PARAZİTAR XƏSTƏLİKLƏR

YOLUXUCU XƏSTƏLİKLƏRBu termin bütün sistematik qruplardan olan parazitlər tərəfindən törədilən xəstəliklərin ümumi adıdır – orqanizmə patogen törədicilərin daxil olması, çoxalması və həyat fəaliyyəti nəticəsində inkişaf edən xəstəliklərdir: protozoozlar, helmintozlar.

Qeyd etdiyimiz kimi, parazitin təbii yaşayış mühiti sahibin orqanizmidir.

Ümumiyyətlə, sahibin orqanizmi özünün morfoloji, fizioloji və müdafiə xüsusiyyətləri ilə bərabər, parazit üçün birinci xarici mühit sayılır. Parazit həmin orqanizmə təkamül prosesində adaptasiya olmuşdur. Bu mühit parazitlərə bilavasitə təsir edir. Xarici mühit isə (ikinci sıra xarici mühit) parazitlərə dolayı yolla, yeni sahib orqanizm vasitəsi ilə təsir göstərir.

loading...

Təbii təkamülün müxtəlif mərhələlərində canlı orqanizmlərin bəzi növləri parazit həyat tərzinə keçmişdir. Belə ki, bir çox saprofit mikroorqanizmlər parazitlərə çevrilmişlər. Bunun nəticəsində onların orqanizmində maddələr mübadiləsində xeyli dəyişikliklər baş vermiş və son nəticədə bu törədicilər yalnız digər orqanizmin hesabına yaşamağa qabil olmuş və həmin orqanizmlər onlar üçün yaşayış mühitinə çevrilmişlər. Parazitlər sahibin təkcə fiziki-kimyəvi mühitinə adaptasiya olmamışlar, onlar həm də müdafiə qüvvələrinə qarşı müəyyən dərəcədə davamlılıq qazanmışlar. Parazit mikroorqanizmlərin birincili lokalizasiya yerləri xarici örtüklər, tənəffüs və həzm yolunun selikli qişaları olmuşdur. Əksər mikroorqanizmlər indi də bu sistemlərdə yaşayır.

Digər parazitlər sahib orqanizmin daha dərin qatlarına – daxili mühit toxumalarına keçmişdir.

Parazitlərin sahib orqanizmə sonrakı adaptasiyası ixtisaslaşma yolu ilə getmişdir, yəni onlar müəyyən toxumalarda parazitlik etmək qabiliyyəti qazanmışlar: məsələn, dizenteriya törədicisi yalnız bağırsaq divarında, quduzluq virusu sinir toxumasında çoxalır. Təkamül prosesində müəyyən bir parazit formaları bir və ya bir neçə növ sahib orqanizmə (parazitlərin dar spesifikliyi), digərləri isə daha çox sahiblərə adaptasiya etmişlər (spesifikliyin olmaması). Qızılca və qarın yatalağının törədicisi yalnız insanı zədələyir. Quduzluq virusu isə bütün məməliləri zədələyə bilər.

Xəstəlik törədicilərinin insan orqanizmində adaptasiyası müxtəlif yollarla getmişdir. Sərbəst vəziyyətdən parazitizmə bilavasitə keçid vəba vibrionlarında baş vermişdir.

İnfeksion və invazion xəstəliklər sərbəst yaşayan bir növün (müxtəlif bitki və heyvan qruplarından) digər orqanizmlərdə parazitizmə keçməsi nəticəsində əmələ gələ bilər.

Parazit – təkcə başqa orqanizmdən qida mənbəyi və yaşayış mühiti kimi istifadə edən orqanizm deyildir. O həm də ona zərər yetirir.

Çox zaman parazitləri yalnız parazitik qidalanma tiplərinə görə bölürlər və ona görə infestasiyaları işarə etmək üçün indiyə qədər ümumi qəbul olunmuş termin yoxdur. Parazitozlar termini daha məqsədəuyğun hesab olunur.

Parazitizmin təzahürləri. İnfeksion xəstəlik törədiciləri orqanizmlərin müxtəlif qruplarına aid edilir. Bu yaxınlara qədər hesab edirdilər ki, parazitlər yalnız heyvani mənşəlidir. Buna görə də parazitar xəstəliklərə ibtidailər, helmintlər, həmçinin buğumayaqlılar tərəfindən törədilən xəstəlikləri daxil edirdilər.

Ənənəyə uyğun olaraq, bu xəstəliklərin epidemiologiyasına tibbi parazitologiya kursunda baxılır. Hazırda hamı tərəfindən qəbul olunmuşdur ki, infeksion xəstəlik törədiciləri qrupuna daxil olan digər mikroorqanizmlər də (viruslar, xlamidiyalar, mikoplazma, bakteriyalar) parazitlərə aiddir. Mikozları törədən göbələklər də parazitlərə aid edilir. İnfeksiyaların, mikozların, invaziya və infestasiyaların əmələ gəlməsi və yayılması qanunauyğunluqları müəyyən dərəcədə uyğun törədicilərin həyat fəaliyyəti ilə bağlıdır.

Bu nöqteyi-nəzərdən, bütün sadalanan qrupları infeksiya termini ilə adlandırmaq qanunauyğundur.

Parazitizm üçün çoxsaylı təzahürlər xarakterdir. Bəzi parazitlər öz sahibindən müvəqqəti qida mənbəyi kimi istifadə edir (qansoran buğumayaqlılar) – bunlar müvəqqəti parazitlərdir.

Parazitik qidalanma tipinə görə obliqat (onlar təbiətdə yalnız parazitik qidalanma tipinin hesabına mövcuddurlar) və fakültativ (saprofit qidalanma tipinə malikdirlər) parazitlər ayırd edilir.

Orqanizmdə xəstəlik törətmə qabiliyyətindən asılı olaraq parazitlər patogen, qeyri-patogen və şərti patogenlərə bölünürlər.

İnfeksion xəstəlik törədiciləri daimi obliqat patogen parazitlərə aiddir. Son illərdə daimi obliqat şərti-patogen parazitlər, həmçinin fakültativ parazitlər tərəfindən törədilən xəstəliklər böyük əhəmiyyət daşımağa başlamışdır.

Patogen obliqat parazitlər. Bütün obliqat daimi parazitlərin həyat tsiklində mütləq 2 faza olur:

  1. sahib orqanizmdə yaşama fazası (qidalanma və çoxalma);
  2. bir orqanizmdən digər orqanizmə keçmə fazası.

İkinci faza olmadan obliqat parazitlərin bioloji növ kimi mövcud olması mümkün deyildir. Çünki fərdi sahibin həyatı həmişə məhduddur. İnfeksion proses parazitizmin I fazası ilə müəyyən edilir, epidemik proses isə əsasən II faza ilə əlaqədardır.

Buna görə də epidemiologiyanı daha çox paratizm probleminin ekoloji tərəfi maraqlandırır.

Bəzi obliqat parazitlər (birsahibli və ya monopatogen parazitlər) yalnız bir sahibin – insanın orqanizmində qidalanmağa uyğunlaşmışdır.

Onlar tərəfindən törədilən xəstəliklər antroponozlar adlanır.

İnsanların infeksiya mənbəyi olduqları xəstəliklərə antroponoz xəstəliklər deyilir.

Digər obliqat parazitlər təbii şəraitdə heyvanların bir növünün və ya məhdud növlərinin nümayəndələri arasında sirkulyasiya etməklə mövcuddurlar. Birincilərdən fərqli olaraq, bu parazitlər heyvanların digər növlərində (parazitizmin əlavə təzahürü ) və ya insanda müvəqqəti çoxala bilərlər. Buna görə də onları çoxsahibli və ya polipatogen parazitlər adlandırırlar. Heyvanlar Infeksiya mənbəyi olduqda, belə xəstəliklər zoonoz xəstəliklər adlanır.

Əsl zoonozlara belə tərif verilir: təbii şəraitdə onurğalı heyvanlar və insanlar arasında yayılan infeksiyalar zoonozlar adlanır. Parazitlərin müəyyən hissəsi stenobiontdur, yəni təbii şəraitlərdə yalnız heyvan orqanizmində yaşamağa adaptasiya olunmuşlar.

Genetik olaraq insan bu törədicilərə qarşı həssas deyildir (iribuynuzlu qaramalın taunu, buzovların dizenteriyası, pulloroz).

Fakültativ (yalançı) parazitlər. Parazitizm tarixi baxımdan ikincili hadisədir. Parazitlərin ilkin əcdadları saprofitlər olmuşdur.

Təkamül prosesində parazitlərin saprofitlərdən inkişaf etməsi, yəni parazitizmdən saprofitizmə keçid baş verir. Bu zaman, təbii ki, aralıq qruplara aid olan orqanizmlər də əmələ gəlir.

Fakültativ mikroorqanizmlər məhz belə orqanizmlərdəndir.

Bunlar elə orqanizmlərdir ki, digər canlı orqanizmlərin hesabına olan qidalanma tipi yeganə, bəzən isə əsas deyildir. Təbiətdə belə orqanizmlərin mövcud olması əsasən saprofit qidalanma yolu ilə təmin edilir. Fakültativ parazitlərin bəziləri (klostridiyalar, bəzi göbələklər) insanlarda xəstəlik törədə bilər. Bu törədicilərin həyat fəaliyyətinin bioloji xüsusiyyətlərinə uyğun olaraq, onlar tərəfindən törədilən xəstəliklər sapronozlar adlanır. Onların törədiciləri ətraf mühitdə sərbəst yaşayırlar. Sapronozların tipik nümayəndəsi legionelyoz xəstəliyidir. Legionellalar üçün təbii mühit su hövzələridir. Onlar amöblərdə və yosunlarda, su mənbələrində, kondisionerlərin rütubətində toplanırlar.

Lakin xüsusi sapronoz infeksiyaların mövcud olması şübhəlidir.

Saprofit qidalanma tipinə malik törədicilərin qeyri-patogen parazitizm fazası vardır (çox zaman heyvan orqanizmində). Buna görə də fakültativ parazitlər tərəfindən törədilən xəstəliklər öz mahiyyətinə görə zoonozdur (və ya sapronozdur). İnfeksion xəstəliyin əmələ gəlməsini isə törədicinin parazitik qidalanma tipi olmadan təsəvvür etmək mümkün deyildir.

Mikroorqanizmlərin bəzi nümayəndələrində hər üç qidalanma tipinin əlamətləri vardır. Məsələn, klostridiyalar toksin ifraz edir, onunla zəhərlənmə yoluxmuş şəxsin ölümünə səbəb olur.

Deməli, saprofitizm (meyitlərdə çoxalma) və parazitizmin (bağırsaqda və yarada çoxalma) əlamətlərindən başqa, onlar yırtıcılıq əlamətlərinə də malikdirlər (sahibi toksinlə öldürmək). Adətən, fakültativ parazitlər insanlarda yalnız müəyyən şəraitdə xəstəlik törədir. Məsələn, tetanus törədicilərinin bağırsağa deyil, məhz yaraya düşməsi xəstəliyin inkişafına səbəb olur. Buna görə də onlar şərti-patogen törədicilər qrupuna daxil edilmişdir.

Qeyri – patogen (şərti – patogen) obliqat parazitlər. Son zamanlar törədicinin orqanizmdə uzun müddət qalmasını ifadə etmək üçün persistensiya termini daxil edilmiş, latent infeksiya termini meydana gəlmişdir. Latent infeksiyalara 1, 2, 5 tipdən olan adenoviruslar tərəfindən törədilən sadə herpesi misal göstərə bilərik. Xəstəlik yalnız latent infeksiya bioloji tarazlıq vəziyyətini pozduqdan sonra əmələ gəlir. Latent infeksiyanın kəskinləşməsinə gətirib çıxaran spesifik və daxili təsirlərin xarakteri müxtəlif xəstəliklər zamanı eyni deyildir. Bu zaman endogen infeksiya fəallaşır. Baş verən fenomen özü isə törədici üçün bir uyğunlaşmadır.

İnfeksiyanın kəskin mərhələsində onun disseminasiyasını təmin edir.

Parazit və sahibin qarşılıqlı uyğunlaşmasının ən son həddi qeyri-patogen parazitizmdir. Hazırda məhz təbii şəraitdə qeyripatogen olan mikroorqanizmlər tərəfindən törədilən patologiyalar daha çox əhəmiyyət qazanmışdır. İnsanın daimi sakinləri – bağırsaq çöpü, difteroidlər, Klebsiella cinsindən olan bakteriyalar və s. bu cür xəstəliklərin törədiciləridir. Belə törədicilər tərəfindən törədilən xəstəliklər yalnız müəyyən şəraitdə – orqanizmin rezistentliyi aşağı düşdükdə, orqanizmin reaktivliyinin dəyişildiyi şəraitlərdə (bu zaman təbii qeyri-patogen mikroorqanizmlər patogen təsir göstərir) əmələ gəlir.

Buna radiasion şüalanma, ağır travma və yanıqlar, soyuqlama, kortikosteroidlər və antibiotiklərin qəbul edilməsi aiddir. Orqanizmin rezistentliyi leykemiya və diabet kimi xəstəliklərdə də aşağı düşür. Təbii şəraitdəinsanın patologiyasında qeyri-patogen mikroorqanizmlərtərəfindən törədilən xəstəliklərin xüsusi çəkisi böyükdür. Bunlar hələ yaxşı  öyrənilməmiş iltihabi xəstəliklər, cərrahi – irinli xəstəliklər, yara infeksiyası, xolesistit, pielit, sistit və s. iltihabi proseslərdir.

İnsanın qeyri-patogen obliqat parazitlər tərəfindən törədilən xəstəlikləri bəzən endogen infeksiyalar tipində gedir. Çox zaman patoloji prosesin inkişafı spesifik qeyri-patogen parazitlərin zədələnmiş dəri və selikli qişalardan onlar üçün xas olmayan yolla daxil olması nəticəsində baş verir. Bu zaman autoinfeksiyadan söhbət gedir. Lakin endogen infeksiyalar və autoinfeksiya termini dəqiq deyildir. İstənilən mikroorqanizmlər insan orqanizmini onun həyatının istənilən mərhələsində xaricdən yoluxdurur, yəni endogen əmələ gəlmir. Həm də insanların həyatı boyu örtük toxumalarının qeyri-patogen mikroflorasının (mikroflora) mübadiləsi baş verir və xəstəlik bu mikroflora ilə çarpaz yoluxmanın nəticəsində yarana bilər.

Beləliklə, şərti-patogen törədicilər qrupuna özünün biolojiekoloji xarakteristikasına görə fərqlənən müxtəlif törədicilər daxil edilir: heyvanların və insanın fakültativ parazitləri və təbii şəraitdə patogen olmayan insanın obliqat parazitləri.

Parazitizmin fərdi xüsusiyyətləri. Epidemioloji bioamilin xarakteristikasını verərkən infeksion xəstəlik törədicilərinin parazitizmini xarakterizə edən ümumi bioloji-ekoloji xüsusiyyətlərindən başqa, ayrı-ayrı törədicilərin insan orqanizmi və ətraf mühitlə qarşılıqlı münasibətinin konkret formalarını da nəzərə almaq lazımdır.

Epidemik prosesin gedişinə infeksiyanın aşağıdakı xüsusiyyətləri təsir göstərir: inkubasiya dövrünün davametmə müddəti, infeksiyanın tipik, atipik və simptomsuz gedişləri, sahib orqanizmdən törədicinin xaric olma müddəti və xarakteri, törədicinin ayrı-ayrı orqanlara tropluğu, xəstəliyin gedişinin müddəti, postinfeksion immunitetin təzahür etməsi, xarici mühitin əlverişsiz təsirinə qarşı davamlılığı.

Epidemologiya, Şərq-Qərb, 2012

loading...

Bunuda oxu...