PSİXOLOGİYANIN İNKİŞAF TARİXİ

Psixologiya qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin “Ruh haqqında” traktatında şərh olunmuşdur. Uzun müddət psixologiya fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental fəlsəfə, ruhiyyat, pnevmatalogiya adlandırılmışlar.

XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənilməmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə “Emprik psixologiya” və 1734-cü ildə “Rasional psixologiya” kitabları nəşr olunandan sonra məlum olmuşdur. Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində  rus psixoloqlarınıın vasitəsilə işlənməyə başlanmışdır.

Psixologiya öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir.

loading...

Elməqədərki I mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.

İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. II mərhələnin başa çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərqlidir. Kimi ilk psixologiya məktəbinin – assosionizmin yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla (XIX əsrin ortaları) II mərhələnin başa çatdığını qəbul edir.

PSİOLOGİYAPsixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun eksperimental psixologiya laboratoriyasının yaranması tarixindən götürməyi təklif edənlər də var.

Bunlarla yanaşı psixologiyanın müstəqil elm sahəsi kimi daha əvvəlki dövrlərdən meydana çıxdığını qəbul edənlər də olmuşdur. Bu, psixologiyanın müstəqil şəkildə predmetinin müəyyənləşməsi, humanitar və təbiət elmləri sistemində öz yerini tutması, psixikanın daxili və xarici təzahürlərinin eyni vaxtda öyrənilməsi ilə bağlıdır.

Psixologiyanın müstəqil mövqeyi onun bir fənn kimi üniversitetlərdə tədris olunması ilə də əlaqələndirilir. Bu isə XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə təsadüf edir.

Psixoloqların böyük əksəriyyəti psixologiya elminin müstəqil elm sahəsi kimi meydana çıxmasının tarixini XIX əsrin ikinci yarısından, eksperimental psixologiyanın yaranması tarixindən götürməyi daha düzgün hesab edirlər.  İstənilən halda qəbul etmək lazımdır ki, psixologiyanın müstəqil elm sahəsi kimi mövcudluğu tarixi onun fəlsəfənin tərkibində inkişafı tarixindən qat-qat azdır. Təbii ki, fəlsəfənin tərkibində olduqda belə bu elm inkişaf etmiş, onun predmeti, məzmunu təkmilləşmişdir.

Uzun müddət psixologiyanın predmeti ruh olmuşdur. Lakin müxtəlif dövrlərdə ruh anlayışı müxtəlif məzmun, mahiyyət kəsb etmişdir. «Ruhi aləm» anlayışının əmələ gəlməsi ibtidai insanların animistik görüşləri ilə əlaqədardır. İbtidai insanların təsəvvürlərində ruh bədəndən aydın surətdə ayrılmır.

Bu təsəvvürlər həyat fəaliyyəti və şüur, o cümlədən yuxu, ölüm, ürəkkeçmə və s. hadisələrin elməqədərki, primitiv – materialist şərhi nəticəsində əmələ gəlmişdi. Belə hadisələrin səbəbini izah etməkdə çətinlik çəkən ibtidai insanlar onların bilavasitə qavranılan zahiri cəhətlərini onun əsl mahiyyəti kimi qəbul edirlər.

Qədim insanlara görə insanın ruhu – onun bənzəridir. Onun tələbatı və adətləri, mövcudluq şəraiti canlı insanlarda olduğu kimidir.  Bununla yanaşı, hesab edilirdi ki, ruhun başlıca funksiyası bədəni fəallaşdırmaqdır. Qədim dövrün alimləri – psixoloqlar hesab edirdilər ki, bədən ətalətdə olan kütlədir və onu məhz ruh hərəkətə gətirir.

Ruh yalnız fəallıq üçün enerji vermir, eyni zamanda onu istiqamətləndirir, insanın davranışını tənzim edir.  Tədricən ruhun funksiyasına idrak da əlavə olundu. Beləliklə, fəallığın mənbəyi kimi idrak, onun mərhələləri psixoloji tədqiqatların mühüm məsələlərinə çevrildi.

Orta əsrlərdə ruhun öyrənilməsi ilə bağlı dini nəzəriyyələr meydana çıxdı və elmi araşdırmaları sıxışdırmağa başladı. Buna görə də formal olaraq psixologiyanın predmeti dəyişmədi, bədənin fəallığının növləri, idrakın xüsusiyyətləri, ilk növbədə hissi idrak tədqiq olunurdu. Tənzimedici funksiya, iradi davranış, məntiqi təfəkkür və s. ilahi iradə, allaha inam kimi təqdim olunmağa başlandı.

Lakin dini ideologiya real aləmə neqativ münasibət formalaşdırmışdı, haqq-təalaya qovuşmaq istəyən insandan özü ilə tək qalmaq tələb olunurdu. Din xadimləri hesab edirdilər ki, mövcud olanlar artıq yaradılmışdır və əbədi olaraq dəyişməz qalacaqdır. Yeganə radikal dəyişiklik yalnız insanın «ikinci zühuru» zamanı baş verəcəkdir. O vaxta qədər isə heçnə dəyişməyəcəkdir.

Lakin bu kimi təzyiqlərə baxmayaraq, artıq feodalizmin daxilində mütərəqqi psixoloji təlimlər meydana çıxır. Həmin dövrdə universitet tələbələri ilk mühazirədə professoru qiymətləndirmək istədikdə deyirdilər: «Bizə ruhi aləm haqqında danışın!».

Digər elm sahələri kimi, psixologiya elmi də tədricən dinin təzyiqlərindən, buxovundan azad olmağa başladı. Antik dövrlərdə olduğu kimi, elm yenə də obyektiv, rasional düşüncəyə, yanaşmaya, ağıla, inama, real faktlara istinad etməyə başladı. Lakin bununla yanaşı, dini inamlardan hələ də tam imtina etmək mümkün deyildi. Buna görə də psixologiyanın predmeti dəyişdi. Onun predmeti ruh, ruhu aləm deyil, şüur, onun məzmunu, formalaşdırılması yolları oldu.

Lakin bu dövr ona gətirib çıxardı ki, artıq XVIII əsrdə faktiki olaraq idrak prosesləri psixologiyanın predmetinə çevrildi. Eyni zamanda, davranış, emosional proseslər, eləcə də şəxsiyyət, onun inkişafı hələ də psixologiyanın predmetindən kənarda qalırdı. Tədqiqatların belə məhdud dairəsi ilk dövrlərdə həm də əhəmiyyətli idi. Belə ki, bu vəziyyət psixologiyaya dini mövqedən uzaqlaşmağa, sonra isə eksperimental elmə çevrilməyə imkan yaratdı.

Bu həm də onun müstəqil elm sahəsinə çevrilməsinə, tədqiqat sahəsinin, predmetinin fəlsəfədən fərqlənməsinə, ayrılmasına təkan verdi. Digər tərəfdən isə belə yanaşma psixologiyanın inkişafına əngəl olurdu. Buna görə də XIX əsrin ikinci yarısında bu məsələlərə yenidən baxmaq zərurəti yarandı. Biologiyanın inkişafı, o cümlədən Ç. Darvinin təkamül nəzəriyyəsi, H.Spenserin və digər tədqiqatçıların işlərinin nəticəsində psixologiya elmi fəlsəfədən tamamilə ayrıldı, təbiət elmlərinə yaxınlaşdı.

Bununla yanaşı, öz predmetini genişləndirərək, İ.N.Seçenovun sözləri ilə desək «şüur sahəsindən davranış sahəsinə» keçirdi. Beləliklə idrak proseslərindən başqa, emosional proseslər və davranış psixologiyanın predmetinə daxil oldu. Daha mühümü isə ondan ibarətdir ki, psixologiyanın obyektiv elm sahəsi olmaq cəhdi psixikanın tədqiqində yeni metodların axtarışına səbəb olmadı.

XIX əsrin 80-cı illərinə qədər introspeksiya hələ də aparıcı metod olaraq qalırdı. Psixologiya elminin inkişafının III mərhələsi Almaniyanın Leypsiq şəhərində V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması ilə başlayır.

Eksperimental psixologiya laboratoriyasının yaranması ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundt-un assosianist yanaşmanın əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosianal haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar verə bilmədi. Belə vəziyyət alimləri psixikanın tədqiqi ilə bağlı yeni metodlar axtarmağa sövq etdi.

Həmin dövrdə yaranan ilk psixologiya məktəbləri uzun müddət fəaliyyət göstərə bilmədi. Lakin onlar sübut etdilər ki, psixologiyanın predmeti, metodları ilə bağlı fərqli mövqelər, yanaşmalar mövcuddur. Beləliklə, zamanın tələblərinə uyğun yeni axtarışlar başladı. Bu dövrü psixoloqlar metodoloji böhran dövrü adlandırırlar. Vahid mövqeyə gələ bilməmələri nəticəsində XX əsrin əvvələrində psixologiyada bir neçə istiqamət meydana çıxdı.

Onların hər birinin öz predmeti və tədqiqat metodları yarandı. Nəticədə psixologiyada psixoanaliz, biheviorizm, qeştalt psixologiya, marksist psixologiya istiqamətləri və məktəbləri yarandı.  XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı.

Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə fərqlənən bir dövrdür. Özünün qədim tarixiliyi ilə fərqlənən elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerli-yerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə bir-birlərindən fərqlənirlər.

Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur.

Psixologiyanın öyrəndiyi bu hadisələr psixi hadisələr adlandırılmışdır. Psixi hadisələrin təsnifi və onun strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur. Bu sahədə daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması ilə bağlı olan fikirlərdir: psixi proseslər, psixi hallar, psixi xassələr (bax şəkil 1). Psixi proseslərinsan davranışının ilkin tənzimləyicisi kimi meydana çıxır.

Psixi proseslərə duyğu, qavrayış, hafizə, diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi proseslərin müvafiq başlanğıcı, gedişi və sonu vardır. Məhz buna görə də psixoloqlar psixi proses termininin psixi faktın prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər. Psixi prosesləri üç qrupa ayırırlar: idrak prosesləri, emosional və iradi proseslər.

Kazımlı Nigar

loading...

Bunuda oxu...