmaması, səpginin ardıcıllığının pozulması).

Mitiqrə olunmuş (zəif) qızılca forması inkubasiya dövründə qamma-qlobulin alan uşaqlarda müşahidə edilir. O, adətən, normal və ya cüzi artmış temperatur zamanı çox yüngül keçir, bəzən bu halda Belski-Filatov-Koplik ləkələri olmur. Səpgi solğun, xırda, cüzidir (bəzən cəmi bir neçə element), səpginin ardıcıllığı pozulur. Kataral əlamətlər çox zəif ifadə olur və ya tamamilə itir.

Mitiqrə olunmuş qızılca zamanı ağırlaşmalar müşahidə edilmir.

Səpgi bol, birləşmiş və ya əksinə, çox az (ayrı-ayrı elementlər şəklində) ola bilər. Səpgi dövründə xəstənin sifəti tipik şəkil alır: üz şişkin, göz qapaqları qalınlaşmış, burun və yuxarı dodaq şişkin, gözlər qızarmış, irin axır, burundan bol ifrazat gəlir, ağız boşluğunun selikli qişası maserasiya olunmuşdur.

Temperatur səpginin 1-ci günü daha yüksək olur, nəinki kataral dövrdə. Bəzən səpgidən 1-2 gün əvvəl temperatur bir qədər enir və səpginin yaranmasının 1-ci günü onun yenidən yüksəlməsi temperutur əyrisinə ikidalğalı xarakter verir. Temperatur bütün səpgi dövründə yüksəkdir. Ağırlaşmamış gedişdə o, səpginin yaranmasından 3-4 gün sonra normallaşır. Səpgi dövründə ümumi vəziyyət ağırdır, narahatlıq, sayıqlama, yuxuculluq müşahidə olunur. Çox vaxt burun qanaxmaları baş verir. Adətən, leykopeniya nəzərə çarpır.

Qızılcanın çox yüngül forması 6 aylıq uşaqlarda qeyd edilir (bəzən anadan keçmiş passiv immunitetin fonunda xəstəliyin inkişaf etməsi sayəsində).

Atipik formalara həmçinin aqqraviasiya simptomlarına malik (hipertoksik, hemorragik, bədxassəli) qızılcanı aid edirlər. Ona çox nadir hallarda rast gəlinir.

Diri qızılca vaksini ilə peyvənd olunmuş şəxslərdə (hansı ki qanlarında əkscisimlər yoxdur) xəstəlik tipik gedir və ona məxsus bütün klinik əlamətlərini qoruyub saxlayır.

Əgər qızılca qan zərdabında az miqdarda əkscisimlərin olması fonunda inkişaf edirsə, onda xəstəlik silinmiş şəkildə keçə bilər.

Klinik əlamətlərin, vegetativ sinir sisteminin pozulmasının (kataral əlamətlər, səpgilər, leykopeniya, AT-nin səviyyəsinin azalması, damarların keçiriciliyinin artması və s.) xarakterinə görə qızılca infeksion-allergik xəstəliklərə xas olan bir çox ümumi cəhətlərə malikdir. Bu baxımdan onu zərdab xəstəliyi ilə müqayisə edirlər. Patomorfoloji müayinələr də həmçinin qızılcanın allergik xarakterini təsdiq edir. Dəridə səpgilərin əmələ gəlməsinibəzi müəlliflər allergik reaksiya kimi qiymətləndirirlər. Maksimal virusemiya ilə bir vaxtda yaranan səpgilər virus antigeninin həmin dövrdə əmələ gələn əkscisimlərlə qarşılıqlı əlaqəsinin nəticəsi saymaq olar.

Qızılca virusu Mərkəzi sinir sisteminin yuxarı tənəffüs yollarına və həzm traktına qarşı tropizmə malikdir. MSS-nin zədələnməsi səpginin 1-ci günü xüsusilə nəzərə çarpır. Qızılca virusu ilə respirator yolun zədələnməsi xəstəliyin ilk günlərindən meydana  çıxır və burun, qırtlaq, traxeyanın selikli qişasının iltihabı şəklində özünü göstərir. Diffuz erkən bronxitlər, bronxiolitlər və pnevmoniyalar da həmçinin virusun təsiri ilə bağlıdır. Qızılca zamanı çox vaxt ağız boşluğunun (stomatitlər) və yoğun bağırsağın selikli qişası (kolitlər) zədələnir.

Qızılca zamanı ağırlaşmalar xəstəliyin istənilən dövründə baş verə bilər. Onlar əsas etibarilə ikincili infeksiyanın qoşulması ilə bağlıdır. Ağırlaşmalar qızılcanın letallığının yeganə səbəbidir, ağırlaşmamış qızılcadan uşaqlar ölmürlər. Tənəffüs orqanları tərəfindən ağırlaşmalara (laringitlər, larinqo-traxeobronxitlər, pnevmoniyalar) daha tez-tez rast gəlinir. 2 yaşa qədər uşaqlarda pnevmoniyalar tez-tez baş verir və daha ağır keçir.

Qızılca pnevmoniyasından baş verən letal nəticələrin, demək olar ki, hamısı 2 yaşa qədər uşaqların payına düşür. Qızılca zamanı otitlərə çox rast gəlir. Son illər, adətən, yalnız kataral otitlər müşahidə olunur, irinli otitlərə nadir hallarda rast gəlinir.

Stomatitlər qızılca zamanı çox vaxt kataral və aftoz olurlar. Nekrotik və xoralı stomatitlər yalnız qidalnması pozulmuş və avitminozlu zəif uşaqlarda inkişaf edir. Qanqrenoz stomatitlər son illər rast gəlinmir. Qızılca zamanı əmələ gələn kolitlər və enterokolitlər, adətən ikincili mikroflora ilə törədilir (şigellalar, E.coli, stafilokoklar və s.)

Qızılcanın patogenezində qızılca virusunun anergiya vəziyyətini yaratmaq qabiliyyəti böyük rol oynayır. Orqanizmin müdafiə qüvvələri zəiflədikdə difteriyaya qarşı antitoksik immunitet zəifləyir (mənfi Şik reaksiyası müsbət olur), müsbət Mantu sınağı itir, qanın komplementar qabiliyyəti azalır və s.

Qızılca keçirdikdən sonra ömürlük immunitet yaranır. Təkrari yoluxma 0,5-1% təsadüfdə qeyd edilir. Anadan olan uşaq həyatının birinci 3 ayı müddətində qızılcaya qeyri-həssas olur, xəstəliyə tutulmur.

İnfeksiya mənbəyi. Xəstəlikdə yeganə infeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir. O, xəstəliyin prodromal dövründə və onda səpgilər əmələ gələndən 3-5 gün sonra ətrafdakılar üçün yoluxucudur. Bu dövr ümumiyyətlə, 8-10 gün çəkir. Xəstəlikdən sağalmış və rekovalesentlər ətrafdakılar üçün təhlükəsizdir.

Ən yüksək yoluxuculuq kataral dövrdə və səpgilərin yaranmasının 1-ci günü qeyd edilir. Səpginin 3-cü günündən kontagiozluq kəskin azalır, 4-cü günü isə xəstə yoluxucu sayılmır.

Mitiqrə olunmuş qızılca ilə xəstələr də həmçinin yoluxdurucu hesab edilirlər.

Yoluxma mexanizmi. Qızılca ilə yoluxma hava-damcı mexanizmi ilə baş verir. Uşaqlar qızılca ilə bir otaqda olduqda yoluxurlar.

Bununla belə, xəstə ilə təmasın müddətindən asılı olaraq müxtəlif xəstələnmə faizi qeyd edilir. Müəyyən edilmişdir ki, xəstə ilə bir gün ərzində təmasda olan uşaqların 40%-i, 2 gün təmasda olanların 60%-i, 4 gün ərzində təmasda olanların isə hamısı yoluxurlar. Viruslar xarici mühitə davamsız olduğundan məişət əşyaları rol oynamır.

İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə – qonşu otaqlara və dəhliz və pilləkənlərarası sahələr boyunca digər mənzillərə yayıla bilər. Qızılca virusunun aşağı mərtəbələrdən ventilyasiya sisiemi vasitəsilə yuxarı mərtəbələrə daşınması mümkündür.

Patogenez və patoloji anatomiyası. Qızılca virusunun orqanizmə daxil olma qapıları yuxarı tənəffüs yollarının selikli qişasıdır. K.Rarrın (1954–1957) məlumatlarına əsasən, qızılca virusunun giriş qapıları kimi gözün selikli qişası da iştirak edə bilər.

Virus burun-udlağın selikli qişasından orqanizmə daxil olaraq qana keçir ki, orada onu inkubasiyanın ilk günlərindən aşkar etmək olar. Virusun qanda maksimal sirkulyasiyası kataral dövrün sonunda və səpginin yaranmasının 1-ci günü müşahidə edilir, bu günlərdə virus yuxarı tənəffüs yollarının selikli qişasının ifrazatında böyük miqdarda aşkar edilir. Səpginin 3-cü günündən virusun ifrazı kəskin azalır, 5-ci günü isə virus qanda tapılmır.

Bu andan etibarən qanda virus neytrallaşdıran əkscisimlər aşkar edilir.

loading...

Bunuda oxu...