HƏRBİ TİBB SALNAMƏSİ SİLSİLƏSİNDƏN

Müharibə dövründə həkimləri “ölümün köməkçiləri”  adlandırırlar … çünki, hərbi-tibb doktrinasına görə yaşamağa şansı olan yaralıya birinci növbədə kömək göstərməlisən … Çox üzücü bir fəlsəfə ilə rastlaşmalı olursan… Kimə ilk növbədə yaxınlaşım, kimi birinci növbədə təxliyyə edim … İnsanda bir kompleks yaranır sanki … Bəlkə o yaralını ilk növbədə təxliyyə etsəydim sağ qalardı?

Bəlkə bu belə olsaydı o biri elə olmazdı … gün ərzində düzmü qərar qəbul etdim sualın özünə o qədər verirsən ki, axırda özünü asmaq istəyirsən … Peşə məsuliyyəti səni o qədər incidir ki, özünə yer tapa bilmirsən … və həmin müddət ərzində sanki “günah” hissi ilə yaşayırsan … Sülh dövründə pasietlərin arasına fərq qoyulmur deyə, yuxarıdakı suallar birmənalı olaraq ortaya çıxmır …

N saylı hərbi hospitala ezam olunmuşdum. Aktiv döyüş əməliyyatları gedirdi. Hər dəfə döyüş bitən andan etibarən yüzlərlə yaralı qəbul edirdik. Səhər qan, günorta qan, axşam qan. Bezdirir doktorları bu səhnələr. Amma nə edəsən. Cəbiş müəllim demiş müharibəni ki, mən başlamamışam ki.

loading...

İki-üc gün çəkən döyüşlərdən sonra, arada fasilə yarandı. Təxminən gün yarım. Kimisə evinə məktub yazır, kimisi xəyalara dalıb zümzümə edir, kimisi ocaq başında oturub silahını təmizləyirdi.

Kənarda dayanıb siqaret çəkirdim. Bu zaman hospitalın yerləşdiyi kənddə yaşayan sakinlərdən biri, təxminən 14-15 yaşlı qızı ilə mənə yaxşınlaşdı

  • ay doxtur, bu uşağın səhərdən qarnı ağrıyır, bir ona bax da, xaiş edirəm…

Arıq cəlimsiz bir qız idi, gözlərində sanki, üzülmək, yorulmaq hissi yazılmışdı. Onu müayinə çarpayısına uzatdım və söhbətə tuta tuta, qarnını palpasiya etdim. Sağ qalça çuxurunda ağrı, hərarət, tez qanın ümumi müayinəsini etdik, leykositoz. Vəssalam. Əlimizdə bundan artıq müayinə olmadığından diaqnoz “kəskin appendisit”. Cərrahları çağırdıq, hamı bir ağızdan eyni sözü təkrar etdi. Bəli, bu kəskin appendisitdir. Əməliyyat etmək lazımdır, özü də təcili. Elə bil ki, bir anlığa bütün hospital canlandı. Axı bu qədər müsibətin, qanın içində, kimin ağlına gələ bilərdi ki, qarşımıza appendisit diaqnozu ilə xəstə cıxsın. Əməliyyat çox çəkmədi, hər şey çox uğurla nəticələndi.

Əməliyyat bitəndən sonra bütün hospitalın əməkdaşlarının gözündə elə bir sevinc hissi var idi ki. Biz bu gün əsl həkim idik. Ölümün köməkçisi deyildik, işindən zövq alan, pasient məmuniyyətini hiss edən, gördüyü işin bəhrəsini hiss edən, nəhayət “günah” kompleksindən kənar olan bir həkim. Hamı sevincindən göyə uçmaq istəyirdi.

3-4 saatdan sonra yenidən uçan mərmilərin səsi, bizi reallığa qaytardı. Müharibə davam edirdi.

Dr. Aqil Axundov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...