QİDA ZƏHƏRLƏNMƏLƏRİ

Qida mənşəli zəhərlənmələrin səbəbi qida ilə orqanizmə mikrobların, zəhərli maddələrin və ya zəhərli bitkilərin daxil olmasıdır. Qida zəhərlənmələri, eləcə də qidaların düzgün bişirilib-hazırlanmaması nəticəsində və yaxud əlverişli şəraitdə saxlanmaması nəticəsində baş verir. Qida zəhərlənmələrinin 90 %-ni bakterial təbiətli zəhərlənmələr təşkil edir.

Mütəxəssislərə görə, qida zəhərlənmələri əsasən isti aylarda baş verir. Yay aylarında turşular, şirniyyat, kolbasa və sosiska və s. bu kimi qidalar zəhərlənməyə səbəb olur.

Zəhərlənmələr xroniki və kəskin bağırsaq xəstəliyi keçirmiş, hipovitaminozu olan şəxslərdə, eləcə də uşaqlarda və qocalarda tez-tez baş verir, sürətlə inkişaf edir və ağır formaya keçə bilir. Eyni ərzağı qəbul etmiş şəxslərin bir vaxtda xəstələnməsi, gizli dövrü qısa olmaqla (orta hesabla 6-24 saat) qəflətən baş verməsi, sanitariya qaydalarının pozulması şəraitində hazırlanmış qidanın qəbulu ilə əlaqədar xəstələnmənin baş verməsi, zəhərlənməyə səbəb olan qida istifadədən çıxarıldıqda zəhərlənmə hallarının kəskin azalması qida zəhərlənmələrinin əsas səciyyəvi xüsusiyyətləridir.

loading...

Qida toksikoinfeksiyalarının ən geniş yayılmış forması salmonellozlardır ki, bunlara səbəb əksər hallarda heyvani mənşəli ərzaq məhsullarıdır. Ət, balıq, quş əti, süd və süd məhsulları, qaz və ördək yumurtaları toksikoinfeksiyaların yayılmasında mühüm rol oynayır. Bu məhsulların tədarükü, daşınması, saxlanılması, bişirilməsi və realizasiyası zamanı gigiyenik qaydalara düzgün riayət olunmazsa, ərzağın bakterial çirklənməsi baş verə bilər.

Bu cür çirklənmiş ərzaq məhsullarının lazımi termiki işlənmədən keçmədən, yaxud da soyuducuda saxlanmadan qəbul edilməsi qida toksikoinfeksiyalarına səbəb ola bilər. Əsas əlamətləri 6-36 saatlıq gizli dövrdən sonra başlanır. Qarın nahiyəsində ağrılar, şiddətli ishal, ürəkbulanması, qusma baş verir. Temperatur 2-4 gün ərzində 38-39 dərəcəyə qalxır, xəstəlik 7 günə qədər çəkə bilər. Belə hallarda mütləq şübhəli qida istifadədən çıxarılmalı, qida qalıqları, qusuntu kütləsi, ishal materialı nümunə üçün götürülüb, bakterioloji laboratoriyaya təqdim olunmalıdır.

Qida zəhərlənmələrinin ən ağır növü botulizmdir. Bu növ zəhərlənməyə ilin hər fəslində təsadüf etmək olar. Mikroblar uzun müddət torpağın üzvi maddələrində oksigensiz mühitdə inkişaf edir və buradan da qidaya keçirlər. Botulizm qida zəhərlənmələri əsasən ət, balıq, kolbasa məmulatı, göbələk və bəzən tərəvəz konservlərini yedikdə baş verir. Botulizm mikroblarının ifraz etdiyi toksin bütün mikrobların zəhərindən güclüdür, odur ki, botulizm zəhərlənmələri olduqca ağır keçir və yüksək ölüm faizinə malikdir. Belə zəhərlənmə zamanı xüsusilə hərəki sinir lifləri, tənəffüs və ürək fəaliyyəti iflic olur.

İlk yardım: mədə-bağırsaqdan zəhərli qidanı və ya onun qalıqlarını təmizləmək üçün mədə adi qaydada yuyulur, təmizləyici imalə edilir. Sonrakı müalicə üçün həkimə müraciət edilir.

Profilaktik tədbirlər:

Yeməkdən qabaq əllər sabunla təmiz yuyulmalı.

İstifadə ediləcək bütün qida maddələri müsbət 5°C-dən aşağı temperaturda saxlanmalı.

Qida maddələrinin tam bişirilməsinə xüsusi diqqət verilməli.

Qaz və ördək yumurtaları15 dəqiqədən az olmayaraq bişirməli.

Tərəvəzləri axar su altında bir neçə dəfə diqqətlə yumalı.

Qida maddələrinə ev heyvanlarının və gəmiricilərin toxunmasına imkan verməməli.

Dr. Azər Nağıyev

loading...

Bunuda oxu...