İNFEKSİYANIN YOLUXMA MEXANİZMLƏRİ

İnfeksiyanın yoluxma mexanizmləri müxtəlifdir və törədicinin növündən, onun xəstə orqanizmdə lokalizasiyasından, eləcə də ifraz olunma yollarından asılıdır. Törədicinin infeksiya mənbəyi olan orqanizmdə lokalizasiyasından asılı olaraq dörd yoluxma mexanizmi ayırd edilir.

Hava-damcı mexanizmi – törədici əsasən yuxarı tənəffüs yollarında lokalizasiya olunur, danışıqda, öskürək və asqırma zamanı xarici mühitə yayılır, hava-damcı, yaxud hava-toz yolu ilə yoluxur. Tənəffüs yolları infeksiyalarının törədiciləri bu mexanizmlə yoluxur.

Fekal-oral mexanizm– törədici əsasən bağırsaqlarda lokalizasiya olunur, ətraf mühitə nəcislə xaric olunur və alimentar yolla (qida, su yolu) yoluxur. Bağırsaq infeksiyaları bu mexanizmlə yoluxur.

loading...

Təmas mexanizmi – törədicilər müxtəlif yerlərdə lokalizasiya oluna bilər, eləcə də müxtəlif yollarla xarici mühitə yayıla bilər. Birbaşa və dolayı təmas vasitəsilə yoluxma mümkündür. Birbaşa təmas infeksiya mənbəyi ilə bilavasitə təmas zamanı baş verir. Məsələn, zöhrəvi (cinsi yolla yoluxan) xəstəliklər bu yolla yoluxur.

Dolayı təmas infeksiya mənbəyi ilə bilavasitə deyil, onun istifadəsində olan əşyalardan və ləvazimatlardan (xəstənin istifadə etdiyi dəsmal, döşəkağı və s.) istifadə etdikdə baş verir. Bu halda törədicilər ətrafdakı əşyalar düşərək orada müəyyən müddət saxlanılır, sağlam şəxslər bu əşyalardan istifadə etdikdə yoluxurlar.

Transmissiv mexanizm. Törədici xəstə insanın, yaxud heyvanın qanında olur və qansoran həşəratlar vasitəsilə yoluxur (malyariya, səpgili yatalaq və s.). Parenteral yoluxma yollarını da transmissiv mexanizmə aid etmək olar. Bu zaman xəstə insanın qanında, yaxud digər mayelərində olan törədicilər müxtəlif parenteral manipulyasilayalar, xüsusən qanköçürmə, cərrahi müdaxilələr və digər tibbi, eləcə də kosmetik manipulyasiyalar nəticəsində yoluxur. Məsələn, QİÇS, bəzi virus hepatitləri bu mexanizmlə yoluxur.

Əksər infeksion xəstəliklər göstərilən mexanizmlərlə yoluxur. Bu mexanizmlər birlikdə bəzən törədicilərin horizontal yoluxması kimi də xarakterizə edilir. Bundan əlavə bəzi xəstəliklər zamanı törədicilər plasenta vasitəsilə (transplasentar olaraq) anadan dölə- vertikal yoluxma xüsusiyyətlərinə malikdirlər. (məsələn, toksoplazmoz, virus məxmərəyi və  s.)

İnfeksion xəstəliklərin baş verməsində törədicinin orqanizmə daxil olduğu yer – giriş qapısı, həmçinin onun böhran dozası da mühüm əhəmiyyət kəsb edir. İnfeksiyanın giriş qapısı etioloji amilin orqanizmə daxil olduğu yerdir. Hər bir infeksion xəstəliyin etioloji amili ancaq müəyyən giriş qapılarından daxil olduqda xəstəlik törədə bilər.

İnfeksiyanın giriş qapısında bəzi hallarda iltihab ocağı – ilkin effekt yaranır. Əgər bu zaman regionar limfa düyünləri də prosesə cəlb olunursa, bu ilkin kompleks adlanır. Mikroorqanizm başqa nahiyələrdən daxil olanda xəstəlik inkişaf etmir, səbəbi sahib orqanizmin hüceyrələrində müxtəlif törədicilərə qarşı müvafiq reseptorların olması ilə əlaqədardır.

Törədici mikroorqanizm ancaq müəyyən dozada orqanizmə daxil olduqda infeksion xəstəlik törədə bilər. Bu yoluxdurucu, ya da böhran doza adlanır. Törədicilərin bu dozadan aşağı dozada daxil olması xəstəliyə səbəb olmur, lakin törədiciyə qarşı müəyyən qədər rezistentliyin əmələ gəlməsi  ilə məişət immunizasiyasına səbəb olur. Müxtəlif törədicilər üçün yoluxdurucu doza müxtəlifdir.

loading...

Bunuda oxu...