DAMAR MƏNŞƏLİ POZULMALAR

ÜRƏK-DAMAR SİSTEMİKəskin damar çatışmazlığı. Çoxlu qanitirmədə, intoksikasiyalarda, zəhərlənmə və zədələnmələr zamanı rast gəlir. Belə hallarda damarın tonusu azalır, venoz yataq genişlənir, onda qan təzyiqi düşür, nəticədə ürəyə venoz qan az daxil olur. Buna görə də beynin və ürəyin qidalanması çətinləşir. Kəskin damar çatışmazlığı bayılma, şok, kollaps şəklində təzahür edir.

Hipertoniya xəstəliyinin mahiyyəti arteriolaların uzunmüddətli spazmı nəticəsində arterial qan təzyiqinin yüksəlməsindən ibarətdir. Bu, damar tonusunun sinir tənzimi pozulduqda, qüvvətli həyəcanların, sinir sistemi gərginliklərinin nəticəsində əmələ gəlir. Əsasən yaşlı adamlarda baş verir. Xəstəliyin əmələ gəlməsində mərkəzi sinir sisteminə təsir edən xarici amillərlə bərabər, o amillərə qarşı şəxsin özünün reaksiyası, yüksək oyanıcılıq, irsiyyət, böyrəklərin, hipofizin və böyrəküstü vəzilərin fəaliyyətinin pozulması da böyük rol oynayır.

Öz inkişafında xəstəlik bir sıra mərhələlərdən keçir. Əvvəlcə, xalis funksional xarakter daşıyır, sonra damarlarda üzvi dəyişikliklər əmələ gəlir, daha sonra isə sklerozlaşmış orqanların fəaliyyətinin çatışmazlığı əlamətləri meydana çıxır. Başlanğıcda xəstələr keçici başağrılarından, başgicəllənmədən, qulaqlarda küydən, yuxusuzluq, tez yorulma, zəiflikdən, boyunda, gicgahda, başda ağrılardan, başa qan yığılması hissindən, bəzən əl barmaqlarının keyiməsindən, qarışqa gəzməsi hissindən şikayət edirlər. Sonra isə xəstələr tövşümədən, tez yorulmadan, ürək ağrılarından narahat olurlar.

loading...

Hipertonik insult (beyinə qansızma) hipertoniya xəstəliyi zamanı ən çox rast gəlinən və təhlükəli fəsad hesab olunur. İnsultdan əvvəl bəzən baş gicəllənməsi, başağrısı, qarışqa gəzməsi hissi olur. Xəstənin üzü qızarır, dil ağızda çətinliklə hərəkət edir. Xəstə qəfildən yıxılır və şüurunu itirir. Tənəffüs tezləşir, bəbəklər işığa reaksiya vermir, nəbz gərgin, bədəni soyuq tər basır. Ətraflarda ifliclər olur. Ölüm dərhal və ya bir neçə gündən sonra baş verə bilər. Sağalma zamanı hissiyyat bərpa olunur, nitqin itməsi, ağıl zəifliyi qala bilər.

Hipertoniya xəstəliyi uzun müddət davam etdikdə damarların böyük dəyişiklikləri baş verir, ürəyin, böyrəklərin, beyinin funksiyası pozulur. Hipertoniya xəstəliyini vaxtında müalicə etdikdə xəstə tamam sağalır. Xəstəlik kəskinləşdikdə xəstəyə yataq rejimi təyin edilməlidir.

Hipertonik kriz bu xəstəliyin mühüm ağırlaşmasıdır. Krizdən əvvəl yuxusuzluq, şiddətli başağrısı, başgicəllənməsi, arterial təzyiqin qalxması, qusma, görmə qabiliyyətinin və nitqin pozulması, ətraflarda zəiflik, sonra isə qıcolmalar və s. baş verir.

Arterial hipertenziya geniş yayılmış xəstəliklərdən biri hesab edilir. Yaş artdıqca bu xəstəliyin yayılması daha da çoxalır. Hərçənd ki, bu xəstəliyə cavan adamlarda da kifayət qədər tez- tez rast gəlinir. Arterial hipertenziya 2 formada olur: İdiopatik arterial hipertenziya. Buna eyni zamanda hipertoniya xəstəliyi də deyirlər. Xəstələrin 98 % bu qrupa daxildir.  

Simptomatik arterial hipertenziyalar. Bu mənşəli arterial təzyiqin yüksəlməsi böyrək xəstəlikləri, böyrək damarlarının patologiyaları, endokrin xəstəliklər, mərkəzi sinir sisteminin zədələnməsi və xəstəlikləri və s. səbəblərdən əmələ gəlir.

Arterial hipertenziya eyni zamanda bir çox başqa xəstəliklərin, o cümlədən ürəyin işemik xəstəliyinin, şəkərli diabetin əmələ gəlməsini sürətləndirir. Ədəbiyyat məlumatlarına görə, arterial hipertenziyası olan xəstələrin 1/3 – də eyni zamanda şəkərli diabet də müşahidə edilir, miokardın infarktı, ürək çatışmazlığı daha tez-tez baş verir.

Safura Sərdarqızı

loading...

Bunuda oxu...