KOMA VƏZİYYƏTİ

KomaKoma, yunanca yuxu,  mərkəzi sinir sistemində kəskin ləngimə nəticəsində huşun itməsi, reflektor fəaliyyətinin pozulması, həmçinin tənəffüs, qan dövranı və maddələr mübadiləsində dərin pozulmalarla xarakterizə edilən ağır patoloji haldır.

Komanın müxtəlif növlərinin öz etiologiyası və patogenezi vardır. Lakin onların hamısının inkişafında beyin qabığının, qabıqaltı nüvələrin və beyin kötüyünün funksiyalarının pozulması, xüsusən torabənzər  törəmənin beyin qabığına fəallaşdırıcı təsirinin zəifləməsi başlıca rol oynayır ki, bunun da nəticəsində xəstə huşunu itirir.

Komatoz vəziyyətlərə endokrin vəzilərin, qaraciyərin, böyrəklərin patologiyası, eləcə də bəzi zəhərlənmələr zamanı maddələr mübadiləsinin ağır pozulması səbəb olur. Bunların patogenezi və klinik əlamətləri etioloji amildən çox asılıdır. Bu baxımdan komanın ən çox təsadüf edilən növləri aşağıdakılardır:

loading...

Diabetik və ya hiperqlikemik koma adətən diabetli xəstələrin qanında şəkərin səviyyəsi 350 mq %-dən yuxarı olduqda tədricən inkişaf edir. Xəstə huşunu itirir, arterial təzyiqi aşağı, nəbzi tezləşmiş və zəif, dili və dərisi quru, əzələ tonusu zəif olur, tənəffüsü pozulur.

Diabetik komanın bilavasitə səbəbi hiperqlikemiya zamanı maddələr mübadiləsinin pozulması nəticəsində qanda çoxlu miqdarda olan keton cisimciklərinin mərkəzi sinir sisteminə toksik təsir göstərib, xüsusən beyin qabığında ləngimə törətməsidir. Xəstənin ağzından aseton iyi gəlir.

Diabetik koma həmişə ölümə səbəb olmayıb, bəzən xəstə həmin vəziyyətdən öz-özünə çıxır; amma təkrar komalar mütləq ölümlə nəticələnir.

Hipoqlikemik koma qanda şəkərin səviyyəsi 40 mq %-dən aşağı olduqda sürətlə inkişaf edir. Orqanizmdə insulinin artması ilə əlaqədar olduğundan, buna insulin koması da deyilir. Hipoqlikemik komanın bilavasitə səbəbi beyin hüceyrələrində karbohidrat aclığı və bu fonda beyin damarlarının kəskin spazmıdır.

Qaraciyər koması hepatit, qaraciyərin sirrozu və toksik təsir nəticəsində qaraciyər parenximasının dərin total zədələnməsi ilə əlaqədar olub, üç mərhələdə inkişaf edir:

Koma təhlükəsi – əsəbilik, sürətlə psixi üzülmə, sutkalıq rejimin təhrif olunması, tremor, ağızda xoşagəlməz təm, yüngül sarılıq qeyd edilir.

Prekoma – birinci mərhələdəki simptomlar, o cümlədən, tremor güclənir, psixotik vəziyyət törənir, vaxtaşırı huş itir, ağızdan “qaraciyər qoxusu” gəlir.

Koma – huşun itməsi və reflektor fəaliyyətin pozulması fonunda yuxarıda göstərilən əlamətlər şiddətlənir.

Böyrək koması uremiyanın son mərhələlərində kompensiyası olunmamış asidoz və orqanizmin elektrolit balansının dərin pozulmaları nəticəsində törənir. Hazırda ən effektli müalicə hemodializdən və ya böyrəyin transplantasiyasından ibarətdir.

Malyariya koması tropik malyariyadan ölümün səbəblərindəndir. Malyariya tutması zamanı eritrositlər dağıldıqda, həm onların, həm də plazmodilərin parçalanması məhsulları orqanizmi zəhərləyir.

Səfurə Sərdarqızı

loading...

Bunuda oxu...