QARACİYƏRİN ORQANİZM ÜÇÜN ƏHƏMİYYƏTİ

Qaraciyər orqanizmdə ən böyük vəzli üzv olub 500`dən artıq vacib metabolik funksiya yerinə yetirir. Qarın boşluğunun sağ üst hissəsində yerləşən qaraciyər hüceyrəarası maddədən, hüceyrələrdən, öd yollarından və qan damarlarından ibarətdir.

Orqanizmdə çox vacib funksiyalar qaraciyərlə əlaqədardır. Yediyimiz bütün qida maddələri bağırsaqlardan qapı venası ilə qaraciyərə gəlir. Zərərli maddələr, dərman maddələri, alkoqol, süni qidaların və içkilərin tərkibindəki yad maddələr qaraciyərdə zərərsizləşir.

Maddələr mübadiləsinin bəzi zəhərli son məhsulları da qaraciyər tərəfindən zərərsizləşdirilib orqanizmdən kənarlaşdırılır. Qaraciyərin funksiya pozğunluqlarında, qaraciyər çatışmazlığı zamanı bu zəhərli maddələr baş beyinə qıcıqlandırıcı təsir göstərib qaraciyər ensefalopatiyası deyilən patalogiya əmələ gətirir.

loading...

Qaraciyər həm də depolama funksiyası yerinə yetirir. Yağlar, karbohidratlar, müxtəlif vitaminlər və minerallar qaraciyərdə ehtiyat qida maddələri şəklində toplanır və lazım olduqca istifadə olunur. Qan şəkərinin normada saxlanılmasında da qaraciyərin rolu var.

Qaraciyərin gün ərzində ifraz etdiyi 2 litrə qədər öd yediklərimizin həzm olunmasında mühüm rol oynayır. Buna görə qaraciyər xəstəlikləri zamanı öd ifrazı və həzm pozğunluğu baş verir. Yeməkdən sonra köp, ağırlıq, ağrı əmələ gəlir.

Qaraciyərdə orqanizmə lazım olan bir çox maddələr sintez olunur. Proteinlər, yağlar, karbohidratlar, vitaminlərin sintezi qaraciyərdə baş verir. Buna görə qaraciyər çatışmazlığı və sirroz zamanı xəstələrdə arıqlama baş verir.

Qan laxtalanma faktorları da qaraciyərdə sintez olunduğu üçün qaraciyərin irəli dərəcəli xəstəliklərində qanın laxtalanma qabiliyyəti azalır. Belə xəstələrin qanaxmaya meyilli olması bununla əlaqəlidir.

Yuxarıda sadalananlar qaraciyərin gördüyü işlərin bir hissəsidir. Bütün əsas metabolik proseslər qaraciyərdə gedir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...