İNFEKSİYA MƏNBƏYİ

YOLUXUCU XƏSTƏLİKLƏREpidemik prosesin inkişafında infeksiya mənbəyi mühüm rol oynayır. İnfeksiya mənbəyi – törədicinin çoxaldığı, toplandığı və xarici mühitə ifraz edildiyi və onun mövcud olması üçün təbii yaşayış mühiti hesab olunan yoluxmuş canlı orqanizmdir.

Müasir terminologiyada “İnfeksiya mənbəyi dedikdə törədicinin növ kimi saxlanmasını təmin edən təbii yaşayış və çoxalma mühiti başa düşülür”. İnfeksiya mənbəyi bunlardır:

insan – kəskin və xronik infeksiya ilə xəstə, rekonvalessent və ya törədicigəzdirən;

loading...

canlı orqanizm, əsasən heyvanlar, nadir hallarda bioplankton (zooplankton və ya fitoplankton);

abiotik ətraf mühit.

Yoluxmuş orqanizmdən törədicinin xaric edilməsi fizioloji proseslərlə (defekasiya, sidik, tənəffüs, tüpürcək ifrazı, epitelinin deskvamasiyası və s.), onların patoloji intensivləşməsi (ishal), həmçinin bəzi patoloji aktlar (öskürək, zökəm, asqırma, qusma) və s. proseslərlə (dəridə və selikli qişalarda xoralar, eroziyalar) şərtlənir ki, bunlar xəstəliyi müşayiət edirlər. Törədicilər qapalı qan sistemində yerləşdikdə onlar orqanizmdən qansoran buğumayaqlılar vasitəsilə xaric edilir.

Yoluxmuş orqanizmdən xaric edildikdən sonra yoluxucu xəstəliklərin törədiciləri ətraf mühitdə qalır, burada onlar nəinki müəyyən müddətdə həyat qabiliyyətini saxlayır, həm də bu və ya digər amillərlə yeni orqanizmə daşınırlar.

Əgər infeksiya mənbəyi insandırsa, onda xəstəlik antroponozlar qrupuna aiddir. Bəzi yoluxucu xəstəliklərdə insan yeganə infeksiya mənbəyi (qarın yatalağı və səpgili yatalaq, malyariya, qızılca, epidemik parotit) ola bilər. Çox vaxt xəstə klinik əlamətlərin şiddətlənməsi dövründə törədiciləri maksimal miqdarda ifraz edir, yəni xəstəlik törədicinin ətraf mühitdə yayılmasını təmin edən simptomlarla (zökəm, asqırma, öskürək, qusma, diareya, tüpürcək ifrazı, yerli zədələnmə ocaqlarının möhtəviyyatı) müşayiət edilir. Bu zaman oxşar simptomların yaranması yoluxucu xəstəliklə xəstə insanın mikroorqanizmdən və onun toksinindən fiziki cəhətdən azad olmasına şərait yaradır. Lakin elə həmin simptomlar törədicinin xeyrinədir, onun ətraf mühitdə yayılmasını və bioloji növ kimi saxlanmasını təmin edir.

Yoluxduruculuq baxımından xəstənin ətrafdakılar üçün təhlükəlilik dərəcəsi xəstəliyin müxtəlif dövrlərində eyni deyildir, bu da yoluxucu xəstəliklərin əksəriyyəti üçün səciyyəvi olan patogenlik və klinik tsiklilik ilə şərtlənir. İnfeksiya mənbələrinin bütün baxılan variantlarından epidemioloji baxımdan ən təhlükəsi atipik, çətin aşkar edilən formalar və infeksion prosesin müxtəlif dövrləridir.

Yoluxucu xəstəlik aşağıdakı dövrlərə bölünür: inkubasiya dövrü – yoluxma anından etibarən xəstəliyin klinik əlamətləri meydana çıxana qədər davam edir, xəstəliyin manifestləşməsi dövrü, rekonvalessensiya dövrü, sağalma və qalıq əlamətləri dövrü.

İnkubasiya dövründə, adətən törədicinin ətraf mühitə yayılması müşahidə olunmur, lakin bəzi infeksiyalar (qızılca, B və C viruslu hepatit) zamanı bu dövrün sonunda törədicinin ifraz edilməsi mümkündür.

Bir qayda olaraq, xəstəliyin başlanğıcından nə qədər çox vaxt keçmişsə, xəstə və ya xəstəliyi keçirmiş şəxs ətrafdakılar üçün bir o qədər az təhlükəsizdir.

Sağalma dövründə törədicinin ifraz edilməsi azalır və əksər yoluxucu xəstəliklərdə tamamilə kəsilir. Lakin bəzən rekonvalessent törədicigəzdirənlik formalaşır ki, bu halda ətraf mühitə törədicinin müəyyən müddət ifraz edilməsi mümkündür (difteriya, streptokokk infeksiyası, vəba, qarın yatalağı). Törədicigəzdirənlər – praktik sağlam şəxslərdir. Törədiciləri ifraz etmə müddətindən asılı olaraq törədicigəzdirənliyin kəskin (3 aya qədərqarın yatalağı və paratiflərdə) və ya xronik formaları (3 aydan bir neçə on ilə qədər) ayırd edilir. Xronik törədicigəzdirənlik bir çox illər və hətta ömürlük davam edə bilər. Rekonvalessent, kəskin və xronik törədicigəzdirənlər çox vaxt böyük epidemioloji əhəmiyyət daşıyır, belə ki, onlar təcrid edilmir, sağlam şəxslərlə aktiv ünsiyyətdə qalırlar. Bir sıra infeksiyalarda belə törədicigəzdirənlərin miqdarı (meninqokokk infeksiyası, vəba, difteriya) manifest formalarla xəstələrin sayından on, yüz, hətta min dəfə çox olur.

Törədicigəzdirənlik infeksion xəstəliklərə qarşı əvvəllər peyvənd olunmuş şəxslərdə və ya həmin xəstəliklərə tutulmuş şəxslərdə, başqa sözlə, immuniteti olan şəxlərdə də ola bilər, buna sağlam  törədicigəzdirənlik deyilir. Tranzitor törədicigəzdirənlər daha az təhlükə törədirlər, onların orqanizmində törədicilər qısa müddət ərzində qalır.

Patogen mikroorqanizmlərin əksəriyyətinin yaşaması və artması üçün yeganə təbii şərait canlı orqanizmdir ki, o da onların parazitik təbiəti ilə bağlıdır. Xarici mühit belə canlılar üçün müvəqqəti yaşayış yeri olaraq onların müəyyən müddət saxlanılmasını təmin edir. Həssas insan və heyvan orqanizmində patogen mikrobların yaşaması, onların nəinki törəyib artması üçün, eləcə də təbiətdə bir növ kimi saxlanması üçün şərait yaradır.

Yoluxmuş insan və heyvanlar yoluxucu xəstəliklərin amilləri üçün təbii sahibdirlər, onlardan patogen mikroorqanizmlər sağlam  insanlara keçə bilər, ona görə də onlar yoluxucu xəstəliyin mənbəyi adlanırlar.

Qeyd etdiyimiz kimi, yoluxucu xəstəliyin (infeksiya) mənbəyi insanlar və müxtəlif növ heyvanlar ola bilər. İnsanlar arasında yayılan yoluxucu xəstəliklərin əsas qrupunu antroponozlar (yunanca “antropos” – insan və “nozos” – xəstəlik), yəni ancaq insana xas olan xəstəliklər təşkil edir. Bu xəstəlik amillərinin bioloji sahibi insandır. Elə ona görə də, antroponozlarda infeksiya mənbəyi yoluxmuş şəxs (xəstə və törədicigəzdirən) olur.

Antroponozlara qızılca, göyöskürək, qrip, dizenteriya, virusluhepatit, qarın yatalağı və s. yoluxucu xəstəliklər aiddir. İnfeksiya mənbəyi (yoluxmuş insanlar) infeksion prosesin gedişinin müxtəlif formasında (kəskin, yüngül formalar və törədicigəzdirmə) patogen mikrobları ətraf mühitə ifraz edir. Patogen mikrobların xəstə orqanizmdən ifraz edilməsi müddəti xəstəliyin patogenezi və kliniki dövrləri ilə sıx əlaqədardır. Adətən, xəstəliyin inkubasiya dövründə törədici ifraz olunmur, bəzi xəstəliklərdə (qızılca, qarın yatalığı, infeksion hepatit və s.) bu dövrün sonunda törədicilər xaricə ifraz oluna bilir. Bəzi xəstəliklərdə (qızılca, göyöskürək, infeksion hepatit və s.) xəstəliyin prodromal dövrü ən yoluxucu dövr hesab edilir. İnfeksion prosesin şiddətlənmə dövründə xarici mühitə böyük miqdarda törədici ifraz olunduğundan bütün yoluxucu xəstəliklər üçün bu dövr ən yoluxdurucu dövr sayılır.

İnfeksion prosesin sönməsi və klinik simptomların yox olması ilə bərabər törədicilərin ifraz edilməsinin intensivliyi azalır.

Xəstələrin əksəriyyətində sağalma baş verdikdə bu proses dayanır. Bəzi xəstəliklərdə (qarın yatalağı, dizenteriya, skarlatina və s.) isə klinik simptomların yox olması orqanizmin törədicidən azad olmasından tez baş verir, belə hallarda xəstələr rekonvalessensiya dövründə də yoluxdurma qabilliyətini saxlayır.

İnfeksiya mənbəyindən törədicilərin ifraz edilməsi yolları onların inkişafı üçün seçdiyi üzv və toxumalardan asılıdır. Belə ki, tənəffüs üzvlərinin yoluxucu xəstəliklərində (qızılca, göy öskürək, qrip, vərəm və s.) mikroblar bəlğəm və selik damcıları, mədə- bağırsaq üzvlərinin zədələnməsi ilə özünü göstərən xəstəliklərdə (qarın yatalağı, dizenteriya, vəba və s.) isə əsasən qusuntu kütlələri və nəcislə ifraz olunur. Bəzi xəstəliklərdə (malyariya, rikketsiozlar və s.) törədicilər xariclə əlaqəsi olmayan daxili üzv və toxumalarda inkişaf edir, sonra qana keçir, ona görə də bu  zaman törədicilər sağlam insanlara qansoran həşəratlar vasitəsilə ötürülür.

Yoluxucu xəstəliklərdə ikinci infeksiya mənbəyi heyvanlardır, belə xəstəliklər zoonozlara aiddir. Zoonoz xəstəliklər insanın yoluxucu və invazion xəstəliklərinin böyük bir qrupunu (yunanca “zoon” – heyvan və “nozos” – xəstəlik) təşkil edir, bu xəstəliklərdə infeksiya mənbəyi müxtəlif heyvanlardır. Heyvanların əhliləşdirilməsi insanlara zoonoz xəstəliklərin keçirilməsində mühüm rol oynayıb.

Bəzi zoonozlar üçün təbii ocaqlılıq xarakterikdir. Bu hallarda biosenozların üzvləri arasında törədicilərin təbii rezervuarları mövcuddur.

Təbii ocaqlarda törədici zəncirvari şəkildə: heyvan – biotik keçirici – heyvanlar arasında dövr edir və bununla spesifik yaşayış mühitinin, populyasiyanın və növünün saxlanmasını təmin edir. Təbii ocaqlar insandan asılı olmayaraq uzun müddət mövcud ola bilər. İnsan təbii ocaqda yoluxur və epidemik zəncirə cəlb edilir (məsələn, gənə ensefaliti, taun, tulyaremiya, hemorragik qızdırma). Bu zaman ev heyvanları və kənd təsərrüfatı heyvanları epidemik zəncirə qoşulur. Əgər insan, ev və kənd təsərrüfatı heyvanları sonralar digərləri üçün infeksiya mənbəyi kimi xidmət edirsə, onlar əlavə infeksiya mənbəyi adlanır.

Kənd təsərrüfatı heyvanlarının xəstəliklərində (vərəm, qara yara, manqo, sap, salmonelyoz, listerioz, erizipeloid, leptospiroz, toksoplazmoz, dabaq, Kü-qızdırması, trixinelyoz və s.) xəstə heyvanlar çox vaxt infeksiya mənbəyi rolunu oynayır. Bununla yanaşı, bir çox vəhşi heyvanlar da, onların içərisində gəmiricilər xüsusi əhəmiyyət daşıyır, bir çox təbii ocaqlı xəstəliklərdə (tulyaremiya, gənə qayıdan yatalağı, gənə ensefaliti və s.) infeksiya mənbəyinə çevrilirlər. İnsanlarda rast gəlinən yoluxucu xəstəliklərin təxminən üçdə birini zoonozlar təşkil edir. Bununla belə, əhalinin zoonozlarla yoluxması antroponozlara nisbətən qat-qat azdır.

Zoonozların epidemik prosesi epizodik ocaqda daima dövr edən törədici populyasiyası ilə insan cəmiyyəti arasında qarşılıqlı prosesdir.

Abiotik mühit (torpaq, su, yerüstü ekoloji sistemlər) – üçüncü infeksiya mənbəyidir, belə mühit infeksiya mənbəyi sayıldıqda xəstəliklər sapronoz xəstəliklər adlanır. Sapronozların törədiciləriətraf mühitdə (torpaqda, suda) daima və sərbəst şəkildə yaşayır və özlərinin təbiətdə mövcud olması üçün epidemik prosesə bir o qədər də möhtac deyildirlər. Bu törədicilər insanın və heyvanların psevdoparazitləridir.

Sapronozların törədiciləri sərbəst yaşayan saprofitlərdən və bitkilərdən, buğumayaqlılardan, hidrobiontlardan təkamül etmişdir. Sapronozlara yersiniozlar, legionelyozlar, meloidozlar aiddir. Proqnozlara görə sapronozların xüsusi çəkisi gələcəkdə yoluxucu xəstəliklərin strukturunda artaracaqdır.

Beləliklə, insanlar infeksiya mənbəyi olduqda belə xəstəliklər antroponoz, heyvanlar olduqda zoonoz xəstəliklər adlanır.

Törədiciləri ətraf mühitdə əlverişli şəraitdə artıb çoxalan infeksion (parazitar) xəstəliklərə sapronoz xəstəliklər deyilir.

Törədicilər üçün təbii yaşayış mühiti olan və onların təbiətdə mövcud olmasını təmin edən biotik insan və ya heyvan orqanizmi və abiotik (su, torpaq) obyektlərin cəmi infeksiya törədicilərinin rezervuarı adlanır.

Epidemologiya, Şərq-Qərb, 2012

loading...

Bunuda oxu...