NƏBZ

NəbzNəbz ürəyin itələdiyi qanın hərəkəti nəticəsində damarların divarının təkanvarı hərəkətidir. Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar.

Nəbzi gicgah, yuxu və bud arteriyalarında tutmaq olar. Lakin adətən, onu mil arteriyasında tuturlar. Əzələlərin və vətərlərin gərilməsi əlləməyə mane olmaması üçün xəstə əlini boş saxlamalıdır.

Mil arteriyasında nəbzi hər iki əldə öyrənmək lazımdır. Yalnız nəbzin xassələrində fərq olmadıqda onu bir əldə tutub öyrənmək kifayətdir. Müayinə olunan şəxsin əlini sağ əllə mil-bilək oynağında tuturlar, baş barmağı dirsək tərəfdən, şəhadət, orta və adsız barmaqları isə mil sümüyü tərəfdən bilavasitə mil arteriyasına, xəstənin barmağmın dibinə qoyurlar.

loading...

Döyünən arteriyanı tapıb onun üstündən mil sümüyünün içəri tərəfinə yavaşca basırlar. Arteriyanı çox sıxmaq olmaz, çünki təzyiqdən nəbz dalğası itə bilər, həmçinin nəbzi özünün 1 barmağı ilə də tutmaq olmaz, çünki ondan nəbz vuran arteriya keçir ki, bu da çaşdıra bilər. Mil arteriyasında nəbzi tapmaq mümkün olmursa, onu gicgah və ya yuxu arteriyasında tapıb öyrənirlər. Nəbzin tezliyi, ahəngi, gərginliyi və dolğunluğu onun xassələrini müəyyən edir.

Nəbzin tezliyi normal halda dəqiqədə 60-dan 80-ə qədərdir, о adamın yaşından, cinsiyyətindən, ətraf mühitin və bədənin temperaturundan, habelə fiziki işdən asılı olaraq geniş həddə dəyişə bilər. Ana bətnində və bir yaşma qədər uşaqların nəbzi çox tez-tez vurur. 25 yaşından 60 yaşına qədər nəbz sabit olur.

Qadınlarda nəbz kişilərdən tez-tez vurur. Əzələ nə qədər intensiv işləsə, nəbz də bir о qədər tez vurur. Nəbzin çox tez-tez vurmasına taxikardiya, az-az vurmasına—bradikardiya deyilir. Həm taxikardiyada, həm də bradikardiyada xəstə üzərində diqqətli nəzarət olmalıdır, çünki hər cür ağırlaşma baş verə bilər.

Nəbzi ən azı 1/2 dəqiqədə saymaq lazımdır, alınmış rəqəmi 2-yə vururlar. Aritmiyada 1 dəqiqədəki nəbzi sayırlar. Bəzən sol mədəcik о qədər zəif yığılır ki, nəbz dalğaları periferiyaya gedib çıxmır, nəbz kəsiri (periferik nəbzin sayı ilə ürək yığılmalarının sayı arasında fərq) əmələ gəlir. Bu vaxt nəbzi iki adam saymalıdır. Ayrıca mil arteriyasında və ürək yığılmalarının sayına görə.

Nəbzin ahəngi. Nəbz vurğuları arasında vaxt fərqi olmazsa, yəni bunlar bir-birinin ardınca eyni vaxtdan sonra olarsa, buna düzgün ahəng, yaxud ahəngdar nəbz deyilir. Bunun əksi qeyri-bərabər, aritmik nəbzdir. Sağlam adamlarda çox vaxt nəfəsalmada nəbz tezləşir və nəfəsvermədə seyrək olur, bu—tənəffüs aritmiyasıdır. Tənəffüsü saxlamaqla bu cür aritmiyanı aradan qaldırmaq olar. Elektrokardioqrafiya metodu ilə aritmiyanın bütün növləri daha dəqiq müəyyən edilir.

Nəbzin sürəti—arteriyadan nəbz dalğası keçərkən təzyiqin qalxıb enməsinin xarakteri ilə təyin edilir.

Nəbzin gərginliyi-nəbz döyüntüsünün kəsilməsi üçün arteriya divarına basmaqdan ötrü tələb olunan güclə müəyyən olunur. Nəbzin gərginliyinə görə maksimal arterial təzyiqi təxminən bilmək olar: bu təzyiq nə qədər yüksək olsa nəbz bir о qədər kərkin olur.

Nəbzin dolğunluğu nəbzin yüksəkliyindən və qismən də onun gərginliyindən əmələ gəlir. O, nəbz dalğasını əmələ gətirən qanın miqdarı ilə müəyyən olunur və ürəyin sistolik həcmindən asılıdır. Nəbzin dolğunluğu yaxşı olduqda barmağın altında yüksək nəbz dalğasını tutmaq olur, nəbzin dolğunluğu pis olduqda isə nəbz zəif, nəbz dalğaları kiçik olub çətin bilinir. Bu, ürək əzələsinin pis işləməsini göstərir. Sapvarı adlanan güclə bilinən nəbz xüsusilə qorxulu əlamətdir.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...