AQONİYA NƏDİR

AqoniyaAqoniya orqanizmin terminal vəziyyətlərinə aid olub ölmənin dönər mərhələsidir. Aqoniyadan əvvəl preaqonal vəziyyət olur, bu vaxt qan təyziqi çox düşür, xəstə huşunu getdikçə itirir, beynin elektrik fəallığı azalır, üz və toxumaların oksigen aclığı şiddətlənir.

Preaqonal vəziyyətdən aqoniyaya keçid mərhələsi terminal pauza adlanır, bu vaxt tənəffüs birdən birə dayanır, buynuz qişanın refleksləri birdən-birə sönür; bu vəziyyət bir neçə saniyədən 3 dəqiqəyə qədər davam edir. Bundan sonra ölmənin ikinci dövrü — aqoniya başlayır.

Əvvəlcə ağrı hissiyyatı itir, bütün reflekslər sönür, xəstə huşunu itirir. Xəstənin tənəffüsü zəif, seyrək ola bilər, yaxud əksinə, о maksimum nəfəs alıb tezliklə nəfəsini axıra qədər buraxıb qısa ola bilər; bu zaman tənəffüs amplitudası böyük ola bilər. Xəstə hər dəfə nəfəs alanda başı dala gedir, ağzı geniş açılır.

loading...

Ürək yığılmaları tədricən yavaşlayıb 1 dəqiqədə sayı 40-20 olur. nəbz sapvarı olub əllədikdə çox çətin bilinir. Arterial təzyiq civə sütunu ilə 20-10 mm-ə düşür. Bəzən ənsə əzələlərinin rigidliyi və ümumi tonik qıcalmalar baş verə bilər. Xəstə qeyri-iradi siyir və yerini batırır. Bədənin temperaturu çox düşür.

Aqoniyanın müddəti ölümün səbəblərindən asılıdır. Travmatik şok və qanitirmə nəticəsində baş verən aqoniya dövründə dəri örtükləri mum kimi solğun olur, burun sivriləşir, göz bəbəkləri genişlənir, taxikardiya baş verir. Ürək qəflətən dayandıqda xəstənin dodaqları, dəri örtükləri və bütün gövdəsi tez bir zamanda göyərir.

Üzü şişir, qıcalmalar baş verir, nəbz ələ gəlmir və beyin qabığının funksiyaları itir. Xəstə qan itirdikdə və ya şok zamanı aqoniyanın klinik əlamətləri göründükdə dərhal kompleks reanimasiya tədbirlərinə keçmək lazımdır.

Birinci növbədə süni tənəffüsə başlamaq, eyni zamanda ağızdan-ağıza, ağızdan buruna hava üfürüb ağciyərləri ventilyasiya etmək, həmçinin ürəyi dolayı masaj etmək lazımdır. Aqoniya travmatik şok nəticəsində baş veribsə, venaya qan və plazmaəvəzediciləri vurmaqla yanaşı bunları arteriyaya da vururlar.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...