BİR BİRİMİZİ NECƏ SEÇİRİK

intim həyatBiz bir birimizi necə seçirik? Niyə məhz onu seçmisiniz?

Hər sevgi hekayəsinə, qadın kişi münasibətlərinə diqqət yetirsək, onun təsadüflər nəticəsində yarandığını düşünə bilərik. Lakin bu belə deyil. Həmin seçim bizim əvvəlki həyat təcrübəmiz və bir çox amillər əsasında formalaşır.

Bu necə olur?

loading...

Uşaq vaxtından hər birimizin xəyallarında “ideal” bir obraz formalaşır. Bu obrazın əsas xüsusiyyəti nədir? Bizdə olmayan, özümüzdə çatışmayan cəhətlərin daşıyıcısı olan biri. Yəni nə? Yəni bizim natamamlığımızı “tamamlayan” biri. Dünyanın ən gözəl dili olan Azərbaycan dilinə diqqət etsək, orda “yar” sözü var. “Yarım”. Yarım nə deməkdir? Bir bütövün yarısı, parçası, iki yerə bölünmüş hissələrdən biri deməkdir. Mən natamam, o natamam. Mən onun “yarı”, o mənim “yarım”. Biz ancaq birlikdə bütöv ola bilirik. Maraqlıdır, elə deyilmi?

Psixoloji baxımından həm xanım, həm də bəy həmin “ideal” obrazda adətən ya valideyninə oxşayan birini yaradır, ya da valideyndən tam fərqli birini.

Necə olur ki, real həyatda biz minlərlə insanla qarşılaşırıq, lakin onlardan ancaq birini sevirik (seçirik)?

Necə olur ki, üç il bir birini tanıyan FidanRasim (adlar şərtidir) ancaq indi bir birinə fərqli hisslərlə baxmağa başladılar? Fidan və Rasimi bir birinə çəkən nədir? Yaş fərqi, təhsil fərqi, içtimai status fərqli olduğu halda, onları bir birinə çəkən nədir?

Bütün bunları təsadüf kimi qəbul edə bilərikmi? Məncə yox. Yaşadığımız sevgi, münasibətlər bizə təsadüflərin nəticəsində ortaya çıxdığı kimi gələ bilər, lakin bizim daxilimizdə dəyərlər, tələblər “siyahısı” var, məhz onlar bizim seçimimizin “taleyini” həll edir.

Bildiyiniz kimi hər bir insanın öz daxili “dünyası” var. O təhlükəsiz, rahat, lakin qapalı bir yerdir. İnsan adətən nə istəyir? Ya başqa birini öz dünyasına dəvət etmək, ya da başqa birinin onu ordan “çıxarmasını”. İnsan dünyaya açılmaq istəyir. Sərhədləri aşmaq istəyir. Buna görə də biz başqa insana ehtiyac duyuruq.

Münasibətlər, başqa bir insan bizə nəyə görə lazımdır? Əsas seçim mexanizmləri:

Yalnızlıqdan qurtulmaq üçün.

Uşaq vaxtı ana ilə ünsiyyətin bizə verdiyi hissləri biz böyük həyatda axtarmağa davam edirik. Ana ilə ünsiyyət bir uşaq üçün nə deməkdir? Həyatın özü. Bəs bu ünsiyyətdən məhrum olmaq? Psixoloji travma. Məhz buna görə biz böyüklər tək qalmaqdan qorxduruq. Bunun da nəticəsində başqa bir insanla münasibət qurmağa çalışırıq. Qeyd etmək istəyirəm ki, bəzi psixoloji problemi olan insanlar münasibətlərdə özlərini “uşaq kimi” apararaq, “valideyn qayğısına” nail olmağa çalışırlar. Diqqət edin, burda iki sağlam insanın, qadın və kişinin yox, ata və qızın, ana və oğulun münasibətlərinə oxşayan bir cütlük formalaşır.

Öz təcrübəmdən deyə bilərəm ki, konsultasiya zamanı işlədiyim boşanma və ailə problemlərinin arxasında bu məqamları tapırıq. “Sən valideyn ol, mən uşaq, sən uşaq ol, mən valideyn”. Bunlar münasibətlərin qeyri-sağlam növlərindən biri sayılır. Bu haqqda gələcəkdə ətraflı yazacam.

Yeni münasibətlər insanı həmişə qorxudur. Biz başqa insana bütün hisslərimizi açırıq, öz dünyamıza dəvət edirik və əgər biz bir birimizə uyğun gəlməsək, bu bizə ağrı yaşadacaq. Sırf bu ağrı qorxusu qarşısında insanların çoxu münasibətlərdə tam səmimi ola bilmirlər. Bu da öz növbəsində başqa problemlər yaradır.

Özünə aşiq olan insanın seçimi.

Bu cür (narcissism) insanlarda seçim də, problemlər də başqa cür olur. Onlar özü kimi biri ilə münasibət qurmağa çalışırlar. Özlərinə həm xasiyyətcə, həm də zahirən (!) oxşayan yoldaş axtarırlar. Bir araya gələndə isə özünə qarşı çoxlu təriflər eşitmək istəyi, həddindən artıq yüksək tələblər, bəzi hallarda isə öz yoldaşına olan paxıllıq münasibətləri bərbad vəziyyətə gətirərək, sonlandırır.

Ümumi komplekslər əsasında.

Eyni problemləri, kompleksləri olan insanlar bəzən şüursuz seçim olmadan bir araya gəlirlər. Bununla da onlar səhvən də olsa, öz problemlərinin ümumi olduğu qənaətinə gəlirlər, bu yolla “rahatlıq tapırlar”. Misal üçün, bəy və xanım şən olmağı çox sevdiklərini bəyan edərək bir birini bu xüsusiyyətə görə seçə bilərlər. Reallıqda isə şən görünmələrinin arxasında gizlədilən həyəcan, gərginlik ola bilər. Misal bir az qəliz görünə bilər. Yəni onların bir-birini seçmələrinin səbəbi hər ikisinin şən olması deyil, hər ikisinin daxilində olan problemin eyni olmasıdır. Zahirən isə başqa cür görünür.

Bunları Sizə deməkdə məqsədim bu tip münasibətlərin hamısının bir oyun olduğunu göstərməkdir. Əgər belə bir münasibətlərin içərisindəsinizsə, problemi dərk edərək, həllinə çalışa bilərsiniz. Əks halda illərlə eyni ssenarini yaşaya bilərsiniz. Bu ən çox mənə “ayrı kişilərlə eyni problemi yaşayıram, kişilərin hamısı eynidir?” sualını verən xanımlara aiddir.

Oyunu dərk edib, onu dayandırmaq lazımdır. Öz daxili problemləriniz həll edilməlidir, daha sonra münasibətlər haqqında düşünmək olar.

Edip kompleksi əsasında.

Yuxarıda qeyd etdiyim kimi, seçimdə ana və ata “obrazının” çox böyük təsiri var. İnsan valideynləri müsbət xüsusiyyətli insanlar olduğu halda onlara oxşayan birini seçəcək, mənfi olduqları halda onların əksini axtarmağa başlayacaq.

Misal üçün: spirtli içki ilə bağlı (alkoqolizm) problemi olan bir kişinin qızı böyüdükdə heç vaxt içki içməyən birinin axtarışında olacaq. Bu da öz növbəsində bir problemdir. Seçim mənfidən qaçaraq edilir. Çıxış yolunu bunda görürəm: daxildə olan “mənfi ata” obrazı həll edilməlidir.

“Məndə olmayanı mənə ver!”

Yaralarımı sağalt! Əvvəlki (uşaqlıqda və s.) xoşbəxtliyimi ver mənə! Mənim problemlərimi həll et! Məni qoru! (Atam qorumayıb). Sev məni! (Anam sevməyib).

Bu cümlələri oxuyandan sonra nə hiss etdiniz? Sizi bilmirəm, şəxsən mən bu 5 cümləni yaza-yaza boğulduğumu hiss etdim.

Daxildə həll edilməmiş problemləri, psixoloji travmaları olan insanların münasibətindən götürmüşən bu cümlələri. Azərbaycan cəmiyyətində 10 cütlükdən (ailədən) 9-u bunları yaşayır.

Həyatımızın əsas görüşünə necə hazır ola bilərik?

Azərbaycan reallıqlarını nəzərə alaraq həmişə zarafat edirəm ki, ölkəmizdə iki insan yox, iki nəsil evlənir. Burda həqiqət də var. Bizim tanışlığımızda sadəcə iki nəfər yoxdur. Azı altı nəfər var. Mən, anam, atam. Sən, anan, atan. Üstəlik bəzi nənələr, babalar. Uşaqlıq sevgimiz. Həyatımızın başqa önəmli insanları. Biz az çox oldu, elə deyilmi?

Biz qarşılaşdıq. Yuxarıda olan bütün bəndlər, məqamlar ilkin bəyənmənin, hətta sevginin uzunmüddətli əlaqələrə gəlib çıxmasına mane olmağa başlayır. Problemlər bir deyil, iki deyil. Üstəlik ola bilsin ki, biz uyğun vaxtda görüşmədik. Hə, həyatın acımasız reallıqlarından biri. Bəlkə də bu cümləni kiməsə demisiniz, bəlkə də özünüz eşitməli olmusunuz. “Kaş ki, səni 2 il əvvəl tanıyardım”, “kaş ki, daha fərqli şərtlərdə qarşılaşardıq”. Bəzən insan məhz həmin an üçün sevgiyə hazır olmur, bəzən də əvvəlki münasibətlərinin hisslərindən azad ola bilmir.

Bəlkə də həmin qarşılaşma taleyimizi həll edəcəkdi. Həll edilməmiş problemlərə görə məqam əldən getdi.

Bəziləri buna görə yenidən aşiq olanda kefsiz olur. Mənə 30, 35, 47 yaşında aşiq olan insanlar “nə mənası var?” sualını verirlər. Onlar üçün sevmək “artıq gecdi” deyirlər. Mən isə cavabında heç vaxt gec olmadığını deyirəm. Problemlərinizi həll etmək heç vaxt gec deyil. Sevmək heç vaxt gec deyil. Çünki rahat və gözəl şəkildə yaşamağın yolu bunlardan keçir, bu isə heç vaxt gec ola bilməz!

Dr. Nizami Orucov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...