İLK TİBBİ YARDIM

İlk tibbi yardım zədələnmənin və ya xəstəliyin mümkün olan ağırlaşmalarının qarşısını almaqla və onların gedişini yüngülləşdirməklə, zədələnmiş şəxsin həyatını xilas edə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən ibərətdir.

Sadə ilk tibbi yardım tədbirlərini hər kəs bilməlidir. Eyni zamanda, hər bir ziyalının az-çox tibbdən başı çıxmalı, sadə tibbi biliklərə malik olmalıdır. İndiki dövrdə, yəni respublikamızda müharibə getdiyi bir vaxtda hər kəsin ilk tibbi yardım göstərə, bilməsi məsələsi daha zəruri olmuşdur. Odur ki, ali məktəblərdə tibbi biliklər haqqında məlumat verilməsi dövrün tələbi kimi meydana çıxır.

Sadə tibbi biliklər dedikdə, geniş yayılmış xəstəliklər, onları törədən səbəblər, ağırlaşmaları, zədələnmə, yaralanma zamanı özünə və yoldaşına ilk yardım göstərilməsi, xəstənin yaxındakı tibb məntəqəsinə vaxt itirmədən çatdırılması və s. tədbirlər başa düşülür. Bu tədbirlər isə  yaralanmanın müsbət nəticəsinə, yaralı şəxsin həyatının xilas edilməsinə xidmət edir.

loading...

İlk tibbi yardım göstərərkən güclü qanaxma, elektrikvurma, günvurma, dəm qazı ilə zəhərlənmə, boğulma, ürək fəaliyyətinin dayanması, tənəffüsün kəsilməsi, habelə bir sıra başqa hallarda vaxt itirilməməlidir.

Çünki vaxtın itirilməsi zərərçəkənin ölümü ilə nəticələnə bilər. Eyni zamanda çoxlu yaralılar olduqda, birinci növbədə, vəziyyəti daha ağır olanlara, xüsusilə uşaqlara yardım göstərilməlidir.

Qarışıq zədələnmələr zamanı ilk tibbi yardım göstərmək çox çətinlik törədir. Bu zaman ən əvvəl həyat üçün təhlükəli olan, sonra isə bir qədər yüngül zədələri aradan qaldırmaq lazımdır. Məsələn, bud sümüyünün arterial qanaxma törədən sınığı zamanı əvvəlcə qanaxmanı kəsmək, sonra isə sınıq yerini təmizləmək, gipsə qoymaq lazımdır.

İlk tibbi yardımın bütün üsulları mövcud qaydalara ciddi əməl etməklə, ehtiyatla tətbiq edilməlidir. Ehtiyatsız, kobud ilk yardım yaralıya əlavə əziyyət verib, onun halını ağırlaşdıra bilər. Əgər ilk tibbi yardımı bir deyil, bir neçə adam göstərirsə, onlar bir-birinə uyğun hərəkət etməlidirlər.

Belə halda bir nəfər bütün tədbirlərə başçılıq edir. İlk tibbi yardım göstərilərkən həm təchizat cədvəlinə əsasən verilən vəsaitlərdən (tabel vasitələri), həm də əl altında olan yardımçı vasitələrdən istifadə edilir. Tabel vasitələri ilə sanitar drujinaları, sanitar postları təchiz edilir; inşaat və istehsalat sahələrində, sexlərdə, ferma və briqadalarda, tədris müəssisələrində, idarələrdə, istirahət yerlərində ilk tibbi yardım göstərmək üçün dərman qutuları komplektləşdirilir və saxlanılır. Sərnişin daşıyan nəqliyyat maşınları, şəxsi avtomobillər də  dərman qutuları ilə təchiz edilir.

İlk tibbi yardım üçün təchizat materiallarına aşağıdakılar aiddir: sarğı materialları (bint, fərdi sarğı paketi, sarğı salfetləri, pambıq), turna, müxtəlif şinalar, bir sıra dərmanlar (yodun 5%-li spirtli məhlulu, brilyant abısının 1-2 %-li spirtli məhlulu, validol həbləri, valerian məhlulu və ya tableti), naşatır spirti, çay sodası, vazelin, leykoplastır və s. Bundan başqa, dərman qutularında ağrıkəsən, zəhərlənməni, allergiyanı aradan qaldıran, qan təzyiqini endirən və ya yüksəldən vasitələr də olmalıdır.

Aşağıdakı əşyalardan ilk tibbi yardım göstərmək üçün yardımçı vasitələr kimi istifadə etmək olar: sarğı üçün təmiz döşəkağı, ümumiyyətlə yumşaq parça, alt köynəyi, qanaxmanı saxlamaq üçün şalvar kəməri, qayış, burmac, sümük sınığı zamanı şina əvəzinə karton, faner lövhə vəs.

Sınıqlar, şok, dərin yanıqlar zamanı zərərçəkənə ağrıkəsən dərman vurulur. Bu dərman şpris-tübikdə hazır olur. İynənin örtüyü çıxarılır, bazunun arxa tərəfinə və ya budun arxa hissəsinə batırılır, polietilen gövdə sıxılır, dərman yeridilir. Sonra tübik yaralının döş hissəsində paltarına keçirilir. Bununla xəstəxanada həkimlər bilirlər ki, yaralıya ağrıkəsən iynə vurulmuşdur.

loading...

Bunuda oxu...