AĞRI VƏ ŞOK ÜMUMİ MƏLUMAT

Ağrı  toxumalarda üzvi və ya funksional dəyişikliklərə səbəb olan zədələyici amillərin törətdiyi mürəkkəb psixofizioloji vəziyyətdir. Digər hissiyyatlardan fərqli olaraq, nə ağrını törədən spesifik qıcıq, nə də qəbul edən xüsusi reseptor yoxdur. Hər hansı qüvvəli qıcıq ağrı törədir və bütün yalın sinir ucları bu qıcığı qəbul edir.

AğrıAğrı nə qədər əzabverici olub, insan ondan can qurtarmağa çalışsa da, onun böyük bioloji əhəmiyyəti vardır. Ağrı orqanizmə təhlükəli amilin təsiri barədə xəbərdarlıq edir, orqanizmdə həmin amillə mübarizəyə yönəlmiş mühafizə reaksiyalarının formalaşmasına səbəb olur və diaqnozu müəyyənləşdirməkdə kömək göstərir.

Bu səbəbdən ağrının xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Ağrı kəskin, küt, kəsici, deşici, yandırıcı və s. ola bilər. Səthi dərin, erkən və gecikmiş, somatik və visceral ağrı ayırd edilir.

loading...

Stenokardiya tutması zamanı ağrı, ürəkdən başqa, sol qolda, kürəkdə boyunun və başın sol tərəfində də hiss edilir. Həzm sisteminin xəstəliklərində ağrı yeməkdən əvvəl və ya sonra, bəzən gecəyarısı, acqarına ola bilər. Revmatizm və s. zamanı ağrı ilin fəsillərindən asılı olaraq şiddətlənir.

Ağrının şiddəti həmişə xəstəliyin ağrının dərəcəsinə müvafiq gəlmir. Bəzən elə bir təhlükəli olmayan zədələnmə şiddətli ağrı törədir və ya daxili orqanların ağır zədələnmələri zəif ağrıya səbəb olur.

İnsanın ağrını hiss etməsinə onun ali sinir fəaliyyətinin tipi, psixoemosional vəziyyəti, bir sıra xarici mühit amilləri təsir edir. Sinirlərin xronik zədələnməsi onların innervasiya etdikləri nahiyələrdə tutmaşəkilli ağrıya səbəb olur ki, bu, nevralgiya adlanır.  Ağrı orqanizmdə bir sıra neyro-endokrin dəyişikliklərə səbəb  olur.

Nəticədə əzələ tonusu artır, ürək fəaliyyəti və tənəffüs sürətlənir, damarlar daralıb arterial təzyiq yüksəlir, bronxlar genəlir, mədə-bağırsaq sisteminin fəaliyyəti ləngiyir, sidik ifrazı artır, bəbəklər genəlir, qanın laxtalanma qabiliyyəti artır və s. Bununla belə diaqoz müəyyən edildikdən sonra ağrı hissinin aradan qaldırılması vacibdir. Bu məqsədlə fiziki, farmokoloji, psixoprofilaktik və neyrocərrahi üsullardan istifadə edilir.

Şok  fövqəladə qıcıqların orqanizmin neyrohumoral tənzim mexanizmlərində törətdiyi reflektor pozulmalar nəticəsində əmələ gələn və mərhələlərlə inkişaf edən patoloji vəziyyətdir. Tipik patoloji proses kimi şok uyğunlaşma xarakteri daşıyıb, ekstremal şəraitdə həyatın mühafizə edilməsinə yönəlmiş passiv qoruyucu reaksiyalar kompleksi hesab edilə bilər.

Şokun müxtəlif əlamətlərə əsaslanan aşağıdakı təsnifatı vardır:

Ağrı əlaqədar şok: ekzogen ağrı (travmatik,elektrikvurma, yanıq, donma, operasiya və s.) və  endogen ağrı (kardiogen, nefrogen,həzm orqanlarının xəstəlikləri və s).

Humoral amillərlə şok (hemotransfuzion, anafilaktik və s.).

Psixogen şok.

Şok zamanı bütün daxili orqanların fəaliyyəti pozulur. Ağciyərlərin və böyrəklərin funksiyalarının pozulması şokun patogenizində mühüm rol oynayır.

Şokun müalicəsinə mümkün qədər tez başlamaq lazımdır. Müalicənin prinsipləri hər bir konkret təsadüfdə klinik mənzərədən asılı olsa da, ağrının törətdiyi hər hansı etiologiyalı şok zamanı vacib olan ümumi tədbirlər də vardır.

Qan dövranının və tənəffüsün pozulmasının qarşısını almaq üçün qan və ya şok əleyhinə mayelər köçürülür, tərkibində çoxlu oksigen (hipoksiyanı aradan qaldırmaq üçün) və karbon qazı (tənəffüs mərkəzini stimulyasiya etmək üçün) olan qaz qarışıqları ilə inhalyasiya edilir. Xəstəni isindirmək və xarici qıcıqlardan maksimal dərəcədə qorumaq lazımdır.

Şokun ayrı-ayrı növlərinin öz xüsusiyyətləri də vardır. Yanıq şoku zamanı şiddətli ağrı nəticəsində elektil mərhələ olduqca qısadır, torpid mərhələ isə çox ağır gedir. Xəstə çox maye itirir, qanı şokun digər formalarına nisbətən daha çox qatılaşır.

Elektroşok zamanı elektrik cərəyanı başdan və ya döş qəfəsindən keçmişsə, ürəyin qapalı masajı və süni tənəffüs tətbiq edilir. Miokardin geniş infarktı zamanı törənən kardiogen şok təsadüflərinin 80-90%-i ölümlə nəticələnir. Şokun bu formasında ilk növbədə ağrını qaldırmaq, həmçinin miokardin ödeminə və kollapsa qarşı tədbirlər görmək lazımdır.

Hemotransfuzion şok xəstəyə uyğun olmayan qan köçürdükdə törənir. Eritrositlərin hemoloizinin məhsulları, xüsusən böyrəkləri zədələyir. Hətta şokdan çıxmış xəstə daha sonra böyrək çatışmazlığından ölə bilər.

Səfurə Sərdarqızı

loading...

Bunuda oxu...