NEYRON

Sinir sistemiSinir sistemi də digər orqanlar kimi hüceyrələrdən meydana gəlmişdir. Sinir sisteminin bir parçası olan insan beynində 13 milyarda qədər sinir hüceyrəsi vardır. İnsan beyninin ağırlığı isə təxminən 1,5 kiloqrama yaxındır.

Sinir sisteminin təməl vahidi neyron adı verilən sinir hüceyrələridir. İnsanın sinir sistemindəki hüceyrələrin hamısı onun doğulması ilə birlikdə var olur və bir neyron öldükdə yerinə yenisi yaranmır.

Neyronun təməl funksiyası alman qıcığı reseptorlar vasitəsilə qəbul etmək və digər neyron və əzələlərə ötürməkdir. Neyronlar funksiyalarına görə müxtəlif quruluşa malik olurlar. Məsələn, hərəki neyron, qoxu və eşitmə neyronu görünüşünə görə bir-birindən fərqlidir.

loading...

Müxtəlif görünüşdə olsalar da, neyronlar əsasən üç hissədən ibarət olur: hüceyrə gövdəsi, dendritlər və akson. Hüceyrə gövdəsi nüvə və sitoplazmadan meydana gəlir. Sinir oyanması dendiritlər vasitəsilə hüceyrə gövdəsinə, akson vasitəsilə isə qonşu neyrona ötürülür. Mielin qişa sinir axımının aksona ötürülməsini təmin edir.

Sinir oyanmasının bir neyrondan digər neyrona ötürülməsi neyronlararsı sinapslar vasitəsilə mümkün olur.

Sinir axımı aksondan keçib akson uclarına gələrək sinapslarda olan qapıcıqlardan “sinir ötürücüsü” adlandırılan biokimyasal maddələrə təsir göstərir və onları olduqları qapıcıqlardan çıxarır.

Sinaptik aralıqdan keçən biokimyəvi maddələr digər neyronun dendritindəki alıcılara- reseptorlara təsir göstərir. Çox mürəkkəb olmasına baxmayaraq bu proses saniyənin mində biri qədər qısa bir zaman içində baş verir.

İki cür sinaps vardır: oyadıcı və ləngidici. Oyadıcı sinapslardakı elektrokimyəvi maddə sinir axımının başlamasına səbəb olur. Ləngidici sinapslarda isə sinir axımı ləngidilir.

Əgər beyində ləngiməni həyata keçirən sinapslar olmasaydı, o zaman müəyyən qıcıqlandırıcınm təsiri ilə bütün beyin qıcıqlandırılar və eplepsi xəstələrində müşahidə edilən nəzarətsiz davranışlar meydana çıxardı.

Qıcıqlandırmanı bir sinirdən o biri sinirə ötürən və ya ləngidən sinapslar sayəsində insan övladı son dərəcə mürəkkəb davranışları tənzimləyə bilir.

Bir-biri ilə təmasda olan neyronlar neyron silsiləsi əmələ gətirirlər ki, bunlar da funksiyalarına görə üç qrupa ayrılırlar.

  1. Hissi neyron olub hiss orqanlarında meydana gələn xarici enerjini sinir enerjisinə çevirərək mərkəzi sinir sisteminə gətirən aparıcı – afferent (mərkəzəqaçan) neyronlar.
  2. Mərkəzi sinir sistemində meydana gələn əks reaksiyaları əzələlərə və daxili sekresiya sisteminə çatdıran gətirici – efferent (mərkəzdənqaçan) neyronlar.
  3. Oyanmanı afferent neyrondan efferent neyrona ötürən ötürücü neyronlar.

Afferent neyronlar ətraf mühiti qavramamıza, efferent neyronlar isə qavradığımız ətraf aləmə gərəkli əks reaksiya göstərməyimizə imkan yaradır.

Afferent və efferent neyron qrupları arasındakı bağlantı onurğa beyni səviyyəsində yaranmışsa, qıcıqlandırıcıya refleks olaraq cavab verilir, refleksiv davranış göstərilir. Belə bir davranışda düşüncə rol oynamır. Məsələn, doktorun çəkic ilə dizimizə vurduğunda göstərdiyimiz reaksiya refleksiv davranışdır və düşüncə səviyyəsində özünü göstərmir.

Beyin səviyyəsində yaranan bir bağlantı isə mürəkkəb proses olub qıcıqlara qarşı verilən cavab reaksiyalarına, davranışlara düşüncənin nəzarətini təmin edir.

İnsan övladı həyatı boyunca sahib ola biləcəyi müəyyən sayıda sinir hüceyrəsi ilə dünyaya gəlir. Dünyaya gəldikdən sonra da insanda yeni neyron əmələ gəlmir, lakin var olan neyronlar inkişaf edir, bir-biri ilə yeni dendirit və sinaptik bağlantılar qururlar.

Sinir sistemindəki inkişaf uşağa daha mürəkkəb və doğru davranışlar göstərmək imkanı verir.

Sinir sistemi sadəcə neyronlardan ibarət deyil. Sinir sistemində beynin təxminən yarısını meydana gətirən və sayca sinir hüceyrələri-neyronlardan on dəfə artıq olan yardımçı hüceyrələr – qlia hüceyrələri də mövcuddur. Hər neyronun ətrafında ona yaxın qlia hüceyrəsi vardır. Bu hüceyrələrin əsas funksiyaları sinir hüceyrələrini dəstəkləmək və qorumaq, onların fəaliyyətinə yardım etməkdir.

Bəzi qlia hüceyrələri neyronların bəslənməsinə yardım edirlər. Bəziləri də aksonların ətrafında miyelin qişanı meydana gətirərək sinir sistemindəki siqnalların itkisiz və daha sürətlə ötürülməsinə şərait yaradırlar.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...