MƏDƏ XƏRÇƏNGİ

Mədə xərçəngi onkoloji xəstəliklərin ən çox rast gəlinən formasıdır və bütün lokalizasiyalı bədxassəli şişlərin 40 % təşkil edir. Mədə xərçəngi dünyada  yayılmasına görə dördüncü yerdə, ölümə səbəb olan bədxassəli şişlər içərisində isə ikinci yerdə durur.  Mədə xərçəngi çox vaxt mədənin distal hissəsində rast gəlinir.

Mədə xərçənginin etiologiyası və patogenezi tam aydınlaşdırılmayıb. Lakin bu xəstəliyin meydana gəlməsində bir sıra faktorlar aşkar olunub. Müəyyən edilib ki, kişilərdə bu xəstəlik qadınlara nisbətən 10-15 faiz çox rast gəlinir. Bunun kişilərin qadınlara nisbətən daha çox siqaret çəkməsi və güclü alkohollu içkilərindən daha çox istifadə etməsi ilə əlaqələndirirlər.

Müəyyən olunub ki, mədə xərçəngi ən çox 50 yaşından yuxarı şəxslərdə rast gəlinir, lakin cavanlarda və uşaqlarda da ola bilər. Mədə xərçənginin  əmələ gəlməsində irsi faktoru da qeyd etmək lazımdır. Mədə xərçənginin əmələgəlmə tezliyi əhalinin qidalanma xüsusiyyətindən də asılıdır.

loading...

Qida rasionunda qurudulmuş, ədviyyatlı yeməklər, çörəyin, pendirin, düyünün, isti xörəyin üstünlüyünün, tünd alkohollu içkilərin qəbulunun mədə xərçənginin daha tez inkişafına səbəb olması müəyyən edilib.

Qidasında sitrus meyvələri, tərəvəz, süd, mal əti, steril konservləşdirilmiş məhsullar  olan digər əhali arasında mədə xərçənginə nisbətən az təsadüf edilir.  Müntəzəm  qidanalanmayan əhali arasında mədə xərçənginə daha tez–tez təsadüf olunur. Radioaktiv şüalanma mədə xərçənginə meyilliyi artırır.

Mədə xərçənginin əmələ gəlməsində onkogen viruslarının da rolunu qeyd edirlər.  Mədə xərçənginin daha tez-tez rast gəlinən fonu mədənin sekretor çatışmazlığı ilə gedən xronik atrofik qastritdir.  Mədə polipləri 50 faiz hallarda bədxassəlik əldə edir.  Xronik mədə  xorası 1-20 faiz hallarda xərçəngə çevrilir.

Böyümə xarakterinə görə, mədə xərçənginin aşağıdakı formaları ayırd edilir:

Polipəbənzər və ya göbələyəbənzər, mədə mənfəzinə ekzofit böyüyən xərçəng:  şiş yavaş inkişaf edir, gec xoralaşır və metastaz verir;

Nəlbəkiyəbənzər, mərkəzi xoralaşan xərçəng, gec metastaz verir;

Daha tez-tez rast gəlinən infiltrativ  xoralı xərçəng;

Diffuz infiltrativ xərçəng.

Son iki forma daha tez böyüyür və daha erkən çoxsaylı metastaz verir. Mədə xərçənginin beynəlxalq histoloji təsnifatına görə, diferensiasiya olunmamış, yastı hüceyrəli, vəzili ayırd edilir. Vəzili xərçəng diferensiasiya olunmuş və ya diferensiasiya olunmayan ola bilər. Diferensiasiya olunmamış xərçəng – solid, sirroz, üzüyəbənzər olur. Şiş ən çox mədənin çıxacağı nahiyəsində, ən az kiçik əyrilikdə və kardial şöbədə, daha az ön və arxa divarında, böyük əyrilikdə və mədə dibi nahiyədə lokalizə olunur.

Metastaz qan və limfa damarları ilə regionar düyünlərə (kiçik piylik, böyük piylik), sol körpücüküstü limfatik düyünlərə, qadınlarda yumurtalıqıara (Krubenberq metastazı), qaraciyərə, fəqərəyə, qarınarxası limfatik düyünlərə, az hallarda sümüklərə və başqa orqanlara yayılır.

Mədə xərçənginin 4 mərhələsi ayırd edilir:

I mərhələ – şişin diametri 2 sm, yalnız selikli və selikaltı qata yayılmış, metastaz verməmişdir.

II mərhələ- şişin diametri 4-5 sm, selikaltı və əzələ qatına inkişaf edir.

III mərhələ- şiş mədənin seroz və serozaltı qatına infiltrasiya edir, qonşu orqanlara doğru inkişaf edir, regionar limfa düyünlərinə çoxlu metastaz, müxtəlif ağırlaşmalar  verir.

IV mərhələ- xərçəng şişi istənilən ölçüdə olub, uzaq orqanlara metastaz verir.

Mədə xərçəngi zamanı müşahidə olunan simptomlar bir tərəfdən xərçəng toxumasının parçalanması nəticəsidə əmələ gələn toksinlərin qanyaradıcı aparata toksik  təsiri, digər tərəfdən hemopoetik faktorun olmaması nəticəsində meydana çıxır.  Anemiyanın, arıqlamanın və bəzi nevrit əlamətlərinin patogenetik təhlili bu cürdür.

Mədə xərçənginin digər simptomları xərçəngin lokalizasiyası ilə şərtlənir. Məsələn, xərçəng mədənin çıxacaq hissəsinin yaxınlığında inkişaf edərsə, stenoz verir, onun da nəticəsində arasıkəsilməyən qusmalar, qida durğunluğu, mədənin genişlənməsi, sancışəkilli ağrılar və s. meydana cıxır.

Mədə xərçənginin:

  1. Erkən dövrü.
  2. Xəstəliyin klinik əlamətlərinin meydana çıxması dövrü.
  3. Terminal dövrü ayırd edilir.

Erkən mərhələdə xəstələr zəiflikdən, tez yorulmadan, iştahanın azalmasından, ətli  qidaya qarşı ikrah hissindən, bəzən ağızdan xoşagəlməz daddan, tez-tez lax yumurta iyi verən gəyirmədən, mədə nahiyəsində ağrılıqdan, mədə diskomfortundan, səbəbsiz arıqlamadan şikayət edirlər ki, bunlar da Savitski tərfindən kiçik əlamətlər sindromu adlandırılıb.

Klinik əlamətlərin təzahüretmə dövründə xəstələrin əsas şikayətləri aşağıdakılardır:

Epiqastral nahiyədə daimi və ya qida qəbulundan sonra baş verən, xora ağrılarını xatırladan deşici xarakterli ağrı;

Getdikcə artan arıqlama;

Ürəkbulanma və qusma, bəzi hallarda qusuntu kütləsində qanın olması, çıxacağın stenozlaşması və mədə möhtəviyyatının onikibarmaq bağırsağa evakuasiyasının  pozulması nəticəsində mədənin tez dolması hissiyatı;

Anemiyaya gətirib çıxaran xronik mədə qanaxması;

Səbəbsiz uzunmüddətli qızdırma.

Mədə xərçənginin latent (bütün simptomların uzun müddət olması) və ağrısız (yalnız kiçik əlamətlər sindromu) formaları da ayırd edilir.

Mədənin kardial və fundal lokalizasiyalı şişlərində olan ağrı stenokardiyanı xatırladır. Bir sıra hallarda ilkin klinik əlamətlər metastazlarla əlaqədar meydana çıxır. Ümumi baxışda dəri ötüyünün solğunluğu və ya torpaq rəngində olması aşkar edilir.

Palpator olaraq epiqastral nahiyədə qarının ön divarı əzələlərinin gərginliyi və ağrılı olması, bəzən isə həmin nahiyədə dairəvi bərk törəmənin əllənməsi müşahidə olunur. Bəzi xəstəliklərdə uzaq metastazlar aşkar edilir. Məsələn, sol körpücüküstü nahiyədə böyümüş limfa düyünləri və ya qeyri-bərabər böyümüş qaraciyər palpasiya olunur.

Günay Əliquliyeva

loading...

Bunuda oxu...