KİŞİLƏR XANIMLARINI ANLAMAQ İSTƏSƏLƏR

Yaxşı arvadSəhər yuxudan durub yüksək əhvali-ruhiyyə ilə işə yollanırsan.

Xanım da həmişəki kimi oturur evdə. Düşünürsən ki, evdə Allah bərəkət versin, yemək-içməyə bir şey var, uzaqbaşı evdə bir az təmizlik işi görüləcək, vəssalam. Yəni sənə görə, evdə oturan xanımın işi çox rahatdır. Düşünürsən ki, evin-eşiyin ən ağır yükü sənin çiynindədir, bütün əzab-əziyyəti kişilər çəkirlər, qalan hamısı boş şeydir. Bu düşüncə, bu yanaşma tərzi illərdir bizimlə birgədir.

Üzünə vurmasaq da, işdən evə gəlib qapıdan içəri girəndə xanıma hiss etdiririk ki, oturub evdə kef çəkirsən, mən isə səhərdən axşama kimi əlləşib-vuruşuram ki, dolanışığımızı qazanım, di tez ol çay-çörəyi hazırla. O da heç nə olmamış kimi səbirlə, ya gülərüzlə, ya da soyuqqanlı şəkildə öz işini görür. Siz yeyib-içəndən, süfrə yığışandan sonra xanım bu gün çox yorulduğunu söyləyir. Ya üzünə deyirsən, ya da içində fikirləşirsən ki, axı bu balaca evdə görüləcək nə iş var ki, hələ yorulasan da… Uzaqbaşı qab-qacağı yuyub-təmizləyib, evi silib-süpürüb, uşağa baxıb və s. Bunlar sənə çox adi görünür. Hələ kənddə doğulub boya-başa çatmısansa, fikirləşirsən ki, kənddə qadınlar həyəti süpürürlər, toyuq-cücəyə baxırlar, evin bütün işlərini görürlər, inək sağırlar və s. Bu düşüncə, bu yanaşma, bu yuxarıdan aşağı baxma ta o vaxta kimi davam edir ki, hansısa səbəbdən, heç olmasa, bircə gün sən evdə xanımını əvəz etməli olursan: uşaqlara baxırsan, evdə bacardığın bir işin qulpundan yapışmağa çalışırsan. Məhz onda başa düşürsən ki, xanımının çəkdiyi əziyyəti qiymətləndirməmisən, ya görməmisən, ya da görə bilməmisən.

loading...

Silib-təmizlədin, xörək hazırladın, vəssalam

Belə bir mövzuda yazı yazmağı açığı, planlaşdırmırdım. Amma son bir neçə ayadək bizimlə eyni düşüncədə olan Rasim Məmmədovun başına gələnlər olmasaydı. Onun dediklərini elə öz dilindən eşidək: “Özəl müəssisələrdən birində çalışırdım. Sonradan işimi dəyişməli oldum. Yeni iş yerində fəaliyyətə başlayanadək gözləməliyəm. Odur ki, müvəqqəti işsiz sayılıram. Yoldaşım isə işləyirdi, ona görə də bir müddət onu evdə mən əvəz eləməli oldum. Həmişə işdən evə gələndə yorulduğum üçün özümü çox “kaprizli” aparırdım. Sözarası yoldaşım yorulduğunu deyəndə içimdə düşünürdüm ki, axı yorulmalı nə var, 2 otaqlı evdir, silib-təmizlədin, xörək hazırladın, vəssalam. Lakin sən demə, elə deyilmiş. Qadınların dedikləri həqiqətən, doğru imiş. Bunu ev işlərinin içərisinə girəndə gördüm”.

İşdən evə gələndən sonra 2-3 saatı dəyərləndirməliyik

Rasim Məmmədovun sözlərinə görə, bəlkə də, bu işlər qadınlar üçün müəyyən mənada adiləşib, yəni əlləri öyrəşib, lakin bir kişinin qab-qacaqları yuyub mətbəxdən çıxması, ən azı 1 saat vaxt alır. Evi təmizləmək, səliqəyə salmaq da həmçinin. “Kişi evdə az olur. Yəni səhər durub getdin işə, axşam gəldin evə, çörək yedin, çay içdin və yorğun olduğunu əsas gətirib, sakitcə bir az televizora baxandan sonra yıxılıb yatdın. Səhər tezdən yenə də işə. Halbuki, evdə çox qalandan sonra başa düşdüm ki, biz kişilər işdən evə gələndən sonrakı 2-3 saatı dəyərləndirməliyik. Yəni yorğunluğumuzu bir kənara qoyub gülərüzlü davranmalı, xoş rəftar göstərməliyik. Bir sözlə, evdə olmadığımız müddətin boşluğunu qısa zaman çərçivəsində imkan daxilində doldurmağa çalışmalıyıq. Bundan başqa, həftəsonunu dəyərləndirmək lazımdır. Məsələn, mən yorğun olduğumu əsas gətirib, ailəmi həftəsonu parka aparmağa tənbəllik edirdim. Halbuki bəhanə gətirmək lazım deyilmiş”.

Bütün bunları sizinlə ona görə paylaşıram ki…

R. Məmmədov etiraf edir ki, evdə vəziyyət onun düşündüyü kimi deyilmiş, yəni iş kifayət qədər çox imiş: “Evdə olanda adi bir işə də vaxt çox gedir. Xanımlar ev işləri ilə yanaşı, uşağa vaxt ayırırlar, əgər uşaq birdən artıqdırsa, bu daha çox zaman alır. Belə deyək, qadın bütün günü evdə saat kimi işləyir. Özün görmədiyin müddətcə bunu hiss eləmirsən. Şərt o deyil ki, kimsə mənim kimi, müvəqqəti də olsa, uzunmüddətli evdə otursun. Əsas odur ki, özüm də daxil, bütün kişilər ev işlərində azdan-çoxdan xanımlara köməklik göstərsinlər, ən azından onları başa düşsünlər. Qadınlar çox səbirlidirlər. Kişilər heç bir halda onları əvəz edə bilməzlər. Bu, mənə bir dərs oldu. Bütün bunları isə sizinlə ona görə paylaşıram ki, başqaları da müəyyən mənada nəticə çıxarsınlar. Xanımların əziyyətini başa düşmək, onu dəyərləndirmək lazımdır, ən əsası “evdə iş yoxdur” deməməliyik”.

Onu ruhdan salmayın

Mövzu ilə bağlı türkiyəli psixoloq Yasemin Yalçın Aktosun maraqlı açıqlamaları var. Psixoloqun sözlərinə görə, bir çox kişilər fərqinə varmasalar da, ev xanımı axşama qədər həm fiziki, həm də psixoloji mənada çox yorulur. Onun fikrincə, buna görə də kişilərin xanımlarını ruhlandırmalarına ehtiyac var: “Həyat yoldaşı xanımın evdə çəkdiyi əziyyəti görməzliyə vuranda, anlayışla qarşılamayanda, qiymətləndirməyəndə xanımlar sanki daha çox yorulurlar. Bir çox kişilər xanımlarına: “Mən olsam, bu qədər işi bir saata tamamlayardım. Axşama qədər nə edirsən? Görmürsən görmə, özün bilərsən”,- deyirlər. Yasemin xanımın sözlərinə görə, bu kimi cümlələr xanımların enerjisini bitirməyə kifayət edir.

Psixoloqdan kişilərə tövsiyə

Psixoloq kişilərə bu tövsiyələri verir: “Xanımına qarşı anlayışlı olan bir kişi “səni anlayıram, axşama qədər bizim üçün yorulursan, sənin üçün nə edə bilərəm?” kimi ifadələrlə münasibət bildirəndə xanım daha da ruhlanır. Yoldaşından belə gözəl və anlayışlı ifadələr duyan qadın “evim üçün başqa nələr edə bilərəm?” – deyə düşünür və pozitiv enerji ilə dolub-daşır, hətta bütün əziyyətlərini, yorğunluqlarını belə unudur. Ailə fərdləri arasındakı bu yardımlaşma və münasibət xanımlar üçün ən önəmli motivasiya qaynağıdır. Belə bir ailədə ən qarmaqarışıq işlər asanlıqla çözülür, ən dağınıq evlər asanca düzənlənir. Başqa işlərə zaman ayırmaq da asanlaşır”…

loading...

Bunlarıda bəyənə bilərsiniz ...