ARTİKULYASİYA VƏ OKKLUZİYA

Artikulyasiya dedikdə, yuxarı çənəyə nəzərən çeynəmə əzələlərinin köməyi ilə müəyyən məkan daxilində aşağı çənənin etdiyi bütün hərəkətlər, yerdəyişmələr və vəziyyətlər başa düşülür. Artikulyasiya ifadəsi aşağı çənənin təkcə çeynəmə hərəkətləri ilə məhdudlaşmayıb, nitq, udma, əsnəmə zamanı və s. kimi hərəkətlərini də səciyyələndirir.

Okkluziya isə artikulyasiyanın xüsusi halı – bir anı olub, müəyyən zaman çərçivəsində ayrı-ayrı diş qruplarının və ya bütünlükdə diş sıralarının qapanmasıdır. Artikulyasiyaya okkluziyanın bir-birini əvəz edən variantlarının zənciri kimi baxılır. Okkluziya mərkəzi, ön və yan (sağ və sol) olmaqla dörd əsəs növdən ibarətdir.

Mərkəzi okkluziya halında dişlər qapanarkən aralarında maksimal sayda təmas nöqtələri yaranır. Bu zaman sifətin orta xətti mərkəzi kəsici dişlər arasından keçən şaquli xətlə üst-üstə düşür. Çənənin oynaq başı oynaq qabarcığının əsasında yerləşir. Mərkəzi okkluziyada çənəni qaldıran əzələlərin eyni vaxtda bərabər yığılması qeyd olunur.

loading...

Ön okkluziya çənə çıxmış vəziyyətdə diş sıralarının qapanması olub, bayır qanadabənzər əzələlərin ikitərəfli yığılması sayəsində baş verir. Sifətin orta xətti mərkəzi okkluziyada olduğu kimi, mərkəzi kəsici dişlər arasından keçən şaquli xətlə üst-üstə düşür. Okkluziyanın bu növündə çənənin oynaq başı önə sürüşərək oynaq qabarcıqlarının zirvəsində yerləşir.

Yan okkluziya çənənin sağa (sağ okkluziya) və sola (sol okkluziya) yerdəyişməsi zamanı diş sıralarının qapanmasıdır.  Çənənin nisbi sakitlik vəziyyəti. Çeynəmə və nitq fəaliyyəti dayandıqda yuxarı və aşağı diş sıraları bir-birindən aralı olur; bu zaman çənə azacıq sallanır və ön dişlər arasında 1-6 mm-ə qədər (bəzi müəlliflərin fikrincə 1-11 mm) məsafə olur.

Bu məsafə fərdi və müxtəlif olub, yaşa dolduqca artır. Çənə aşağı sallanarkən ona təsbit olunmuş əzələlər bir qədər dartılmış olur ki, bu da müvafiq proprioreseptorlarda qıcıqlanma törədir. Proprioreseptorlar qıcıqlandıqda çeynəmə əzələlərinin müxtəlif qrup lifləri növbə ilə yığılır.

Bu, əzələlərin istirahətini təmin etməklə, onları yeni yığılmaya hazırlayır. Belə vəziyyətdə əzələlərin enerji sərfi onların fəaliyyət dövründəkinə nisbətən ən minimal olur. Bu hal çənənin nisbi fizioloji sakitlik vəziyyəti adlanır.

Çənənin nisbi sakitlik vəziyyəti reflektor akt olub, paradont toxumalarının da fəaliyyəti üçün vacibdir. Məlum olduğu kimi, paradont toxumaları üçün çeynəmə təzyiqinin dövrülüyü xarakterik sayılır. Əgər paradonta düşən təzyiq daimi olsaydı, bu, paradontda işemiya törətməklə, distrofiyaya gətirib çıxarardı. Bu səbəbdən, çənənin nisbi sakitlik vəziyyəti özünəməxsus anadangəlmə müdafiə reflekslərindən sayılır.

Şirinzadə Səma

loading...

Bunuda oxu...