İNFEKSİON PROSES VƏ PARAZİTİZM

YOLUXUCU XƏSTƏLİKLƏREpidemiologiya – epidemik prosesin inkişafı və yaranması qanunauyğunluqlarını, metodlarını, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və xəstələnmənin azaldılmasına yönəldilmiş əksepidemik və profilaktik tədbirləri işləyib hazırlayan elmdir.

Demək olar ki, hər il planetin hər üçüncü sakini minimum  bir yoluxucu xəstəlik keçirir. Bir çox yoluxucu xəstəliklər qlobal yayılmağa meyllidir.

Məlum olduğu kimi, mikroorqanizmlərin makroorqanizmlə təması kommensializm, simbioz və ya infeksiyanın inkişafı şəklində təzahür edə bilər. Kommensializm zamanı mikrobun sahib orqanizmdə saxlanması sonuncunun zədələnməsi ilə müşayiət olunmur, lakin spesifik və qeyri-spesifik rezistentlik sistemləri aktivləşir.

loading...

Simbioz (mutualizm) dedikdə o hal başa düşülür ki, həm mikrob, həm də sahib adaptiv üstünlüklər qazanır. İnsan orqanizmi üçün vacib olan bir sıra qidalı maddələr endogen mikrofloratərəfindən sintez olunur. Mikroorqanizmlər insan orqanizmində ətraf mühitin sabitliyini (temperatur göstəricilərinə, ion tərkibinə, qidalı maddələrin miqdarına görə) əldə edir. Bakteriyaların və insanın birgə yaşayışı tamamilə bərabər hüquqludur, özü də  insan-mikrob sistemində insan hüceyrələrinin ümumi miqdarı 1013, mikrobların – 1014-1015 təşkil edir.

İnfeksion proses və ya infeksiya – törədici ilə həssas orqanizmin qarşılıqlı əlaqəsi olub, yoluxucu xəstəlik və ya simptomsuz törədicigəzdirənlik şəklində təzahür edir. Törədicinin makroorqanizmə daxil olması və orada çoxalması nəticəsində pozulmuş homeostazın bərpasına yönəldilmiş uyğunlaşma reaksiyaları kompleksi inkişaf edir. İnfeksion prosesin gedişində insan (və ya heyvan) orqanizmində patoloji dəyişikliklər inkişaf edir. Mikroorqanizm ilə sahibin hüceyrəsi arasında təmas aşağıdakı proseslərlə səciyyələnir: a) mikroorqanizmlərin sahibin epitel hüceyrədownloaded sinə adheziyası; b) sahibin orqanizminin daxili mühitinə mikroorqanizmlərin invaziyası; c) sahibin orqanizminin daxili mühitində mikroorqanizmlərin proliferasiyası. Bir çox infeksiyalar üçün hər üç prosesin ardıcıl inkişaf etməsi xarakterikdir, digərlərində isə yalnız adheziya baş verir.

İnfeksion xəstəlik – sahiblə parazit arasında qarşılıqlı təsir nəticəsində meydana çıxan makroorqanizmlərin zədələnməsinin klinik təzahürləridir.

Persistensiya – o haldır ki, sahibin rezistentlik amilləri mikroorqanizmin eliminasiyasını təmin etmir, bu isə uzunmüddətli, lakin cüzi zədələnmə ilə müşayiət olunur.

Kolonizasiya – sahibin yeni mikroorqanizm qazanmasının ardınca yaranan vəziyyətdir, sahib-parazitin qarşılıqlı əlaqələrinin dinamikliyi və davamsız olması ilə səciyyələnir.

Adheziya. Mikroorqanizmlərin əksəriyyətinin təbii həyat tərzihər hansı substratlarda onun möhkəmlənməsi ilə bağlıdır, ona görə də bütün mikroorqanizmlər üzvi və qeyri-üzvi səthlərə yapışmaq qabiliyyətinə malikdir. Adheziyanın iki qrup mexanizmləri ayırd edilir – qeyri-spesifik və spesifik. Birincisi bakteriyaların səthlərlə fiziki-kimyəvi qarşılıqlı əlaqəsi ilə şərtlənir: elektrostatik, hidrofob, Broun hərəkəti və s. Qeyri-spesifik adheziya, adətən geriyədönəndir.

İstənilən infeksion proses adheziya ilə başlanır. İnsan orqanizmində adheziyanı məhdudlaşdıran müdafiə sistemi mövcuddur.

Ətraf mühitlə təmasda olan insan orqanizminin başlıca müdafiə mexanizmlərində əsas yer normal mikrofloraya məxsusdur: o, patogen mikroorqanizmlərin adhezinlərinin sahibin reseptorları ilə təmasda olmasına maneçilik yaradır.

İnvaziya infeksion prosesin ikinci mərhələsidir. İnvaziya dedikdə sahibin orqanizmində toxumaların hüceyrəarası sahələrində mikroorqanizmlərin yayılması və hüceyrənin daxilinə onların nüfuz etməsi başa düşülür. Hüceyrəarası sahələrdə mikroorqanizmlərin yayılması zülallar tərəfindən hasil edilən, fermentativ aktivliyə malik və hüceyrəxarici matriksin tamlığını pozan maddələrlə təmin edilir.

Hüceyrənin daxilinə mikroorqanizmlər passiv və ya aktiv şəkildə keçirlər. Passiv yol – faqositoz prosesi olub, mikroorqa nizmlərdən qorunmağa yönəldilmişdir. Praktiki olaraq, bütün mikroorqanizmlər faqositoza uğrayırlar, əksər hallarda bu prosesin nəticəsində onlar məhv olurlar, yalnız az miqdar mikroorqanizmlər faqositlərin daxilində yaşamaq qabiliyyəti qazanmışlar.

Faqositoz prosesi aşağıdakı yollarla baş verir: a) xemotaksis (infeksion agentə doğru hərəkət), b) agentin tutulması və faqosomun əmələ gəlməsi, c) faqolizosomun yaranması, d) bakterisid təsir (killinq), e) mikroorqanizmin həzm edilməsi. Son iki mərhələnin effektivliyi prosesin nəticəsini müəyyən edir, ona görə başa çatmış (tam) və natamam faqositoz ayırd edilir.

Əksər hallarda yoluxucu xəstəliklərin törədiciləri mikroorqanizmlərdir. 1822-ci ildə Robert Kox Berlin fizioloji cəmiyyətinin iclasında mikroorqanizmlə xəstəliyin əlaqəsini sübuta yetirən müddəaları səsləndirdi:

  • Mikroorqanizm konkret xəstəliyin müxtəlif formalarında müvafiq patoloji dəyişikliklər və klinik mənzərə zamanı aşkar edilir;

  • Mikroorqanizm digər xəstəliklər (qeyri-infeksion, somatik) zamanı aşkar edilmir;

  • Xəstədən ayırd edilən və təmiz kulturada alınan mikroorqanizmi sağlam insana və ya heyvana yeritdikdə xəstəliyin tipik mənzərəsi inkişaf edir.

Mikroorqanizmləri səciyyələndirmək üçün patogenlik, virulentlik və toksigenlik anlayışları qəbul olunmuşdur. Koxun müddəalarından sonra aydın oldu ki, patogen və qeyri-patogen mikroorqanizmlərdən başqa, sahib və parazit arasındakı qarşılıqlı əlaqəni səciyyələndirmək üçün əlavə kateqoriya – şərti- patogen mikroorqanizmlər daxil edilməlidir. Toplanmış təcrübə mövcud mikroorqanizmləri insanın patologiyasındakı roluna görə bir sıra qruplara təsnif etməyə imkan verdi.

Birinci qrupu yüksək patogen mikroorqanizmlər (obliqat patogenlər) təşkil edir. Onlar insan orqanizminə daxil olmağa, müxtəlif orqan və toxumalarda çoxalmağa qadirdirlər. Mikroorqanizmlərin patogenliyi dedikdə onların xəstəlikləri törətmək qabiliyyəti başa düşülür, virulentlik isə patogenliyin dərəcəsi (kəmiyyət ölçüsü) sayılır. Bir çox hallarda patogenlik mikro orqanizmin növ əlaməti deyildir. Patogen, şərti-patogen mikroorqanizmlər və kommensallar arasındakı sərhəd isə kifayət qədər silinmişdir.

İkinci qrupu insan orqanizminin qeyri-steril hissələrində yaşamağa uyğunlaşmış, ətraf mühitlə bağlı olan (dəri örtüyü, mədə-bağırsaq yolu, tənəffüs yollarının yuxarı şöbələri) mikroorqanizmlər təşkil edir. Onlar insanın normal (endogen) mikroflorasını təşkil edir və virulentliyinə görə fərqlənirlər. Bəziləri (məsələn, bifido- və laktobakteriyalar) praktik olaraq xəstəlik törətmirlər, digərləri isə (Escherichia coli, Klebsiella pneumonia, Haemophilus influenzae və s.) infeksiyaların tez-tez rast gəlinən etioloji agentləridir və şərti-patogen mikroorqanizmlərə aiddirlər.

Üçüncü qrupa sərbəst yaşayan mikroorqanizmlər daxildir.

Onlar bəzən insanın daxili mühitinə və ya epitelial səthlərinə düşür və immunsupressiyalı şəxslərdə yoluxucu xəstəlik törədirlər (məsələn, Pseudomonas spp., Acinebacter spp.).

Nəhayət, dördüncü qrupu infeksion patologiyada elə bir əhəmiyyət daşımayan mikroorqanizmlər təşkil edir, belə ki, insanın orqanizmində onların yaşaması üçün şərait yoxdur. Onlara torpaqda, havada və suda məskunlaşan əksər mikroorqanizmlər aiddir.

Patogenlik törədicinin təkamül prosesində parazitik xassələri ilə bağlı olan bioloji xüsusiyyəti hesab edilir. Bu xüsusiyyətinə görə mikroorqanizmlər insan üçün patogen və qeyri-patogen növlərə bölünür. Həmçinin şərti-patogen törədicilər də ayırd edilir ki, onlar yalnız “müəyyən şəraitlərdə”, yəni makroorqanizmin təbii rezistentliyinin zəifləməsi zamanı, immundefisitli insanlarda xəstəlik törətməyə qabildirlər.

Törədicinin patogenliyinin səciyyələndirilməsi infeksion prosesin ümumi qiymətləndirilməsindən kənarda mümkün deyildir.

Məsələn, yüksəkpatogen təbii çiçək virusu qısa müddətdə xəstəliyin yüksək letallığa malik ağır formalarını törədir. Lakin epidemiya zamanı xəstələnənlərin yalnız 1/3-i ölür. İnsanın immundefisit virusu (İİV) bu cəhətdən xeyli geridə qalır, 7-10 il ərzində bu virusla yoluxmuş şəxslər zahirən sağlam olaraq qalırlar. Lakin zaman keçdikcə xəstəlik bütün şəxslərdə 100% ölümlə nəticələnən QİÇS  mərhələsinə keçir. Xəstəliyin nəticəsinə əsasən qiymətləndirdikdə İİV patogenlik həddinə çatmışdır və bütün yoluxan şəxslərin ölməsinə baxmayaraq, epidemik proses inkubasiya dövründən QİÇS mərhələsinə (illərlə sürən) qədər törədici tərəfindən sahibin dəyişilməsi hesabına davam edir.

Virulentlik – mikroorqanizmlərin patogenliyinin kəmiyyət ölçüsü və ya dərəcəsidir. Onun maddi daşıyıcısı mobil genetik elementlərin (plazmidlər, transpozonlar, orta-bakteriofaqlar və s.)tərkibinə daxil olan genlərdir. Bir qayda olaraq, virulentlik hər hansı növün davamlı əlaməti sayılmır. Məsələn, korinobakteriyaların, eşerixiyaların, stafilokokların, streptokokların və bir çox digər mikroorqanizmlərin toksin ifraz edən ştamları fenotipik və ya praktiki olaraq həmin növün avirulent ştamlarından fərqlənmir.

İnvazivlik (makroorqanizmin toxumalarında törədicinin yayılma qabiliyyəti) və müxtəlif uyğunlaşma mexanizmləri (məsələn, kapsuləmələgətirmə, mimikriya və s.) virulentliyin, o cümlədən patogenliyin amilləri sayılır. Mikroorqanizmlərin virulentliyi qeyrihəssas orqanizmlərdə passaj edildikdə artır, həssas orqanizmlərdə isə tamamilə əks hal baş verir.

Toksigenlik – mikroorqanizmlərin toksin hasil etmək qabiliyyətidir.

Toksigenlik və virulentlik çox vaxt paralel baş verən hadisələrdir.

Bu zaman virulentlik daha çox törədicinin orqanizmə daxil olmasını, məskunlaşmasını və invaziyanı, toksigenlik isə infeksiyanın manifestliyini və ağırlığını müəyyən edir.

Makroorqanizmin vəziyyətindən və mikroorqanizmin virulentliyindən asılı olaraq, parazitlə orqanizm arasındakı qarşılıqlı əlaqə müxtəlif cür nəticələnə bilər.

Epidemologiya, Şərq-Qərb, 2012

loading...

Bunuda oxu...