QANIN HAMİLƏLİK ZAMANI LAXTALANMASI
Qanın laxtalanması-qatılaşması (koaqulyasiya) hamiləlik zamanı normaldır. Hamiləlik davam etdikcə laxtalanma artır. Bununla təbiət qadını doğuşa hazırlayır – laxtalanma ananın çoxlu qan itirməsinin qarşısını alır.
Amma bəzən laxtalanma həddən artıq olur, yəni hiperkoaqulyasiya baş verir. Bu isə artıq qoruyucu deyil, hamiləlik üçün təhlükəli prosesdir, dölün məhvinə səbəb ola bilər.
Hiperkoaqulyasiya necə müəyyən olunur?
Qanın laxtalanma həddi adətən analiz vasitəsilə müəyyən olunur. Bəzən hamilə gəlib deyə bilər ki, doktor, analizə baxın, məndə laxtalanma yüksəkdir. Mən baxıram, bu hamilə üçün normaldır, dərmana ehtiyac yoxdur. Sadəcə izləyirik, laxtalanma eyni səviyyədə qalırmı, ya artırmı? Həddən çox artsa, qarışmalı oluruq. Həddən artıq laxtalanma şübhəsi varsa, hamilə hər 4-5 həftədən bir analiz verməlidir.
Amma hər bir insan individualdır. Hər şey hamiləliyin gedişindən asılıdır. Bəzən elə problem yaranır ki (məsələn, dölün birləşmə yerinin qopması–hematoma), bir həftədən, ya iki həftədən bir analiz verilir. Yəni biz prosesi izləyirik və müşahidəmizə əsasən, hərəni öz probleminə uyğun olaraq göndəririk analizə…
Amma hiperkoaqulyasiya çox vaxt 2-3 düşükdən sonra müəyyən olunur. Son vaxtlar tibbdə belə bir protokol tərtib olunub; bir neçə erkən düşük zamanı heç bir analizdə başqa faktor, infeksion faktor, düşüyə başqa səbəb tapılmırsa, baxmayaraq ki, laxtalanma normaldır, ya da yüngülvari artıqdır, antiaqulyant, yəni laxtalanmaya qarşı müalicə başlanır.
Dr. Günay Əsədova