EROTİK SEVGİ

Qardaş sevgisi – bərabər olanlar arasında sevgidir; ana sevgisi – aciz varlığa sevgidir. Onlar bir-birindən nə qədər fərqlənsələr də, onlarda ümumi bir şey var ki, onlar öz təbiətlərinə görə bir insanla kifayətlənmirlər. Əgər mən öz qardaşımı sevirəmsə, mən bütün qardaşlarımı sevirəm; əgər mən öz uşağımı sevirəmsə, mən bütün uşaqlarımı sevirəm; bundan əlavə, mən bütün uşaqları, köməyimə ehtiyacı olanların hamısını sevirəm. Hər iki sevgi tipinə əks tip olan erotik sevgi tam qovuşma, bir insanla birlik tələb edir. O, öz təbiətinə görə ümumi olmayıb, istisnadır, çox güman ki, bu həm də sevginin ən aldadıcı formasıdır.

Hər şeydən əvvəl onu çox zaman «vurğunluq”« hissinin gür keçirilməsi, buna qədər iki yad adam arasında səddlərin qəfil dağılması prosesi ilə qarışdırırlar. Lakin, əvvəldə deyildiyi kimi, bu qəfil yaxınlığın həyəcanı öz təbiətinə görə müvəqqətidir. Yad doğmalaşan kimi, artıq aşmağa sədd qalmır. Gözlənilməz yaxınlaşma artıq yoxdur. Sevdiyin insanı özün qədər yaxşı dərk edirsən. Belə desək, daha yaxşı olar – özünü bilmədiyin qədər öyrənirsən.

Əgər digər insanın dərki dərininə getsəydi, onun şəxsiyyətinin sonsuzluğu dərk olunsaydı, onda digər insanın dərki heç vaxt başa çatmazdı və səddlərin aşınması möcüzəsi hər gün yenidən təkrarlanardı. Lakin, insanların çoxunda həm öz şəxsiyyətinin, həm də digər şəxsiyyətlərin dərki çox sürətlidir, çox tez tükənir. Onlar üçün yaxınlıq hər şeydən əvvəl cinsi kontaktdan keçir. Bir halda ki, onlar digər insanın özgələşməsini fiziki özgələşmə kimi qəbul edirlər, fiziki birliyi özgələşmənin keçilməsi kimi başa düşürlər.

loading...

Bundan başqa, bir sıra faktorlar var ki, əksər insanlar tərəfindən özgələşmənin aradan qaldırılması kimi başa düşülür. Öz şəxsi həyatı, şəxsi ümid və həyəcanları barədə danışmaq, öz şıltaqlığını, uşaqlığını göstərmək, ümumi maraqlar tapmaq – bütün bunlar özgələşmənin aradan qaldırılması kimi qəbul edilir. Hətta, öz acığı, nifrəti, özünü ələ ala bilməməyi büruzə vermə – yaxınlıq kimi qəbul olunur.

Bununla insanların bir-birinə cazibəsinin pozğunluğunu izah etmək olar, bu hissi ancaq yataqda bir yerdə olanda və ya qarşılıqlı nifrət və kini üzə çıxaranda özlərini bir-birinə yaxın hiss edən evli cütlər keçirir. Lakin, bu halların hamısında yaxınlığın müəyyən vaxt kəsiyindən sonra heçə enmək tendensiyası vardır.

Nəticəsi – yeni, yad bir insanla yaxınlıq axtarışlarıdır. Yenə də yad yaxına çevrilir, yenə də vurğunluğun güclü həyəcanı. Və yenə də, o da az-az öz qüvvəsini itirir və yeni qələbə, yeni sevgi istəyi ilə başa çatır, bir şərtlə ki, yeni sevgi əvvəlkilərdən fərqlənəcək. Cinsi istəyin aldadıcı xarakteri müəyyən dərəcədə bu illüziyalara dəstək verir.

Cinsi istək qovuşma tələb edir, lakin, fiziki cazibə təkcə ağır gərginlikdən qurtulma istəyinə əsaslanmayıb. Cinsi istək təkcə sevgi deyil, həmçinin həyəcan və tənhalıq, ram etmək və ram olmaq istəyi, şöhrətpərəstlik, əzab vermək və hətta alçaltmaq tələbatı tərəfindən təlqin oluna bilər. Sən demə, cinsi istək, təkcə biri sevgi olan hər hansı güclü emosiya ilə asanlıqla qarışır. Bir halda ki, cinsi istək bir çox insanların təsəvvüründə sevgi ideyası ilə bağlıdır, onlar fiziki cəhətdən cazibə hiss etdikdə bir-birini sevdikləri barədə yanlış fikrə qapılırlar. Cinsi istək sevginin nəticəsi olduqda, fiziki yaxınlıq hərislikdən, ram etmək və ram olmaq hissindən məhrumdur, zərifliklə doludur.

Əgər fiziki birləşmə istəyinin kökündə sevgi durmayıb, həm də qardaş sevgisindən məhrumdursa, bu heç vaxt adi, keçici orgiastik birləşmədən yüksəyə qalxa bilməzdi. Cinsi cazibə qısa bir an üçün vəhdət illüziyasını yaradır, lakin, sev­gisiz bu vəhdət yad insanları elə əvvəl olduqları kimi bir-birinə yad qoyur.

Bəzən, bu onları utanmağa və hətta bir-birinə nifrət etməyə məcbur edir, çünki, illüziya yox olanda, onlar bu vaxta qədərə nisbətən öz özgələşmələrini daha kəskin hiss edirlər. Zəriflik, Freydin dediyi kimi, cinsi istinktin subilimasiyası demək deyil; bu birbaşa olaraq, qardaş sevgisinin nəticəsidir, o, sevginin həm fiziki, həm də qeyri-fiziki formalarında iştirak edir.

Erotik sevgidə qardaş və ana sevgisində olmayan seçim imkanı vardır. Erotik sevginin bu xarakteri sonrakı izahata ehtiyac duyur. Çox vaxt erotik sevginin üstüntutma momenti səhvən sahib olmaya əsaslanan bağlılıq kimi interpretasiya olunur. Bir-birinə vurğun olan və başqa heç kəsi sevməyən cütlərə tez-tez rast gəlinir. İki insan bir-biri ilə vəhbətləşir və tənhalıq problemini həll etməyə çalışarkən, tək individuallığı ikiqat artırırlar.

Onlar özlərini tənhalığa qalib gəlmiş kimi hiss edirlər, lakin, qalan bəşəriyyətdən təcrid olunduqları üçün, nəinki bir-birlərindən, həm də öz-özlərindən aralanmış olurlar. Onların vəhdət hissi – illüziyadır. Erotik sevgi üstünlüyü kiməsə verir, lakin, digər insanda o, bütün bəşəriyyəti, canlı olan hər şeyi sevir. O, ancaq o mənada üstünlük verəndir ki, mən özümü bütövlükdə və möhkəm şəkildə bir insanla bağlaya bilərəm. Erotik sevgi ancaq erotik planda digər insana sevgini istisna edir, dərin qardaş sevgisinə toxunmur.

Bir sevgi kimi erotik sevgiyə xas olan bir şeyi qeyd etmək lazımdır. Mən öz varlığımda dərin mahiyyəti ilə sevdiyimi – başqasının varlığında da dərin mahiyyəti ilə sevirəm. Mahiyyətcə bütün insan varlıqları eynidir. Biz hamımız Vəhdətin bir hissəsiyik, biz birik, əgər belədirsə, onda kimi sevməyin fərqi olmamalıdır. Sevgi mahiyyətinə görə iradə aktı, öz həyatını digər insanın həyatı ilə birləşdirməkdə qətiyyətlilik olmalıdır. Nigahın pozulmazlığı ideyasının rasional əsası buradandır. Ənənəvi nigahın digər – iki partnyorun bir-birini seçmədiyi, onların yerinə başqalarının seçdiyi və bu cütün bir-birini sevəcəyi gözlənildiyi formalarında da bu ideya özünə yer tapır. Müasir qərb mədəniyyəti üçün bu ideya əvvəldən axıradək qəbul olunmazdır.

Hesab olunur ki, sevgi ani, emosional qığılcım, qəfildən yaranmış keçilməz bir hissin nəticəsində meydana gəlməlidir. Bu nöqteyi-nəzərdən, bütün kişilərin Adəmin, qadınların isə Həvvanın bir hissəsi olması fikri deyil, sevgi hissinə qapılmış fərdlərin xarakter xüsusiyyətləri vacibdir. Bu nöqteyi-nəzər erotik sevginin iradə kimi vacib faktorunu görmək istəmir. Kiməsə sevgi sadəcə güclü hiss deyil, bu – qətiyyətlilik, şüurlu seçim, anddır. Əgər sevgi sadəcə bir hiss olsaydı, bir-birini əbədi sevmək üçün söz verilməzdi. Hiss gəlir və gedir. Əgər mənim fəaliyyətimdə şüurlu secim və qərar nəzərdə tutmayıbsa, mən onun əbədi qalacağına necə əmin ola bilərəm?

Bütün bu nöqteyi-nəzərləri nəzərə alaraq, belə bir nəticəyə gəlmək olardı ki, sevgi sırf iradə və öhdəlik aktıdır, ona görə də iki insanın nə cür olması fərq etməz. Nigah başqaları tərəfindən qurulub və ya o, fərdi seçimin nəticəsidir, bu nigah bir dəfə baş tutub və iradə aktı sevginin davamına zəmanət verməlidir. Bu cür baxış insan təbiəti və erotik sevginin paradoksal xarakterini nəzərə almır.

Biz hamımız birik, lakin, bizim hər birimiz təkrarolunmaz varlıqdır. Bizim başqaları ilə münasibətdə eyni paradoks təkrar olunur. Əgər biz hamımız eyniyiksə, biz hər bir insanı qardaş sevgisi ilə sevə bilərik. Lakin, nəzərə alanda ki, biz hamımız həm də fərqliyik, erotik sevgi hamıda deyil, ayrı-ayrı insanlarda müəyyən, xüsusi, ali dərəcədə fərdi elementlərin olmasını tələb edir.

Hər iki nöqteyi-nəzərlərdən biri sevginin iki müəyyən insanın əvvəldən axıradək unikal fərdi cazibəsi olması və digəri – erotik məhəbbətin iradə aktı olması – doğrudur. Və ya, daha dəqiq desək, nə bu, nə də digəri doğru deyil. Münasibətlərin uğursuz olduğu halda qırıla biləcəyi və münasibətlərin heç bir şəraitdə qırıla bilməməsi ideyası eyni dərəcədə yanlışdır.

Erix Fromm

loading...

Bunlarıda bəyənə bilərsiniz ...