CORC BERKLİ

CORC BERKLİBerkli, 1685—1753, ingilis subyektiv idealizm fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri idi. O, İrlandiyada Kilgen yaxınlığında doğulmuş, Oksfordda vəfat etmişdir. Dublin Universitetini bitirmiş, sonra ilahiyyatdan dərs demişdir.

Berkli Avropa ölkələrini, Şimali Amerikanı gəzmiş, xeyli fəlsəfi əsərlər yazmış, 1734-cü ildən ömrünün sonuna qədər Kloynedə İrlandiya ingilis kilsəsinin baş keşişi olmuşdur.

C. Berklinin fəlsəfi dünyagörüşü müxtəlif illərdə yazılmış aşağıdakı əsərlərində öz əksini tapmışdır: “Yeni görüş nəzəriyyəsi təcrübəsi”  onun birinci, ən böyük əsəridir. Burada Berkli Lokkun sensualizmini subyektiv idealizm mövqelərindən təfsir edir.

loading...

“İnsan idrakının prinsipləri haqqında traktat” da Berklinin əsas fəlsəfi əsəridir. O burada özünün subyektiv idealizm fəlsəfi sistemini inkişaf etdirir. Başqa bir əsəri “Analitik və ya Allaha inanmayan riyaziyyatçıya ünvanlanmış mühakimə” adlanır.

Berkli hələ ali məktəbdə oxuyan zaman Bekonun, Dekartın və digər filosofların antisxolastik fəlsəfi təlimləri ilə yaxından tanış olur. O düşünürdü ki, yeni təbiətşünaslıq elmlərinin nailiyyətləri ilə yaxından məşğul olan materialist filosoflar gizli və ya açıq formada dini şübhə altına alacaqlar. Ona görə də Berkli müntəzəm olaraq dini müdafiə üçün bütün imkanlardan istifadə edirdi. Onun yaradıcılığının demək olar ki, əsas hissəsi dini materializmdən müdafiəyə həsr olunmuşdur.

Keçmiş fəlsəfədən Berkliyə daha çox təsir göstərən Lokkun idrak nəzəriyyəsinə həsr olunmuş əsərləri idi. Söz yox ki, Lokkun fəlsəfəsində, xüsusilə onun idrak nəzəriyyəsində elə ideyalar vardır ki, onlar subyektiv idealizm mövqelərindən mühakimə yürütməyə imkan verirdi. Berkli də bu imkandan çox bacarıqla istifadə edirdi. Məsələn, onun konsepsiyasının çıxış nöqtəsi Lokkun birinci və ikinci keyfiyyətlər haqqında təlimi oldu.

Əgər Lokk birinci keyfiyyətləri obyektiv, ikinci keyfiyyətləri subyektiv hesab edirdisə, Berkli bunların hər ikisini subyektiv keyfiyyət adlandırırdı. O, belə zənn edirdi ki, ağırlıq, bütün məkan xassələri və münasibətləri əsasən hiss üzvlərimizin qabiliyyətləri ilə müəyyənləşdirilir. Berkli göstərir ki, hətta “böyüklük” kimi məkan xassəsi bizim qavrayışımızın prosesidir. O, obyektiv xarakterə malik deyildir.

O, belə bir misalla öz fikrini ifadə edir: bu və ya digər predmet yaxın məsafədə bizə böyük, uzaq məsafədə isə kiçik görünür. Berkli buradan belə nəticəyə gəlir ki, böyüklük və uzaqlıq ideyası duyğulara əsaslanan induktiv nəticə əsasında meydana gəlir. Həmin duyğular müxtəlif şəxsi hiss üzvləri vasitəsilə ifadə olunur.

Bu mühakimələrdən o, belə bir fikir yürüdür ki, Lokkun birinci keyfiyyət adı altında birləşdirdiyi məkani xassələri və münasibətləri bilavasitə duymadan onların haqqında nə heç bir şey deyə bilmərik, nə də ki, bilə bilmərik. İstər onların, istərsə də ikinci keyfiyyətlərin mövcudluğunu təmin edən bizim qavrayışlarımızdır. Berkli substansiyanı “xassənin daşıyıcısı” adlandırır. O, xassəni ikinci hesab edir, hiss üzvlərimizin məhsulu kimi başa düşür.

Ona görə də xassələrin məcmusu sayırdı. Berkliyə görə “mövcud olmaq” “qavranılmaq” deməkdir. Berkli birmənalı xarici aləmin şeyləri və hadisələrinin obyektiv surətdə mövcudluğunu rədd edir. O bu barədə yazırdı; “mən heç cür başa düşə bilmirəm ki, düşünməyən şeylər mütləq qaydada necə mövcud ola bilərlər. Bunlar qavranılandır, yoxsa qavranılan deyildir? Həmin şeylər onları qavrayan fikirdən və ya düşünən şeylərdən kənarda mövcud ola bilməzlər”.

Berkli özünün bu mühakimələrinə əsaslanaraq obyektiv aləmin — materiyanın mövcudluğunu inkar edir. Ona görə bütün keyfiyyətlər subyektdən asılıdır. Çünki onlar duyğuların, təsəvvürlərin məcmusundan başqa bir şey deyildir.

O, “İnsan idrakının prinsipləri haqqında traktaf’ əsərində sübut etməyə çalışırdı ki, “Vahid substansiya ya ruhdur, ya da ki, şeyləri qavrayandır”. Daha sonra Berkli göstərirdi: “bunları sübut etmək üçün nəzərə almaq lazımdır ki, hissi qavranılan xassələr — işıqdır, formadır, hərəkətdir, qorxudur, daddır və s. bunlara bənzər şeylərdir, yəni hiss ilə qavranılan ideyalardır. Burada bir aydın ziddiyyət də vardır: qavranılmayan şeylərdə də ideyalar mövcuddur.

İdeyanın olması qavranılmaq deməkdir. Rəngi, formanı və bunlara bənzər digər xassələri mövcud şeylərin özündə qavramaq lazımdır. Bu, o deməkdir ki, həmin ideyaların düşünməyən substansiyaları və ya düşünməyən substratları mövcud ola bilməz”. Berklinin fikrincə bütün şeylər yalnız “duyğularımızın məcmusudur”. Birmənalı qəbul etmək lazımdır ki, onların mövcudluğu şüurumuz vasitəsilə verilmişdir. O deyirdi ki, “gilas o zaman mövcud olur və reallığa çevrilir ki, fərd onu görsün, hiss etsin və dadsın”.

Berkli özü də başa düşürdü ki, onun fəlsəfi baxışları “sağlam mənadan” xeyli dərəcədə fərqlənir. O, fəlsəfi spekulyasiya  ilə gündəlik təcrübə arasındakı bu ziddiyyəti bir qədər yumşaltmaq üçün deyirdi ki, düşüncəmiz vasitəsilə qavranılan hər bir şeyin mövcudluğunu inkar etmirəm. Zərrə qədər də olsun şübhə etmirəm ki, gözümlə gördüyüm, əlimlə toxunduğum şeylər real surətdə mövcuddurlar.

Mövcudluğunu inkar etdiyim bircə şey var ki, onu da filosoflar “materiya” və ya “cismani substansiya” adlandırırlar. O yazırdı ki, “materiya heç bir zaman hisslər vasitəsilə qavranıla bilməz, ona görə də onun mövcudluğundan danışmağa heç bir əsas yoxdur”. Berkli materiya kateqoriyasını əsas kateqoriya kimi bütün materialist fəlsəfi təfəkkürlərin çıxış nöqtəsi hesab edir, ona həmişə mənfi münasibət bəsləyirdi.

Berklinin subyektiv idealizm fəlsəfəsində “ideya” anlayışı mühüm rol oynayırdı. O göstərirdi ki, “şey” termini qarşısında “ideya” termininə üstünlük vermək lazımdır. Bunun səbəbini Berkli “İnsan idrakının prinsipləri haqqında traktat” adlı əsərində belə sübuta yetirirdi: “Birincisi, ona görə ki, “şey” termini “ideya” tennininin əksinə olaraq, adətən, ruhdan kənarda mövcud olanları ifadə üçün istifadə edilir.

İkincisi, “şey” sözü daha geniş əhəmiyyət kəsb edir, nəinki, “ideya”. Ona görə ki, hissi qavranılan obyektlər yalnız fikirdə mövcuddurlar, özləri də birbaşa nə düşünən deyildirlər, nə də ki, hərəkətdədirlər. Mən qərara gəldim ki, onları “ideya” adlandırım”.

C.Berklinin fikrincə “şeylər”, “ideyalar” obyektiv  surətdə mövcud deyildirlər. Onlar yalnız bizim fikrimizdə mövcuddurlar. Bu problemlə əlaqədar Berkli belə bir suala cavab vermək zərurəti qarşısında qalır: fikrimizə bu ideyalar necə verilir? O bu suala cavab verərkən subyektiv idealizmi obyektiv idealizmlə birləşdirir. Bu nə deməkdir?

Berklinin zənnincə həmin ideyalar fikrimizə, Allahın insan əqlinə təsiri nəticəsində verilir. Beləliklə o, obyektiv idealizmə yaxınlaşır. Berkli bu barədə belə yazır: “kainat mənim təsəvvürlərim deyildir. Kainat, “təbiətin qanunlarını”, daha real ideyaları az real ideyalardan fərqləndirən, ali bir ruhi  səbəbin nəticəsidir”. Deməli, obyektiv idealizmə meyl Berklidə getdikcə daha da artırdı.

Bunu Berklinin aşağıdakı fikirlərində açıq-aydın görmək mümkündür: “Sizin kimi  mən də təsdiq edirəm ki, əgər bizə nə isə kənardan təsir edirsə, deməli, bizdən fərqli olan bir qüvvənin mövcudluğunu qəbul etməliyik. Bu qüdrətli mövcudatın nədən ibarət olduğu məsələsi təhlil olunarkən fikir ayrılığı yaranır. Məsələn, mən deyirəm ki, bu qüvvə ruhdur. Siz deyirsiniz ki, materiyadır. Başqa birisi deyir ki, bilmirəm hansı qüvvədir. Üçüncü bir adam deyir ki, bu qüvvə təbiətdir”.

Berkli özü bu məsələyə idealizm mövqelərindən yanaşır. O, materiyanın mövcudluğunu tamamilə rədd edir. Berkli bu məsələ ilə əlaqədar fəlsəfə tarixinə müraciət edir və yazırdı ki, “materiyanın heçdən yaranması haqqında fikirlər fəlsəfə tarixində böyük çətinlik törətmişdir. Hətta Allahın varlığını qəbul edən bəzi filosoflar belə hesab edirdilər ki, materiya heç bir qüvvə tərəfindən yaradılmamışdır, o özü də əbədidir”.

Berklinin obyektiv idealizm mövqeyinə keçməsi çox maraqlıdır. Əgər 0, XVIII əsrin 30-cu illərinə qədər sensualizm fəlsəfəsinin nümayəndələrinə  müraciət edirdisə, sonrakı illərdə onun nəzər diqqətini cəlb edən Aristotel və Platon idi. Berkli Platon idealizminin əsas prinsiplərini qəbul edir və çalışırdı ki, onu öz fəlsəfəsinin sensualist prinsipləri ilə razılaşdırsın.

O, səy göstərirdi ki, subyektiv-idealist mülahizələri vahid, həqiqi varlıq kimi qəbul etdiyi Allah ideyasına tabe etdirsin. Berklinin bəzi əsərlərində, o cümlədən “Seyris” (1744) əsərində onun obyektiv idealizm mövqelərinə keçməsi tam aydınlığı ilə özünü büruzə verirdi. Hətta Berkli bəzən duyğuların idrakın əsası olması haqqında öz fikirlərini şübhə altına alırdı.

C. Berklinin təbii-elmi təfəkkürə münasibəti necə olmuşdur? Hər şeydən əvvəl, Berkli o zamankı mexaniki təbiətşünaslığın əsaslandığı səbəbiyyət konsepsiyasını rədd edirdi. O, hadisələrin maddi səbəblərlə izah olunmasının əleyhinə idi. Berkli səbəbiyyət problemi haqqında baxışlarını belə izah edirdi: “Birincisi, çox nahaq yerə filosoflar ruhi səbəbləri bir yana atıb, hadisələri maddi səbəblərlə izah edir, fəaliyyətdə olan təbii səbəblər axtarırlar. İkincisi, əgər hər şey müdrik və müqəddəs ilahi qüvvə tərəfindən yaradılıbsa, onda şeylərin səbəbini həmin yaradıcıda axtarmaq lazımdır”.

Berkliyə görə hər şeyin vahid səbəbi ruhi səbəbdir. Berkli məkan, zaman və hərəkət problemlərini də subyektiv idealizm mövqelərindən izah edirdi. Onun nöqteyi- nəzərincə məkan — duyğunun ruhda, subyektdə birgə yaşamasıdır. Zaman — duyğuların ardıcıllığıdır. Hərəkət — duyğuların hərəkətidir. O belə hesab edirdi ki, məkan və zaman şüurdan kənarda mövcud ola bilməz.

Berklinin idrak nəzəriyyəsinə görə insan biliklərinin mənbəyi duyğulardır. Lakin materiyanın mövcudluğunun əleyhinə çıxan Berkli duyğuların obyektiv məzmuna malik olduğunu qəbul etmirdi. Ona görə də duyğuları obyektiv aləmin subyektiv surəti kimi görə bilmirdi. Berkli idrak prosesində mücərrəd təfəkkürün rolunu inkar edirdi.

Mücərrəd ümumi anlayışların yaradılması və onlara əsaslanmağı lazım bilmirdi. Berkli deyirdi ki, idrak prosesində insanların ümumi anlayışlarla işi olmur, onlar yalnız konkret predmetləri, şeyləri və hadisələri qavrayırlar. Onun fikrincə məsələn, insan ümumiyyətlə hərəkəti deyil, bu və ya digər predmetin hərəkətini, ümumiyyətlə, rəngi deyil, müəyyən bir predmetin rəngini, ümumiyyətlə, heyvanat aləmini deyil, konkret heyvanı qavrayır. Nəticədə, Berkli özünün subyektiv idealist nəzəriyyəsini belə izah edir: idrak cürbəcür duyğuların və onların kombinasiyalarının təsviridir. Berkli bu duyğuları və onların kombinasiyalarını vahid reallıq adlandırırdı.

Berklinin fəlsəfəsi bu günə qədər subyektiv idealist fəlsəfi təfəkkürün parlaq təzahürü kimi qiymətləndirilir. XVIII əsr fransız materializminin nümayəndəsi Holbax və ensiklopedist Deni Didronun əsərlərində onun baxışlarının geniş tənqidi təhlili verilmişdir. Berklinin fəlsəfəsi marksist filosofların əsərlərində ətraflı tənqid olunmuşdur. Buna baxmayaraq, müasir dövrdə dünya filosoflarının xeyli hissəsi Berklinin əsərlərinə müraciət edirlər.

İngilis subyektiv idealizm fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də Yum olmuşdur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...