PARODONT VƏ PARODONTUN İNKİŞAFI

DişlərDişlərin və parodontun formalaşmasında ektodermal epiteli və ilkin ağız boşluğu mezenximi əsas rol oynayır. Epiteliyə daxil olan bu törəmələr dodaq və diş lövhəciklərini əmələ gətirir.

Diş lövhəciyinin yanaq-dodaq səthində epitelinin qeyri-bərabər böyüməsi sayəsində dişlərin sayına müvafiq miqdarda, zəng formasında hündürlüklər yaranır ki, bunlar da sonralar mina orqanına çevrilir.

Epiteli hündürlüyünün əsasında yerləşən mezenxim diş məməciyinə differensiasiya olunur ki, bundan da əvvəlcə pulpa, sonra isə dentin əmələ gəlir.

loading...

İçərisində diş məməcikləri olan və epiteli mayanı əhatə edən birləşdirici toxuma mənşəli törəmə diş kisəciyini əmələ gətirir.

Diş kisəciyindən isə kökün sementi, bağ aparatı və alveolyar çıxıntının sümük hissəsi əmələ gəlir. Bununla da diş mayalarının əmələgəlmə mərhələsi başa çatmış olur.

Diş toxumalarının differensiasiya mərhələsində dişlərin və parodontun formalaşması başlayır. Mina orqanının xarici epiteli hüceyrələri minanın xarici qatını təşkil edir. Dişlərin çıxma dövründə epiteli hüceyrələri əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalır, nüvələrini itirir, qalınlaşır və birləşdirici toxuma epitelisinə çevrilir.

Dişlər çıxdıqdan sonra süd dişlərinin kökləri 2,5 il, daimi dişlərin kökləri isə 3 il müddətində tam formalaşmış olur. Sementin inkişafı diş köklərinin formalaşması ilə eyni vaxtda, xüsusi hüceyrələrin – sementoblastların hesabına baş verir.

Alveol sümüyü diş kisəciyinin birləşdirici toxuma hüceyrələrindən inkişaf edir. Əvvəlcə həmin hüceyrələr osteoblastlara, sonra isə diş orqanını əhatə edən kobud lifli sümüyə çevrilir. Formalaşma dövrü ərzində sümüyün kompakt lövhəsi, qidalanma kanalları və sümük iliyi də differensiasiya olunur.

Alveolun əmələ gəlməsi sementin inkişafı və kökün formalaşması ilə eyni vaxtda baş verir. İlkin mərhələlərdə süd və daimi dişlərin mayaları bir alveolda yerləşir. Sonrakı dövrlərdə isə mayalar arasında sümük arakəsmələr əmələ gəlir.

Periodontun birləşdirici toxuması diş kisəciyinin mezenximindən inkişaf edir. Mayanın inkişafının ilkin dövrlərində 3 qatdan ibarət hüceyrələr formalaşmağa başlayır. Bir qrup hüceyrələr sementə, digər hüceyrələr isə alveol sümüyünə doğru inkişaf edir. Bu hüceyrələr arasında dəqiq oriyentasiyası olmayan üçüncü  qat hüceyrələri də yerləşir. Funksional təzyiq nəticəsində həmin hüceyrələr liflərə çevrilir. Liflərin istiqaməti dişlərə düşən təzyiqdən asılı olaraq müxtəlif tərəflərə yönəlmiş olur.

Çənələrin böyüməsinə uyğun olaraq, alveol çıxıntılarının, alveolarası arakəsmənin zirvə hissəsinin tam minerallaşma prosesi başa çatır.

Parodont xəstəlikləri, R. M. Məmmədov, B. M. Həmzəyev

loading...

Bunuda oxu...