DİN VƏ ELM BARƏSİNDƏ BƏZİ MÜLAHİZƏLƏR

QURAN TƏKAMÜL HAQQINDAQurani-Kərimin bəşəriyyət tərəfindən qəbul olunması tarixinə nəzər yetirdikdə məlum olur ki, son əsrlərə qədər o, özündən əvvəlki səmavi kitablardan daha dolğun olan müqəddəs dini bir kitab kimi tanınmışdır.

Lakin, müasir elm inkişaf etdikcə, xüsusən 19-20-ci əsrlərdə elmin inkişafı böyük vüsət aldıqdan sonra, Quranın həm də dərin və dəqiq elmi kitab olduğu sübuta yetirilmişdir.

Müasir dövrdə elmi fikirlər (məsələlər) kimi qəbul edilən çoxlu Quran ayələri 19-20-ci əsrlərə qədər sırf dini məsələlər sayılırdı. Deməli, müasir elm tərəfindən ayələrin elmiliyi sübuta yetdikcə Quranın insanlar tərəfindən qəbul edilən elmilik dərəcəsi artır. Başqa sözlə, sırf dini əhəmiyyətli sayılan ayələrin artıq həm də elmi əhəmiyyətə və ya sırf elmi əhəmiyyətə malik olduğu aşkar edilir və elmi əhəmiyyəti aşkar olan ayələrin sayı getdikcə artır. Elmiliyi alimlər tərəfindən hələlik aşkar oluna bilinməyən ayələr isə sırf dini ayələr kimi qalmaqda davam edir.

loading...

Hal-hazırki dövrdə Quran ayələrinin dini və elmilik dərəcəsi hələlik tarazlaşmayıbsa da bunun gələcəkdə (bəlkə də 21-22-ci əsrlərdə) baş verməsi labüddür. Bu tarazlaşma baş verdikdən sonra elmiliyi sübut olunmuş ayələrin sayı sırf dini ayələri tədricən üstələyəcək və son nəhayətdə, Quranın bütövlükdə elmi kitab olduğu aşkar olunacaq.

Buradan belə bir sual meydana çıxır ki, din özü elm deyilmi?

Quran ayələrinə nəzər yetirdikdə məlum olur ki, onlar çox qısa tezis və ya nəticələrdir. Onların hansı biliklərə və ya təcrübələrə əsaslandığı bizə hələlik məlum olmadığından onun elmiliyi inkar edilir və sırf dini ayə kimi qəbul edilir. Müasir elm tərəfindən elmiliyi sübut olunduqdan sonra ayənin elmi əsasa məlik olduğu aşkar olur.

Din və elmin əslində vahid bilik mənbəyi olması fikri özünü, çox güman ki, tezliklə doğruldacaq və alimlər tərəfindən qəbul ediləcək.

Müəyyən dövrdən sonra insanlar (bilikli adamlar) biliyin mahiyyətini (mexanizmini) dərk etmək istəyinə malik olmuşlar.

Mövcud biliklərin əksəriyyətinin mexanizmini dərk etmək mümkün olmadığı (yəni o biliklərin mahiyyəti açılmadığı) üçün onları dini və ya qeyri-elmi hesab etmişlər. Bir çox bilikləri isə insanlar öz həyat təcrübələrində yoxlamaq imkanına malik olmuş və onların mahiyyətini dərk etmişlər.

Mahiyyəti dərk oluna bilən məlumatlar elmi bilik və mahiyyəti dərk oluna bilinməyənlər isə dini hesab edilmişdir.

Beləliklə, biliklər elmi və dini olmaqla iki yerə ayrılmış, nəticədə elm dindən şaxələnərək ayrılmışdır. Bu ayrılma elmin inkişafının ilk mərhələlərində çox kəskin və ziddiyyətli olmuşdur.

Elm inkişaf etdikcə bir çox dini biliklərin elmi əsasa malik olduğu sübut edilmiş və belə sübutların sayı artdıqca elmin dindən uzaqlaşma sürəti azalmağa başlamış, sonra bir müddət parallel mövcud olmuşlar. 18-20-ci əsrlərdə elmin güclü inkişafı ilə bağlı olaraq bu sübutların sayı xeyli arttmış və nəticədə elmin dinə yaxınlaşması prosesi başlamışdır. Elmin din ilə vahid bilik mənbəyi kimi tam birləşməsi yaxın gələcəkdə baş verməsə də, uzaq gələcəkdə bunun baş verməsinə heç bir şübhə qalmır.

Qurani-Kərimin bir çox ayələrində elmə yüksək qiymət verilir və bir çox quran ayələrinin yalnız elmi yolla dərk oluna biləcəyi göstəriilr. Bu ayələrdən bir neçəsini göstərməyi vacib sayırıq:

  • Ali –İmran (3-cü) surəsiinn 7-ci ayəsi – “Ya Məhəmməd, Sənə Kitabı (Quranı) nazil edən odur. Onun bir hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şək-şübhə) olanlar fitnə-fəsad salmaq istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz.

Elmdə qüvvətli olanlar isə “Biz onlara iman gətirdik, onların hamısı rəbbimiz tərəfimizdəndir” – deyərlər.

Bunları ancaq ağıllı adamlar dərk edərlər”.

  • Taha (20-ci) surəsinin 114-cü ayəsi – “Həqiqi hökmdar olan Allah ucadır! Həm də (ey Peyğəmbərim! (Cəbrail tərəfindən) sənə tamam-kamal vəyh olunmadan əvvəl Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi artır!” – de”.

  • Ən-Kəbut (29-cu) surəsinin 43-cü ayəsi – “Biz bu məsələri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar”.

  • Əz-Zumər (39-cu) surəsinin 9-cu ayəsi – “Məgər axirətdən qorxan, rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)? De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”.

İslam dininin əsasını qoyan Məhəmməd peyğəmbərimiz (s.a.s.) öz kəlamlarında da elmə yüksək qiymət vermişdir. Bu kəlamlardan bəzilərini xatırlayaq:

  • Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir.

  • Alimlə ibadət edənlər arasında yetmiş dərəcə var.

  • Alimlərin sərf etdiyi mürəkkəb, şəhidlərin tökülən qanı ilə tutuşduruldu, alimlərin mürəkkəbi çəkidə ağır gəldi.

  • Biliklə az ibadət etmək, biliksiz çox ibadət etməkdən xeyirlidir.

  • Alim, müsəlmanlığın divarındakı daşa bənzər. Allah bir ümmətin içindən bir alimin canını aldımı, müsəlmanlığın divarında bir deşik açmış olur, elə bir deşik ki, o, qiyamətədək qapanmır.

  • Yazıqdır o adam ki, bir şey bilmir, yazıqdır o adam ki, bildiyinə əməl etmir.

  • Adəm övladları ömürlərini nə qədər ki, elmə, biliyə sərf edirlər, cavan qalırlar.

  • Bilik əldə etməyə çalışın, çünki bilik möminin dostudur, həlimliyin məsləhətçisidir, ağlın bələdçisidir, əməlinə, işinə-gücünə istiqamət verəndir, xoş rəftarın babasıdır.

  • Bilik qazanmaq üçün bir gün çalışmaq, üç ay oruc tutmaqdan xeyirlidir.

  • Bilik əldə etməyə çalışan adam təhsilindən əl çəkmədən dünyadan köçüb gedirsə şəhid hesab olunur.

  • Biliyi, kamil adamlardan, şərəf əhlindən soruşun, öyrənin. Onlar elmdən bir şey deyirsə, yazın, şərəf əhlindən olanlar yalan söyləməzlər.

  • Mömin həmişə hikmətin, biliyin sorağındadır.

  • Biliklərə yiyələnmək hər bir müsəlman üçün vacibdir, lakin qabiliyyəti olmayana bir şey öyrətmək istəyən, qiymətli şeyləri donuzun boynundan asana bənzər.

  • Dedilər ki, cənnət bağçalarından keçərkən əylənin. Soruşdular ki, cənnət bağçaları haralardadır? Dedilər ki, bilik məclislərində.

  • Biriniz qardaşının və ya bacısının yanına gəldimi, oturduqdan sonra ona bir şey öyrətmək üçün sual versin, aldatmaq üçün sual verməsin.

  • Yanınıza başqa xalqın bəzi nümayəndələri gəlib sizdən bilik öyrənmək istəyəcəklər. Onları gördünüzmü, Tanrı elçisinin vəsiyyətinə əsasən, onlara xoş gəlmisiniz deyin, onların arzularına əməl edin.

  • Alimin bədbəxtliyi biliyini unutmaqdır. Küt adama bilik öyrətmək, biliyi itirmək deməkdir.

  • Dörd şey var ki, dörd şeydən doymaz: göz baxmaqdan, yer yağışdan, qadın kişidən, alim bilikdən.

  • İnsan özündən sonra üç xeyirli şey qoyub gedir: özünə dua edən təmiz, yaxşı övlad; ona daim rəhmət oxutduran sədəqə və özündən sonra xalqı faydalandıran bilik.

  • Allahın ən xoşuna gəlməyən adam, buyruq sahiblərini ziyarət edən alimdir.

  • Alimlər arasında öyünənin, yaxud ağılsızlara özünü göstərənin və ya xalqın ürəyini ələ almaq üçün bilik əldə edənin üzü cəhənnəmə yönəlmişdir.

  • Allah bir qulunu nəzərdən salmaq istəsə, biliyi ona haram edər.

  • Əhali arasında geniş yayılmayan, başqalarına çatdırılmayan, yoxsulların yolunda istifadə edilməyən bilik, kimsəyə faydası dəyməyən xəzinəyə bənzər.

  • Bildiklərinizi başqasına öyrədin, öyrədərkən elə edin ki, sizi dinləyən dediklərinizi başa düşsün, öyrətdiyiniz adamı çətinliyə salmayın, onu sevindirin, şadlandırın, çalışın ki.

Sizi dinləyən biliyə nifrət etməsin, qorxub çəkinməsin, əgər sizi dinləyən əsəbləşərsə, ona cavab verməyin, susun.

  • Hər bilik sahibi bilik üçün acdır.

  • İnsanlara xeyirli şey öyrədən, lakin dediklərinə özü əməl etməyən alim, xalqın qəlbini işıqlandıran, gözlərini açan, özünü isə yandırıb kül edən işığa bənzər.

  • Savadsızlar içərisində bilik qazanmağa çalışan, ölülər içərisində diriyə bənzər.

  • Bilik əldə etmək üçün ölkəsindən gedən adam, qərib diyardan geri qayıdanadək Allahın əmanətindədir.

  • Biliyi ilə öyünən adama düşmən olun.

  • Kim ki, birisinə bilik öyrədibsə, həmin adam deyilənlərə əməl edibsə və savab qazanıbsa, həmin savabdan biliyi öyrədənə də çatır.

  • Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun.

  • Biliyə dair ürəyinizdən nə keçirsə öyrənin, fəqət Allaha and olsun ki, biliyinizə uyğun hərəkət etməsəniz, heç bir savab qazanmayacaqsınız.

  • Vaxtını biliklərə yiyələnməyə sərf edən adam müsəlmanlığın dirəyidir.

  • Bilik tükənməz xəzinədir, o xəzinənin açarı isə soruşub öyrənməkdir. Soruşun, öyrənin, Tanrı rəhmət etsin sizə. Çünki soruşduqda dörd adama savab düşür: soruşana, öyrənənə, dinləyənə və bunları sevənə.

  • Nə gözəl bəxşişdir doğru sözləri öyrənib, müsəlman qardaşına öyrətmək və inandırmaq.

  • Bildiklərinizi yazın, itirib batırmayın. Bildiklərini başqalarına öyrətməyənlərə hər şey, hətta dənizdəki balıqlar və göydə uçan quşlar da lənət oxuyar.

Xudaverdi Qəmbərov

loading...

Bunuda oxu...