BAŞ BEYİNİN HEMORRAGİK İNSULTU VƏ NÖVLƏRİ

Beyin insultuBaş beynin hemorragik insultu  yəni beyinə qansızma beyni qidalandıran damarlardan bir və ya bir neçəsində qanın damardan kənara çıxması nəticəsində qanla qidalanan bölgənin öz funksiyasını icra edə bilməməsi ilə nəticələnən vəziyyətə deyilir.

Bu vəziyyət qəflətən əmələ gələ bilər və adətən hipertoniya xəstələrində rast gəlinir. İnsult nəticəsində xəstədə iflic meydana  gələ bilər.

Baş beynin insultu müxtəlif səbəblərdən əmələ gələ bilər. Travma nəticəsində zərbəyə məruz qalan nahiyədə inkişaf edən insult müxtəlif cür ola bilər. Qan təzyiqinin yüksəlməsi nəticəsində beyin toxumasına və ya beyin qişalarının arasına qansızma meydana gələ bilər.

loading...

Müxtəlif damar xəstəlikləri zamanı məsələn, anevrizma kimi damar divarında zəifləməyə səbəb olan vəziyyətlərdə ortaya çıxan insult adətən beyin qişaları arasında müşahidə olunur. Beynin kiçik və ya böyük venalarının mənfəzinin hər hansı bir səbəblə tıxanması nəticəsində meydana gələ bilər.

Beyin toxumasının bəzi şişlərində, şişdaxili qansızmalar meydana gələ bilər. Həmçinin bəzi qan  xəstəliklərində bədənin digər orqanlarında olduğu kimi, beyində də qansızmalar müşahidə oluna bilər. Hemorragik insult bəzən beyin damarlarının aterosklerozu tonunda da inkişaf edir.

Morfoloji xarakterindən və lokalizasiyasından asılı olaraq hemorragik insultların 3 növü ayırd edilir: hematoma, hemorragik hopma və subaraxnoidal qansızma. Hematoma və hemorragik hopma beyin maddəsində baş verdikləri üçün bunlara parenximatoz və ya beyin daxili hemorragik insultlar, bəzən isə serebral apopleksiya da deyilir.

Hematoma bütün kəskin serebro-vaskulyar xəstəliklər içərisində ən çox rast gəlinənidir. Hemorragik insultların isə 85%-ni təşkil edir. Hipertoniya xəstəliyi fonunda inkişaf edir. Uzun müddətli hipertonik kriz zamanı baş beyin arteriollarının və kiçik arteriyalarının bifurkasiya nahiyələrindəki divarında baş verən zədələnmə yerində mikroanevrizma inkişaf edir və bu mikroanevrizmanın divarının cırılması baş verir.

Hemorragik insultların səbəbi lokal  xarakterli mikroanevrizmalardan başqa həmçinin malformasiyalar da ola bilər. Bu zaman damar divarında nisbətən daha iri miqyaslı – varikoz genişlənmələr və ya hemangiomalar tipli dəyişikliklər nəzərdə tutulur.

Qanaxma nahiyəsindəki neyronlar nekrozlaşır, beyin toxuması destruksiyaya uğrayır. Beyin toxumasının parçalanma məhsulları və qan laxtaları ilə dolu boşluq – ocaq yaranır. Buna “beynin qırmızı yumşalması” deyilir. Sonrakı günlər qanaxma ocağının periferik hissələrində çoxlu qliya hüceyrələri, yəni qlioz reaksiya və makrofaqlardan ibarət siderofaqlar,  “dənəvər şarlar” meydana çıxır.

Astrositlərin və kapilyar divarındakı endotellərin proliferasiyası  qeyd edilir. Qan laxtaları və destruksiya məhsulları sorulmağa başlayır. Tədricən konsistensiyası daha da yumşalan bu ocaqda sonradan kista yaranır. Qlioz reaksiya isə nazik kapsulaya çevrilmiş olur. Eritrositlərin hemolizi və yerli hemosiderozla əlaqədar kistanın divarını təşkil edən nazik kapsulanın iç səthi pas rəngində, içərisindəki duru möhtəviyyat isə bozumtul rəngdə olur.

Hematomalar adətən qabıqaltı nüvələr nahiyəsində və beyincikdə olur.  Hematomaların ölçüləri də müxtəlif ola bilirlər. Nisbətən böyük sahəni əhatə edən hematomalar zamanı qan beyin mədəciklərinə də keçə bilir. Beyin mədəciklərinə keçən qanaxma mütləq ölümlə nəticələnir.

Beyin maddəsində baş verən qanaxma bəzən beyin qabığını keçərək yumşaq qişa altına da yayılır. Qanaxmanın yumşaq qişaya keçməsi əsasən beyin əsası nahiyəsində baş verir.  Çox az hallarda qanaxma ilkin olaraq yumşaq qişanın özündə də baş verə bilər, xüsusilə də beyin əsası nahiyəsində. Bu zaman geniş sahədə subaraxnoidal qansızma baş verir, əksər hallarda ayaqcıqlararası sisterna da qanla dolmuş olur.

Hemorragik hopma hematomalarda olduğu kimi hipertoniya xəstəliyi fonunda və hipertonik  krizlər zamanı beyin maddəsində baş verir. Lakin bu zaman qanaxma mikroanevrizmanın əmələ gəlməsi və cırılması nəticəsində deyil, bu damarlardan massiv diapedez qanaxmanın baş verməsi nəticəsindəmeydana çıxır. Buna patexial qansızmalar da deyilir. Damar mənfəzindən kənara çıxan eritrositlər damarətrafı sahələrdə beyin maddəsinin struktur elementləri neyronlar arasına girir və beyin maddəsinə hopurlar.

Bu nahiyədəki neyronlar tədricən ağır distrofik və nekrobiotik vəziyyətə düşərək nəhayət nekrozlaşırlar. Hematomalardan fərqli olaraq hemorragik hopma zamanı insult ocağının sərhədləri dəqiq olmur. Makroskopik olaraq bir-biri ilə birləşən ayrı-ayrı kiçik qansızma ocaqları görünür. Bu ocaqların yerində də sonradan beynin qırmızı yumşalması baş verir və kista əmələ gəlir. Hemorragik hopma adətən qabıqaltı nüvələr nahiyəsində baş verir.

Baş beyin damarlarının anevrizması nəticəsində beyində insultun meydana çıxması. Subaraxnoidal qansızma.Bu zaman beyin maddəsinə deyil, baş beynin hörümçəktoruna bənzər qişasının altına patoloji qansızma nəzərdə tutulur. Buna qeyri-travmatik və ya spontan subaraxnoidal qansızma da deyilir.

Adətən, təxminən 65% hallarda, yumşaq qişada olan nisbətən iri kalibrli damarların arterial və ya arterio-venoz kisəvari anevrizmalarının cırılması nəticəsində baş verir. Bu anevrizmalar isə təkcə aterosklerotik mənşəli deyil, digər xarakterli patologiyalar (iltihab, travmatik, anadangəlmə və s.) nəticəsində də inkişaf edə bilərlər.

Anevrizmalardan başqa subaraxnoidal qansızmalara aşağıdakı digər patologiyalar zamanı da rast gəlinə bilir: yumşaq qişa damarlarının şişləri və ya şişəbənzər törəmələri, kiçik xoreya, sistem vaskulitlər, leykozlar, müxtəlif infeksion mənşəli hemorragik meningitlər, intoksikasiyalar və s. Təxminən 25% hallarda isə subaraxnoidal qansızmaların səbəbi naməlum qalır və aşkar oluna bilinmir.

Semra

loading...

Bunuda oxu...