AĞIZ SUYU

Ağız boşluğuAğız suyu  böyük və kiçik ağız suyu vəzlərinin sekretidir. Kiçik ağız suyu vəzləri daima sekret ifraz edir və buna görə də ağız boşluğunun selikli qişası həmişə nəm vəziyyətdə olur.

İri ağız suyu vəzlərinin fəaliyyəti reflektor yolla tənzim olunur və əsasən qidanın xarakterindən, fiziki, termiki və dad keyfiyyətlərindən asılıdır. Təmiz və qarışıq ağız suyu anlayışları vardır. Qarışıq ağız suyunda (tüpürcək) qopmuş epiteli hüceyrələri, mikroorqanizmlər və onların fəaliyyət məhsulları, leykositlər, limfositlər, bəzi hallarda qan, qida qalıqları və s. rast gəlmək olar.

Qarışıq ağız suyu bulanıq, bir qədər sürüşkən, iysiz və axıcı bir mayedir. Yaşlı adamda bir sutka ərzində 1,5-2 l-ə qədər ağız suyu ifraz olunur. Ağız suyunun özlülüyü (1,2-2,4 vahid) və bufer tutumu vardır. Ağız suyunda bikarbonat, fosfat və zülal bufer sistemləri fəaliyyət göstərir. Bufer sistemləri ağız boşluğunda PH-ın stabil qalmasını təmin edən mükəmməlbir mexanizmdir.

loading...

Ağız suyu 99% sudan, 1% üzvi və qeyri-üzvi maddələrdən təşkil olunmuşdur. Qeyri-üzvi maddələrdən Ca-fosfat, Nafosfat, Ca-hidrokorbonat, Na-xlorid, sulfatlar, sərbəst qazlar, uçucu maddələr və mikroelementlər üstünlük təşkil edir.

Üzvi maddələrdən isə proteinlərə, aminturşularına, karbohidratlara, vitaminlərə, fermentlərə və s. rast gəlmək mümkündür.

Bu maddələrin bir qismi qan vasitəsilə ağız suyuna keçir, digər hissəsi isə ağız boşluğunda baş verən metobolik proseslər nəticəsində biokimyəvi yolla əmələ gəlir. Tüpürcəkdə 50-yə qədər ferment aşkar edilmişdir. Bu fermentlər – karboanhidrazalar, esterazalar, proteazalar, keçici fermentlər və qarışıq olmaqla, beş əsas qrupda birləşmiş olurlar. Qarışıq fermentlər həm ağız suyu vəzlərinin parenximasından, həm leykositlərdən, həm də bakteriyaların fəaliyyəti nəticəsində əmələ gələ bilər.

Bu fermentlər içərisində ən çox α-amilazaya rast gəlmək olar. Fermentin fəaliyyəti nəticəsində karbohidratlar qismən parçalanaraq dekstrana və ya maltozaya çevrilir. Fosfatazalar (qələvi və turş) kalsium-fosfor mübadiləsində iştirak edir. Bu fermentlər fosfatlardan Ca və P-u ayıraraq, dişin sərt toxumalarının minerallaşmasını təmin edir.

Ağız suyundakı fermentlər və hemostaz faktorları (plazmin, plazminogen aktivikatorları, fibrinaza, fibrinoliz ingibitorları və s.) fibrin əmələ gəlməsində və epitelinin regenerasiyasında həlledici rol oynayır.

Bəzi ümumi xəstəliklər zamanı ağız suyunun tərkibi dəyişmiş olur və bir çox hallarda bunun diaqnostik əhəmiyyətindən istifadə edilir. Ağız suyunun tərkibinin dəyişməsi, istər sistem xəstəlikləri, istərsə də orqanizmin ümumi qocalması zamanı diş daşlarının yaranması fonunda özünü büruzə verir ki, bunun sayəsində də parodont xəstəliklər əmələ gəlir.

Ağız suyunda parodont toxumalarına protektiv təsir xüsusiyyəti olan və toxuma homeostazına stimullaşdırıcı təsir göstərən azot oksidi (NO) aşkar edilmişdir. Azot oksidi leykositlərdə, endotelial və tosqun hüceyrələrdə, habelə sinir uclarında sintez olunur. Ağız suyunun həzm sistemindəki funksiyası, onun tərkibində olan α-amilaza, maltaza və digər fermentlərlə icra olunur.

Bu fermentlər mono və disaxaridlərə təsir göstərərək, onları karbohidratların aralıq parçalanma məhsullarınadək (süd turşusu, asetat turşusu, propian turşusu və s.) parçalayır. Ağız suyu çeynəmə aktı zamanı qida loxmasının formalaşmasını və onun asanlıqla udulmasını təmin edir.

Tüpürcəyin kimyəvi tərkibi və bir sıra digər xüsusiyyətləri əhəmiyyətli dərəcədə ağız boşluğunun gigiyenik statusundan asılıdır. Ağız boşluğundakı vəziyyətin qeyri-qənaətbəxş halda olması nəticəsində yumşaq diş ərpi və diş yastıqcığı əmələ gəlir, bunlar isə mikroorqanizmlərin çoxalması və inkişafına şərait yaradır və beləliklə də parodont xəstəlikləri meydana çıxır.

Parodont xəstəlikləri, R. M. Məmmədov, B. M. Həmzəyev

loading...

Bunuda oxu...