AĞCİYƏR VƏ PERİFERİK AĞCİYƏR XƏRÇƏNGİ

Ağciyər xərçəngi, ağciyər toxumalarındakı hüceyrələrin nəzarətsiz  olaraq artıb  çoxaldığı bir xəstəlikdir. Bu qeyri-normal çoxalma, hüceyrələrin ətrafdakı toxumaları zəbt etmələri və ya ağciyər xaricindəki orqanlara yayılmaları ilə  nəticələnə bilər.  ÜST-ın hesabatına görə ağciyər xərçəngi bütün dünyada xərçəng növləri arasında, kişilərdə ən tez ölümə səbəb olan birinci, qadınlarda isə ikinci xərçəng növüdür və bütün dünyada hər il təxminən 1,3 milyon ölümə səbəb olur.

Ağciyər xərçənginin makroskopik olaraq endobronxial və peribronxial; mikroskopik  olaraq yastı epitelli xərçəng, adenokarsinoma, qarışıq xərçəng, diferensiasiya etməmiş  xərçəng; topoqrafiyasından asılı olaraq 3 forması vardır: mərkəzi xərçəng, periferik xərçəng və qarışıq xərçəng.

Periferik xərçəng seqmentar bronxların ikinci yarısından, onların şaxələrindən,  bronxiollardan və alveollardan inkişaf edən xərçəngə deyilir. Ağciyər xərçənglərinin təxminən 50%-ini təşkil edir. Histogenezinə görə ən çox  vəz epitelli (adenokarsinoma),  bəzən isə yastı epitelli və ya diferensiasiya etməmiş xərçəng olur.

loading...

Uzun müddət latent gedişə malik olur,heç bir kliniki əlamət vermir. Şiş prosesi visseral plevraya sirayət edərək müxtəlif xarakterli plevritlər törədir. Mərkəzi xərçəngdən fərqli olaraq periferik xərçəng zamanı hematogen yolla baş verən metastazlar daha çox üstünlük təşkil edir.

Ağciyər xərçəng meydana gəlməsinin bir çox səbəbləri vardır.  Aşağıdakı hallarda xərçəng olma riski artır.

Siqaret ağciyər xərçənginə səbəb olan faktorlar arasında birinci yeri tutur. Tütündəki zərərli maddələr ağciyər hüceyrələrinə zərər yetirir və müəyyən müddətdən sonra bu zərərli təsirlər hüceyrələrdə xərçəngə səbəb ola bilər. Vərəm kimi bəzi ağciyər xəstəlikləri də xərçəng olma riskini artırır.

Belə müşahidə olunmuşdur ki, ağciyərin vərəm keçirmiş nahiyələri xərçəngə daha meyllidir. Xərçəngə səbəb ola biləcək riskli peşələrə misal olaraq izolyasiya və liman işçiləri, baca təmizləyicilər, plastik sənaye işçiləri, mədən və qaynaq işçiləri, yuyucu toz istehsalçıları, şüşə keramika, boya, polad işçiləri və s. göstərmək olar.

Ağciyər xərçənginin diaqnozu və müxtəlif mərhələlərini müəyyənləşdirmək məqsədi ilə biopsiya, ağciyər rentgeni, angiopulmonaqrafiya, KT, MRT, sümüklərin sintiqrafiyası, beyinin komputer tomoqrafiyası ilə yanaşı bronxoskopiya və mediastinoskopiya, limfa vəzlərindən biopsiya materialı alınması kimi metodlardan istifadə olunur.

Sintiqrafiya xərçəngin sümüyə yayılıb-yayılmamasını göstərir. Bu zaman müəyyən miqdarda radioaktiv maddə qan dövranına yeridilir və bu maddə qeyri-normal sümük inkişafı olan nahiyədə toplanır. Daha sonra bu sahələrdəki radioaktiv maddənin səviyyəsi xüsusi bir cihazla ölçülür və rentgen kağızına yazılır. Sümük və beyinin müayinə edilməsi ona görədir ki, ağciyər xərçəngi əksər hallarda sümüklərə və beyinə metastaz verir.

Ağciyər xərçənginin diaqnozunun qoyulmasında rentgenoloji müayinə metodlarının böyük həlledici rolu vardır. Periferik ağciyər xərçəngi zamanı rentgenoloji müayinədə şişin yerləşdiyi nahiyədə şar şəkilli, kənarları girintili-çıxıntılı tünd kölgəlik aşkar edilir.

Bəzi hallarda şiş toxumasından ağciyərin kökünə doğru uzanan  xətvari  kölgəliyə də rast gəlinir. Dinamiki rentgenoloji müayinədə tədricən  kölgəliyin böyüməsini və ağciyərin böyük bir sahəsini tutmasını görmək olar.  Xəstəliyin son dövründə onun parçalanması,  dağılması, xüsusən tomoqramda daha aydın görünür.

Ağciyər xərçəngi zamanı istifadə olunan metodlardan biri də flyuroqrafiyadır.  Flyuoroqrafiya metodu ekran üzərində alınan rentgenoloji təsvirin kiçildilmiş halda plyonkaya köçürülməsidir. Bu metodda ağciyərlərdə əmələ gələn çox kiçik törəmələri belə aşkar etmək mümkündür.

Əlbəttə  ki, təkcə rentgenoloji müayinələrə əsasən ağciyər  xərçənginin diaqnozunun qoyulması mümkün deyildir.

loading...

Bunuda oxu...