GİGİYENA ELMİ

Gigiyena qədim yunancadan sağlamlıq gətirən deməkdir. Gigiyena profilaktik təbabətin elmi əsaslarını təşkil edir. Onun əsas məqsədi ətraf mühitin müxtəlif amillərinin və istehsalat şəraitinin insan orqanizminə, onun iş qabiliyyətinə və ömrünün uzadılmasına təsirini öyrənməkdir.

Gigiyenanın əsas vəzifələrindən biri insanın əmək və həyat şəraitinin sağlamlaşdırılması üçün profilaktik tədbirlərin hazırlanmasıdır.

Gigiyenanın digər vəzifələrindən bir neçəsi aşağıdakılardır:

loading...

Ətraf mühitin amillərinin insan orqanizminə və onun sağlamlığına təsirini öyrənmək;

İnsan orqanizminə müsbət təsir göstərən amillərdən istifadə etmək, zərərli təsir göstərən amilləri aradan qaldırmaq üçün elmi müddəalar əsasında qaydalar və profilaktik tədbirlər hazırlamaq;

Hazırlanmış gigyenik normativləri, tədbirləri və qaydaları həyata keçirmək.

Xəstəliklərin qarşısını almaq hələ qədim zamanlarda meydana çıxmışdır. Hipokrat həkimlərdən tələb edirdi ki, onlar “sağlam adamaların qayğısına qalmalıdır ki, xəstələnməsinlər”

Gigiyena, insan orqanizminin inkişafını daha da təkmilləşdirmək, ömrü uzatmaq, qocalmanı mümkün qədər ləngitmək, ölümü uzaqlaşdırmaq kimi bəzi məsələlərə xidmət edir.

İnsanı əhatə edən ətraf mühit daima hərəkət və inkişaf edib dəyişdiyi üçün insan orqanizmi arası kəsilmədən dəyişən amillərin təsirinə məruz qalır. Lakin xarici mühit amillərinin adi dəyişmələri insanlarda pataloji hal törətmir, çünki insan orqanizmi bunlara uyğunlaşır və orqanizmlə mühit arasında dinamik tarazlıq yaranır, bu tarazlıq pozulduqda isə xəstəlik baş verir.

Orqanizmə təsir edən mühit amillərini bir neçə əsas qrupa bölmək olar:

Kimyəvi amillər. Orqanizmlə mühitin kimyəvi tərkibi arasında maddələr və enerji mübadiləsi gedir. Bir çox kimyəvi element və birləşmələr orqanizmə plastik və energetik prosesləri həyata keçirmək üçün lazım olur.

İstehsal və məişət fəaliyyəti ilə əlaqədar olaraq insanın yaşadığı mühitə zərərli və zəhərli kimyəvi maddələr düşə bilər. Mühitdə – havada, suda, qidada zərərli maddələrin olması orqanizmdə pataloji dəyişikliklərə səbəb ola bilər.

Fiziki amillər. Bura havanın fiziki xassələri – tempuraturu, rütubəti, hərəkəti, atmosfer təzyiqi, günəş radiasiyası, səs-küy, radioaktiv şüalanma və s. aiddir. Bunların bəziləri orqanizmin yaşaması üçün zəruridir, lakin intensivlik dərəcələrindən asılı olaraq, onlar orqanizmə zərərli təsir də göstərə bilər.

Bioloji amillər. Bunlara patogen (xəstəlik törədən) mikro orqanizmlər, viruslar, göbələklər və s. aiddir.

İnsan orqanizminə nəinki mühitin amilləri, həm də söz, danışıq, insanlar arasında münasibət, başqa sözlə, ikinci siqnal sisteminə aid olan bütün qıcıqlandırıcılar da təsir göstərir. Bunlar insanda müxtəlif emosiyalar və ruhi vəziyyət – fikir, dərd, qorxu və s. əmələ gətirərək orqanizmin normal vəziyyətinə və onun sağlamlığına təsir edir.

Mühit amillərinin insanın sağlamlıqına təsirini öyrənmək üçün gigiyena elmi müxtəlif üsullardan istifadə edir. Bunlardan kimyəvi, fiziki, bakterioloji, toksikoloji, kliniki, eksperimental və statistik üsulları göstərmək olar.

Fiziki üsullardan havanın tempuraturunu, təzyiqini, rütubətini, iqlim və mikroiqlim şəraitini, radiasiyanı, hərəkətini, suyun tempuraturunu, şəffaflıqını, bulanıqlığını, iyini, dadını və s. öyrənmək üçün istifadə edilir.

Kimyəvi üsullardan qida maddələrinin, havanın və suyun kimyəvi tərkib hissələrinin, orada olan zəhərli qarışıqları, onların bioloji qiymətini və s. öyrənmək üçün istifadə edilir. Bakterioloji üsullardan suda, havada, torpaqda, qida maddələrində və s. mikrobların, xüsusilə patogen mikrobların varlığını öyrənmək, həmin maddələrin mikrobla çirklənmə dərəcəsini təyin etmək üçün istifadə edilir.

Toksikoloji, bioloji və heyvanlar üzərində aparılan ekspermental üsullarla kimyəvi maddələrin orqanizmə təsiri öyrənilir və onların ətraf mühitdə icazə verilən hədd miqdarı təyin edilir.

Bir sözlə gigiyena sağlamlığı qorumaq və yaxşılaşdırmaq haqqında elmdir. Sanitariya isə gigiyenanın işləyib hazırladığı elmi müddəaları təcrübədə tərtib edir. Sanitariya sahəsində iş təcrübəsinin ümumiləşdirilməsi isə öz növbəsində gigiyena elmini zənginləşdirir. O, öz təkliflərini həyata keçirmək üçün texniki elmlərə istinad edir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...